Təqsirləndirilən şəxs: Arif Alışanovla biznesimiz olub, yaxşı pul qazanmışıq

”Arif Alışanovun milyonluq əmlakları etibarnamə ilə sürücüsünə həvalə olunub”

Source:


”Arif Alışanovun milyonluq əmlakları etibarnamə ilə sürücüsünə həvalə olunub”

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhd etməkdə təqsirləndirilən Şücayət Əkbərovun nədə ittiham edildiyi məlum olub.

İttiham aktına görə, Şücayət Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində Arif Alışanovun külli miqdarda özgə əmlakını ələ keçirməkdə və ona qarşı sui-qəsd hazırlamaq barədə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.

Bildirilir ki, Şücayət Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədi ilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçalı Cəbiyev və Zöhrab  Şirinov ilə birlikdə Arif Alışanovu dələduzluq cinayət əməlini gizlətmək üçün tamah niyyəti ilə və sifarişlə qəsdən öldürmək barədə razılığa gəlib. Onlar mütəşəkkil dəstədə birləşərək, törədiləcək cinayət əməlinin planını hazırlayıb vaxtını, yerini üsulunu, dəstə üzvlərinə ödəniləcək pul vəsaitinin məbləğlərini müəyyənləşdirməklə, həmçinin onları silah və patronla təchiz etməklə mütəşəkkil dəstəyə rəhbərliyi həyata keçirib. Şücayət Əkbərov buna görə dəstə üzvlərinə 600 min manat pul vəd verib.

İttihama görə, Şücayət Əkbərov 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Əlışanovanı və sürücüsü Hacı Babayevi qəsdən öldürməsini sifariş edib. Lakin sonradan dəstə üzvü M.Namazov cinayətdən könüllü imtina edib.

Bundan sonra Ş.Əkbərov 2016-cı ilin dekabr ayında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yeni tapşırıq verib. Q.Cəbiyev isə əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Cəfərov Dəyanət Vidadi oğlununn içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota land Cruiser” avtomaşını Çuxuryurd- Şamaxı Şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumat verib.

A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, onun idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb. Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

Daha sonra, o, qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini təşkil edən ümumilikdə 3 min manat pul vəsaitini 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi olan dövr ərzində müxtəlif tarixlərdə hissə-hissə Z.Şirinova verib. Ş.Əkbərov 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib. Yenə onların istəkləri baş tutmatıb.

Ş.Əkbərov sürücüsü Hüseynov Aqşin Tarix oğlu və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə cinayətin aləti olan “AKS-74U Kalaşnikov” avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

Daha sonra M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs-qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərova və digər təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd),  178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham olunub.

Şücayət Əkbərov isə ifadəsində göstərib ki, o, ehtimal edilən cinayət əməlini törətməyib:

“Bu ittihamlar qərəzli, sifarişli olmaqla onun əmlakını ələ keçirmək məqsədilə Arif Alışanov və sürücüsü Hacı Babayev və Müsabi Namazov tərəfindən təşkil edilib. Hacı Babayev məni Arif Alışanovun gözündən salıb onun biznesindən kənarlaşdırmaq və bu biznesdə əsas adam olmaq məsədilə süni surətdə M.Namazovla birlikdə bu cinayət hadisəsini quraşdırıblar. Hacı Babayev tərəfindən quraşdırılmış cinayətdə  M.Namazov əsas iştirakçı və təhrikçidir. Hər iki şəxs çox asanlıqla istintaq orqanını və A.Alışanovu aldadıblar.

Alışanovla yaxşı münasibətim olub. Biznes əlaqəsində olub və yaxşı pul qazanmışıq. Alışanovun ölümü ilə mən bu gəlirdən məhrum olurdum. Alışanov milyonlarla dəyəri olan bütün əmlaklarını etibarnamə və çıxarışlarla Hacı Babayevə həvalə edib. Heç biri mənim adıma olmayıb. Arif Alışanovun ölümü ilə onun aldığı əmlakların hamısı Hacı Babayevin mülküyyətində qalmış olurdu”.

Ş. Əkbərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəməyə müraciət edib. Lakin məhkəmə bunu təmin etməyib.

Arif Alışanov 2006-cı ildən Azərbaycan Televisiyası Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir.

Ana səhifəXəbərlərTəqsirləndirilən şəxs: Arif Alışanovla biznesimiz olub, yaxşı pul qazanmışıq