“Hikmət Həsənov dedi ki, səni kanala ataram”
“Tərtər hadisələri” zamanı – 2017-ci ilin may-iyun aylarında ermənilərə casusluq etməkdə günahlandırılan hərbçilərdən bir-birinin və özlərinin əleyhinə ifadə almaq üçün onlara işgəncə verməkdə ittiham olunanların işi bir neçə qrupa bölünüb. Onlardan 4 nəfərlik qrupun – N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı-müddətdən artıq xidmət edən (MAXE) əsgərlər Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsi davam edir.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin idarə etdiyi məhkəmə prosesində hazırda zərərçəkənlərin ifadələri dinlənilir. Adları çəkilən 4 nəfərə münasibətdə 192 nəfər zərərçəkmiş qismində tanınıb ki, onlardan da 7 nəfəri işgəncə nəticəsində həyatını itirib. Həmin şəxslərin ailə üzvləri onların hüquqi varisi qismində məhkəmə prosesində iştirak edib. Onlardan üçü budəfəki məhkəmə iclasında ifadə veriblər.
“Mənə Hikmət Həsənov, əmr verənlər lazımdır”
Mərhum baş leytenant Təmkin Quliyevin atası Nizami Quliyev ifadəsində bildirib ki, 2017-ci il mayın 15-də oğlunun meyitini gətirənlər heç onun gəlib çıxmasını gözləmədən, tələsik dəfn ediblər. Onlara isə övladının pnevmaniyadan vəfat etdiyini deyiblər. Onun sözlərinə görə, 2022-ci ildə eksqumasiya (məzarın açılması) nəticəsində övladının işgəncədən öldüyü ortaya çıxıb. Ekspertiza fəqərələr, baş, əl və ayaq nahiyələrində xəsarətlər müəyyən edib:
“Məhkəmə zalında olan bu zərərçəkənlərə necə işgəncə verilibsə, oğluma da elə işgəncə verilib. Oğlumla bağlı bizə göndərilən məktubların birində yazılmışdı ki, guya təcridxanada keçinib, birində də yazılmışdı ki, xəstəxananın reanimasiya şöbəsində”.
Nizami Quliyev oğlu da daxil olmaqla, hərbçilərə işgəncə verməklə, onların ölümünə səbəb olan şəxslərə qəsdən adam öldürmə, dövlətə xəyanət maddələrilə ittiham irəli sürülməsini istəyib.
Tərtər hadisələri zamanı həyatını itirmiş manqa komandiri Süleyman Kazımovun həyat yoldaşı Zülfiyyə Kazımova da məhkəmədə ifadə verib. O, işgəncələrdə rolu olan yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib:
“Mənə Hikmət Həsənov, əmr verənlər lazımdır. Bir dəfə Hikmət Həsənov istintaqa, məhkəməyə çağrılmadı, niyə?”.
Həyat yoldaşının ölüm xəbərini mayın 9-da aldıqlarını deyən Zülfiyyə Kazımovanın sözlərinə görə, öncə onlara Süleyman Kazımovun şəhid olduğunu bildiriblər. Daha sonra onun qəzada öldüyünü deyiblər:
“Meyiti gətirənlər arasında Babək Səmidli (2020-ci ilin noyabrında mina partlayışı nəticəsində həlak olan polkovnik) də vardı. O, bizə boş kağıza imza atdırmaq istəyirdi. Bu gün ittiham olunanlar erməni ilə üz-üzə dayananlar olub. Ona cəsarətiniz çatırdı, amma birinizin cəsarətiniz çatmır ki, əmr verənlərin adını deyəsiz? Güllədən qorxmurdunuz, Hikmət Həsənovdan qorxursunuz?”.
Zülfiyyə Kazımova yada salıb ki, həyat yoldaşıyla ölüm xəbərindən təxminən bir həftə əvvəl danışmışdı. Həmin vaxt o, Goranboyda xidmət edirdi.
“Bizim serebral iflic uşağımız var, zəng edib ondan xəbər bilirdi. Ondan sonra xəbərim olmadı. Meyiti də bizə göstərmədilər. Onu toka veriblər, suda boğublar, döyüblər. Mayın 4-də aparıblar, 7-də dünyasını dəyişib”.
Süleyman Kazımovun qardaşı Əhəd Kazımov deyir ki, qardaşının meyitini onlara vermək istəmirdilər. Meyiti gətirənlər özləri dəfn etməyə çalışırdılar:
“Meyiti bizə çətinliklə verdilər”.
