Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasından şikayətçidir

Onlar həftədə bir dəfə sovqat almalarından və televizora baxa bilməmələrindən narazılıq edirlər

Source:


Onlar həftədə bir dəfə sovqat almalarından və televizora baxa bilməmələrindən narazılıq edirlər


Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslərin bəzisi  saxlanılma şəraitlərindən narazılıq edir. Bu haqda “Meydan Tv” yə vəkil Fariz Namazlı məlumat verib:

“Orada qayda belədir ki, təqsirləndirilən şəxslər həftədə bir dəfə sovqat ala bilərlər. İndi havalar istidir və soyuducular işləmir deyə,  gətirilən yeməklər qalıb köhnəlir. Təcridxana yeməkləri isə keyfiyyətsiz olduğundan, saxlanılanlar yalnız evdən gətirilən yeməkləri yeyirlər. Çox nadir adam ola bilər ki, təcridxana yeməyi yesin. Buna görə də təqsirləndirilən şəxslərdə onlara həftədə yalnız  1 dəfə yemək gətirilməsinə icazə verilməsinə müəyyən narazılıq yaranıb”.


Vəkil həmçinin bildirib ki,  saxlanılan şəxslərin başqa bir şikayəti də televizora baxmaqla bağlıdır: “

Bildiyiniz kimi, dünya çempionatı başlayır. Saxlanılan şəxslərin də əksəriyyəti futbola baxan adamlardır. Təcridxanada isə gecə saat 12-dən sonra televizorlar söndürülür. Oyunlar da  gecə saat 3-ə qədər olduğuna görə, təqsirləndirilən şəxslər xahiş edirlər ki, Şüvəlan təcridxanasında olduğu kimi, onlara da Bakı İstintaq Təcridxanasında saat 12-dən sonra televizora baxmağa icazə verilsin”.


Penitensiar Xidmətin İctimayyətlə Əlaqələr şöbəsindən “Meydan Tv”yə məsələ ilə bağlı  bildiriblər ki, təqsirləndirilən şəxslərin etirazı əsassızdır: ““Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.10-cu maddəsinə əsasən, həbs olunmuş şəxslər bağlama, sovqat və banderol almaq hüququna malikdirlər. Qanunun 25.1-ci maddəsinə görə isə bu hüquqdan həbs edilmiş şəxslər həftədə bir dəfə istifadə bilərlər. Birinci və ikinci qrup əlililər, hamilə qadınlar, ağır xəstəlikdən əziyyət çəkənlər, yanında 3 yaşınadək uşağı olan qadınlar və eləcə də yetkinlik yaşına çatmayanlar say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol ala bilərlər.  Penitensiar xidmətin tabeliyindəki bütün istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin bağlama, sovqat və banderol almaq hüququ bu Qanunun tələblərinə uyğun həyata keçirilir. Çox təəssüf ki, vəkil Fariz Namazlı qanunun bu tələblərindən xəbərsizdir”.


Televizora baxmaqla bağlı narazılığa gəlincə, şöbədən bildirdilər ki, həbs yerlərində saxlanılan şəxslərin televiziya verilişlərinə tamaşa etmələri, istintaq təcridxanalarının Daxili İntizam Qaydaları ilə müəyyənləşdirilir: “Belə ki, qaydalara əsasən televiziya verilişlərinə baxış gün bölgüsü müəyyən edilmiş yatma vaxtınadək mümkündür. Yəni, yatma vaxtında sonra istintaq təcridxanasında saxlanılan şəxslərin televiziyaya baxmaları qeyri-mümkündür. 3 saylı İstintaq təcridxanasında yuxu vaxtı məhkumlara televiziyaya baxılmasına  icazə verilməsi barədə deyilənlərin isə heç bir əsası yoxdur”.

Ana səhifəXəbərlərTəqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasından şikayətçidir