Şahidlər arasında icra hakimiyyəti başçısı da var
Sentyabrın 8-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə bölgə müxbiri kimi əməkdaşlıq edən Elçin İsmayıllının məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda zərərçəkmiş qismində tanınan İlqar Qəribov dindirilib. O, E.İsmayıllının ondan pul tələb etmədiyini deyib.
İş üzrə şahidlərdən biri də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdur. O, ibtidai istintaqda dindirilib və adı da ittiham tərəfinin şahidləri siyahısına daxil edilib. İclasda vəkillər başçının məhkəmədə də dindirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.
E.İsmayıllı isə AXCP sədri Əli Kərimlinin məhkəmədə əlavə şahid kimi dindirilməsi haqda vəsatət qaldırıb:
“İttihamda Əli Kərimlinin adı çəkilir. Guya mən onun göstərişi ilə hərəkət eləmişəm. Mənim Əli Kərimli ilə heç bir əlaqəm olmayıb, onu yalnız partiyanın iclaslarında görmüşəm”.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Daha sonra əməliyyat zamanı lentə alınmış görüntülərə baxılıb. Vəkillər Elçin Sadıqov və İslam İsmayılov videonun montaj olunduğunu, iş üzrə zərərçəkmiş – Mədəniyyət və Turizm idarəsinin keçmiş rəhbəri Azər Abbasovun danışıqlarının kəsildiyini bildiriblər. Müdafiəçilər deyiblər ki, montaj olunmuş video sübut sayıla bilməz. Ona görə də sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. İclasda prokuror çıxış edib və jurnalistin 3 il müəyyən vəzifə tutması qadağan olunmaqla, 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 15-ə davam edəcək.
Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir.