“Terrorist” klişesi ilə damğalanıb…

Gənclərimiz İŞİD-ə qoşulur…

Source:

Soyuq müharibənin məlum nəticələrinin Qərbdə yaratdığı böyük sevinclə bərabər, müəyyən sualları da ortaya çıxardı. Yenicə müstəqilliyini qazanmış post-sovet ölkələrinin xalqları kimlik arayışına çıxdılar, böyük millət, dünya xalqı olduqlarını təsdiqləməyə girişdilər, yenicə qurtulmuş olduqları dövlət özünü solun qalası olaraq təqdim edirdi deyə, daha çox sağa sürüşdülər və özlərini oralarda tapmağa çalışdılar. Azərbaycanda da dövrdə nasional-kapitalizmin hakimiyyətə gəlməsini bir növ tarixi inkişafın məntiqi nəticəsi kimi dəyərləndirmək olar. Ölkədə müharibə gedirdi, vəziyyət çətin idi; müəyyən spekulyasiyalar və hərbi çevriliş nəticəsində kommunist olmayan keçmiş bir kommunist hakimiyyətə gəldi və adını hələ də qoya bilmədiyimiz bir sistem formalaşmağa başladı. Seçkilər elan olundu, Kərrar Əbilov ona rəqib oldu və çıxıb AZTV-də xalqa müraciət etdi ki, Heydər Əliyevə səs verin. İroniyanın piki isə sonuncunun təyyarəsi hava limanına enəndə camaatın qışqırığı “Heydər bəy!” şüarı idi. Əsl şedevrdir.

2003-cü ildə isə bu gün imdat dilədiyimiz, bəzi “narahat” dövlətlərin də köməyi ilə İlham Əliyev hakimiyyətə gəldi. Keçən dövrdə böyük işlər gördü və bunun nəticəsi olaraq, bu gün mükəmməl bir diktaturada yaşayırıq. Avropanın bəzi solyönümlü partiyalarından olan deputatları çıxmaq şərtilə Qərbin 100 qram kürüyə satılmış diplomatları İlham Əliyevin əlini sıxır. Ümumiyyətlə, bugün Qərbi Avropa ölkələrinə fikir versəniz, görərsiniz ki, harada solun yürüdülən siyasətə müəyyən təsirləri qalır, ora demokratiya indeksinə görə daha irəlidədir. Qalan yerlərdə isə Hitlerin yetimçələri daha sürətlə cücərməyə başlayır. ABŞ-ın adını çəkmirəm, çünki əgər bir ölkədə iqtidara iddialı cəmi 2 siyasi partiya (manyak sağ və biraz az manyak sağ varsa) və işçilərin hüquqlarını təmsil edən partiyanı son görənlər artıq həyatda yoxdursa orada siyasi plüralizmdən, yəni demokratiyadan danışmaq yersizdir. Kapitalizm üçün demokratiya siyasi yox, ancaq ictimai plüralizmdir – Lady Gagaya qulaq as, futbol oyna, Big Mac ye, nə istəyirsən elə, bura azad ölkədir, bro.

XIX və XX əsrin son rübünə qədər baş verən ayaqlanmaların və inqilabların lokomotivi və dabanı fəhlələr idi. Bugün bu funksiyanı əsasən tələbələr və gənclər öz üzərinə götürüblər. Məhz Azərbaycanı da götürsək bu tendensiya özünü ən bariz formada göstərir. Bəlkə hələ tam yox, amma belədirsə də – GƏL!R!K!

Milliyətçi dalğanın sürətlə böyüdüyü günümüz Azərbaycanın da mübarizənin ən ciddi problemlərindən biri sinif şüurunun yoxluğu, ya da çox kiçik sürətlə inkişaf etməsidir. Əgər bugün Qarabağın İlham Əliyevin hakimiyyəti altına keçməsi və rejimin gücünə güc qatması üçün ölümü gözə almaq rasionallıqla, sinifsiz, hökümətsiz gələcək ideyaları gülüşlə qarşılanırsa, bu, inqilabdan sonra formalaşacaq faşist burjuaziya diktaturası (“milliyətçi-kapitalist demokratiya”) şəraitində hamımızın “terrorist” klişesi ilə damğalanıb həbsxanalarda çürüyəcəyimizə gətirib çıxaracaq.

