Ermənistanın sabiq prezidenti Ermənistanda siyasi qüvvələrin müharibədən sonrakı ritorikasının yeni itkilər və peşmançılıqlarla nəticələnə biləcəyindən şikayətlənir
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan
bəyan edib
ki, Qarabağdakı 44 günlük müharibədə baş vermiş məğlubiyyətə görə təkcə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan məsuliyyət daşımır. O, Paşinyanın sələflərini də bu məğlubiyyətdə iştirak etməkdə günahlandırıb. Söhbət məqsədləri Paşinyanı kənarlaşdırmaq olan, bir neçə ay əvvəl “Vətənin xilası üzrə hərəkat” yaratmış qüvvələrdən gedir.
Eks-prezidentin “iLur.am” saytında dərc olunan bəyanatında deyilir ki, Paşinyanın opponentləri onu məğlubiyyətdə günahlandırarkən həqiqətin yarısını səsləndirmiş olurlar – müxalifət etiraf etmək istəmir ki, Paşinyan onun əlaltısı, onun yetişdirməsidir. Ter-Petrosyanın sözlərinə görə, 1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatı (bu hərəkata birinci prezident rəhbərlik edib – red) müstəsna olmaqla, Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ probleminin ölkə üçün əlverişli və layiqli şərtlərlə həlli yolunda edilən bütün cəhdləri və təşəbbüsləri davamlı olaraq pozub. Bu qüvvələr Qarabağdakı status-kvonun qorunub saxlanması siyasətini əldə rəhbər tutub və hər hansı bir kompromis varianta qol qoymayıb. Nəticədə ölkəni elə bir fəlakətə sürükləyib ki, həmin fəlakətdə bu gün təkcə Paşinyanı ittiham edir.
“O ki qaldı erməni xalqına, – hazırda bütün bu qüvvələr lazım gələndə onun adından çıxış edir, fikirlərinin qəbul edilmədiyi halda isə elə həmin xalqı cahillikdə və etinasızlıqda günahlandırır, – birdəfəlik anlamaq lazımdır ki, aqibətimiz olmuş bu fəlakətdə onun heç bir günahı yoxdur. Xalqımız qarşısında yalnız baş əyməliyik. O, Arsaxın (Qarabağ) azad olunması uğrunda çox böyük qurbanlar verib…”, – birinci prezident qeyd edir.
O həmçinin hesab edir ki, hakimiyyətin və siyasi çevrələrin tənqidinə rəğmən, məlubiyyətdə erməni ordusunun da günahı yoxdur. Hakimiyyətin cinayətkar siyasəti nəticəsində ordu şəxsi tərkibinin və müasir silahların sayına görə özündən qat-qat üstün olan düşmənlə vuruşmalı olub. Ordu Vətən qarşısında borcunu sonadək yerinə yetirib, Ter-Petrosyan hesab edir.
Eks-prezident əmindir – Ermənistan siyasi düşüncənin qıtlığı və infantilliyi üzündən Azərbaycana deyil, özünə məğlub olub.
O, təəssüf hissi ilə qeyd edir ki, Ermənistanda və diasporada günü bu gün də məğlubiyyətdən heç bir nəticə çıxarılmayıb. Müharibədən sonrakı ritorika yenə də ətraf dünyaya mənasız ümid bəsləyir, Türkiyə və Azərbaycanın ünvanına boş-boş hədə-qorxular yağdırır. Ter-Petrosyan seçkiöncəsi kampaniya zamanı bu tendensiyanın bir az da güclənəcəyinə zərrə qədər də şübhə etmir. Bu isə vəziyyəti daha da ağırlaşdıracaq və nəticədə erməni xalqını yeni itkilər, yeni peşmançılıqlar gözləyəcək.
İyunun 20-də Ermənistanda Milli Məclisə növbədənkənar seçkilər planlaşdırılır. Bu seçkilərdə birinci prezidentin rəhbərlik etdiyi Erməni Milli Konqresi də iştirak edəcək.