“Zakir Qaralov dedi ki, yanımda yüksək vəzifəli məmurların adını çəkmə”
İşgəncə nəticəsində həyatını itirən, öncə dövlətə xəyanətdə ittiham olunub, “Tərtər işi” üzrə icraat yenilənəndən sonra bəraət almış Elçin Quliyevin anası Validə Əhmədovanın sözlərinə görə, oğlu mayın 3-də sonuncu dəfə telefon zəngi ilə əmisigildən çıxıb. Bir də mayın 8-də atası və əmisigili icra hakimiyyətinə çağırıb, onlara Elçin Quliyevin öldüyünü xəbər veriblər. Üstəlik, onun “vətən xaini” olduğunu deyiblər:
“İcra hakimiyyətində Babək Səmidli, icra başçısının özü, Abdulla Qurbani və başqaları olub. Guya oğlum 2016-cı ilin aprel döyüşlərində sürdüyü yemək maşınına narkotik töküb ki, hərbçilər yatsın. Qaynım deyib ki, yalan danışmayın, heç onda Elçin yemək maşını sürmürdü, məzuniyyətdə idi. Həmin gün həyat yoldaşım gəlib mənə deməmişdi oğlumun ölümünü. Ertəsi gün səhər tezdən bir qohumun ölümü adıyla məni qəbiristanlığa apardılar. Dedilər ki, meyiti gətirənlər arasında Elçin də olacaq, onu da görərsən. Çünki neçə gün idi Elçin evə gəlmirdi, nigaran idim. Orada meyiti gətirəndə yoldaşım yaxınlaşıb mənə dedi. Onda bildim ki, gələn oğlumun meyitidir…”.
Validə Əhmədova deyir ki, o dövrdə oğlunun “vətən xaini” olduğunu iddia edərək, başsağlığı üçün onun yas mərasiminə gələnlərə də maneə yaradırlarmış. Onun sözlərinə görə, oğlunu yaxşı tanıyırdı, Elçin Quliyevin belə bir hərəkət etmədiyinə əmin idi. Bu üzdən həqiqətin ortaya çıxması üçün araşdırmalara başlayıb:
“Onun axtarışındaydım ki, uşağımın başına nə gəlib? Bəlkə Babək Səmidlinin qəbulunda 10 dəfə olmuşdum. Məni aldatdı, aldatdı, axırda da uşağımı “vətən xaini” adlandırdı. Tərtər məhkəməsinin sədri İlqar Quliyev də uzun müddət aldatdı ki, araşdırma gedir. Həftədə neçə dəfə teleqram, məktub göndərirdim. Zakir Qaralov rayona gəlmişdi, qəbuluna girdim. Mənə dedi ki, yanımda yüksək vəzifəli məmurların adını çəkmə. Başladım o hadisələrdə kimlər olubsa, onlarla görüşməyə, danışmağa, məlumat toplamağa”.
Validə Əhmədova vurğulayıb ki, oğluna birbaşa işgəncə verən hərbçilər – Sənan Maşıyev, Ruslan Mikayılov, Elçin Əliyev, Polad Əzizov, Cavid Ağadadaşov və digərlərilə yanaşı, Hərbi Prokurorluğun rəhbərliyi də birbaşa məsuliyyət daşıyır. Çünki Hərbi Prokurorluqda cinayət işi başlanıb, onun əsasında etiraf ifadələri alınması üçün insanlara işgəncələr verilib:
“Mayın 3-də cinayət işi başlayandan sonra bu ölümlər baş verib. Xanlar Vəliyev, Şəfahət İmranov cavab verməlidir. Mənim oğlumla bağlı qərara Şəfahət İmranov imza atıb. Mənim oğlumu öldürənlər icraçılardan əlavə həm də Teymur Məmmədov, Hikmət Həsənov olub. Öldürtdürən isə Şəfahət İmranov…”.
Məhkəmə qarşısında dayanan 4 nəfər təqsirləndirilən şəxsdən yalnız MAXE Rüstəm Ələsgərova ölən şəxslərlə bağlı ittiham verilib. Validə Əhmədova ondan oğlu ilə nə əlaqəsi olduğunu soruşub. O bildirib ki, ümumiyyətlə, Elçin Quliyevi tanımır və işgəncələrdə də iştirak etməyib.
“Mən mayın 1-də və 2-də orada mühafizədə olmuşam. Heç içəridə də olmamışam. İçəri girməyə ixtiyarım da yox idi. Bunlar götürüb ölənlərin hamısını qoyublar mənim üstümə. Bunların heç birinin mənə aidiyyəti yoxdur. Adamı, “butılka” ilə zorladığı yerdə şəkli olan var, bu dəqiqə əli cibində rahat gəzir, onu tutmurlar, mənim bu işlərə heç bir aidiyyətim yoxdur, məni tuturlar. Məni önəmli fiqur eləyib atıblar ortaya. Burada mənim yerimə Teymur Məmmədov oturmalıdır”, – Rüstəm Ələsgərov Validə Əhmədovaya cavab verib.