İş qolları üzrə həmkərlar ittifaqlarının, tələbə təşkilatlarının olmaması, avtoritarizmin gündən günə sərtləşdiyi, siyasi fəaliyyət üçün çox dar bir arenanın mövcudluğu danılmazdır. Lakin idealoji boşluğu doldurmaq cəhdlərindən irəli gələn, populist təbliğatın nəticəsi olan və inkişaf edən faşizm və fundamentalizm qorxudur. Gənclərimiz İŞİD-ə qoşulur, başqaları isə onları tənqid edir ki, gedin Kərkük türkmənləri tərəfdə vuruşun. “Azadlıq, bərabərlik, qardaşlıq” – bunlar boş sözlərdir, kimə lazımdır?

Hörmətli, tələbələr, gənclər, yoldaşlar! Bugün bizim qarşımızda bəlkə də tarixdə izinə rastlanmayan bir çox şeylə məhz eyni vaxtda mübarizə aparmaq dayanır. Diktaturaya, kapitalist ideyaya, faşizmə, dövlətə, funtamentalizmə, imperializmə və s. illərdir SSRİ ideal sosialist ölkə kimi, Stalin – ideal proletar kimi təqdim edildi və təbii ki, çox asanlıqla da tənqid olundu. Sosializmin özünü təşkil edən bəzi minimal tələblər var – işçilərin istehsalat üzərində nəzarəti, maaşlı əməyin ləğv olunması və s. Bu tələblərin heç birinə SSRİ-də nail olunmadı. SSRİ dövlət kapitalizmi hökm sürən ölkə idi və heç vaxt dövlət sosializminə keçilmədi. Nestor Maxnonun ordusuna qarşı hərbi əməliyyatlar, 1921-ci ildə Kronştadt dənizçilərinin qayaqlanmasına sərt müdaxilə, Fanya Baron və 8 yoldaşın 1921-ci ilin sentyabrında həbsxanada güllələnməsi və daha yüzlərlə yoldaşın təqibi, edamı ən əvvəldən bolşeviklərin özlərindən başqa heç kimi sosialist kimi, görmədiyini və adekvat olmayan reaksiyalara məruz qalacaqlarını göstərdi. İspaniya vətəndaş müharibəsində isə sosializmin düşməni olduğunu açıq-aşkar nümayiş etdirdi. (Anarxist) Saint-İmier İnternationalı 1873 Konqresində belə bir qərar çıxartmışdı: Proletariatın arzularının işləməyə və bərabərliyə söykənən və hər cür siyasi hökumətdən tam müstəqil, mütləq şəkildə azad bir iqtisadi təşkilatlanma və federasiyanın yaradılmasından başqa bir məqsədi ola bilməz və… belə bir təşkilatlanma ancaq proletariatın öz spontan aksiyaları, həmkarlar ittifaqları və özünüidarəyə sahib kommunaları vasitəsilə qurula bilər. Siyasi bir təşkilatlanma bir sinifin lehinə və kütlələrin əleyhinə olan bir hakimiyyətin təşkilatlanmasından başqa bir şey ola bilməz. Ploletariat iqtidarı ələ keçirsə, o da hakim, istismar edən bir sinifə çevriləcək… hər növ siyasi iqtidarın devrilməsi proletariatın ilk vəzifəsidir.

Bu idealları, dilimizdə şüar etməli, mübarizəmizin sinif mübarizəi olduğunu, sinifsiz, hökumətsiz, azad, plüralist cəmiyyət ideyasını təbliğ etməliyik. İşçilərin istehsalat üzərində nəzarəti, insanların öz həyatları üzərində nəzarətin özlərinə verilməsi, sıx şəkildə koordinasiya olunmuş federasiya və kommunalar, aşağıdan yuxarıya təşkilatlanmış cəmiyyət və ümumi cəmiyyətin problemlərinin yuxarıdan aşağıya yox, məhz aşağıdan yuxarıya qəbul olunan qərarlarla həll edilməsi, dövlətin sırıdığı populist mədəniyyətə uyğun yox, məhz həqiqi plüralist və deməli azad cəmiyyət.

İnqilabımız bütün dünyaya örnək olacaq və xalqların azadlıq uğrunda mübarizələri üçün lokomotiv rolunu oynayacaq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim Fikrimcə“Terrorist” klişesi ilə damğalanıb…