“Tikanlı məftillərlə məni döyürdülər, dişlərimə, qulaqlarıma tok verirdilər”
Daha sonra məhkəmədə digər zərərçəkmişlər dindirilib. 26 yaşlı gizir Tural Məmmədov bildirib ki, o dövrdə əsgər kimi xidmət edirdi. Postda olarkən maskalı şəxslər gəlib onları aparıblar:
“Bizi tikanlı məftillərlə döyürdülər, suda boğurdular. Dişlərimə, qulaqlarıma tok verirdilər. Ya gərək, “vətən xainiyəm” deyib boynuna götürəydin, canın qurtaraydı, onda da biabır olaydın, ya da…”.
Tural Məmmədovun sözlərinə görə, başlarına gələnlərdən sonra pozulmuş hüquqlarını tələb etməyə də qorxublar..
Zərərçəkmiş Rəcəb Teymurov korpus komandiri, general Hikmət Həsənov tərəfindən təhqir olunduğunu, onun gözü qarşısında işgəncəyə məruz qaldığını bildirib:
“Onun gözünün qabağında dörd nəfər qaldırırdı, çırpırdı yerə. Fuad Ağayev şilləni elə vurdu ki, beynim silkələndi”.
Zərərçəkmiş Zamin Yusifov da şəxsən general Hikmət Həsənov tərəfindən təhqir olunduğunu, onun göstərişiylə işgəncəyə məruz qaldığını bildirib:
“Hikmət Həsənov məni təhqir elədi. Komanda verdi ki, bunu danışdırın. And-aman elədim ki, mən heç nə eləməmişəm, casusluq nədi? Döyürdülər, üstümə su töküb toka verirdilər, zülm eləyirdilər. Elə işgəncələr olub ki, özümdən getmişəm. Sifətimdə, bədənimdə salamat yer yox idi. Mehman Hüseynov (ölən şəxslərdən biri) can verəndə də onu döyürdülər”.
“Hikmət Həsənov dedi ki, göndərəcəyik minalı sahəyə…”
Daha bir zərərçəkmiş Vaqif Abdullayev deyir ki, general Hikmət Həsənov ermənilərə casusluğu üzərinə götürməyənləri minalı sahəyə göndərməklə hədələyirdi:
“Hikmət Həsənov demişdi ki, kim boynuna almasa xəyanəti, minalı sahəyə göndərəcəyik onu. Məni Mingəçevirdəki hərbi hissəyə gətirəndə Hikmət Həsənov əmr verdi ki, qəfəsə salsınlar. Göstəriş verdi ki, mən sözlərinə baxmasam, güllələsinlər. Dedi ki, lazım olsa, səni Qarabağ kanalına ataram, iki MAXE-ni də şahid göstərib deyərəm ki, xain idi, özünü öldürdü”.
Sonradan məhkəmədə dindirilən bir neçə başqa zərərçəkmiş də onun kanala atmaq hədəsi haqda söylədiklərini təsdiqləyib.
Vaqif Abdullayev general Hikmət Həsənov və başqa vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının vacib olduğunu vurğulayıb. O əlavə edib ki, əks halda, “Tərtər işi” üzrə obyektiv araşdırmadan danışmağa dəyməz:
“Müdafiə naziri, Xanlar Vəliyev, Hikmət Həsənov bura gəlməlidir. MAXE Qarayev kimdir ki, məni tutub aparıb işgəncə verəydi?Altı ildir bu işlərin üstü niyə tam açılmır? Bəlkə Hikmət Həsənov da icraçıdır. Onlar tutulana qədər bu işlər tam açılmayacaq”.
Zərərçəkmiş Mərhəmət Rəcəbli ifadəsində bildirib ki, postda olan polkovnik Vüsal Ələsgərov gələrək, onun ağzına silah dirəyib, əllərini bağlayıb, işgəncə verməyə aparıblar:
“Gözlərimi və əllərimi bağladılar, dizüstə oturtdular. Plastik boru ilə döyürdülər. Cinsiyyət orqanıma qədər tok veriblər. Dırnaqlarımı çıxarıblar. Siqareti üstümdə söndürüblər. Biləcəridə hərbi polisdə də döyülmüşəm. Bu dünyada da, o dünyada da iki əlim Vüsal Ələsgərovun yaxasında olacaq”.
Zərərçəkmişlərin səsləndirdiyi ittihamlara təqsirləndirilən şəxslər heç bir münasibət bildirməyiblər. Zərərçəkmişlər ifadələrində daha çox Vüsal Ələsgərovu ittiham edir, ondan şikayətçi olduqlarını bildirirlər.
Adları çəkilən dörd nəfərin işi üzrə məhkəmə araşdırmaları davam edir.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.
İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.
İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.