Aynurə Osmanova acınacaqlı şəraitdə yaşadığını deyir
Göyçayın Bığır kənd sakini, tənha ana Aynurə Osmanova həyat yoldaşı 58 yaşlı Raqif Məmmədovun həbsdən azad olunmasını istəyir.
Aynurə Osmanova bir müddət bundan öncə də həyat yoldaşının həbsi ilə bağlı Meydan TV-yə danışmışdı.
O, dövlət qurumlarına çağırış edərək həyat yoldaşının azad olunmasına yardım istəmişdi.
“Bir neçə adamın ölümünə cəhd maddəsi ilə ittiham edilmək haqsızlıqdır”
Osmanova deyir ki, həyat yoldaşı 15 may 2016-cı ildə birgə yaşadıqları Alıkənd kəndində evin həyətinə icazəsiz daxil olan şəxslərə müqavimət göstərib.
Ailəsini və özünü qorumaq məqsədilə qonşusu Nurlan Məmmədova bud nayihəsindən yüngül xəsarət yetirib.
Yaralını dərhal xəstəxanaya çatdırıb həyatını xilas etsə də, özü Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.4-cü və 120.2.7-ci maddələrinə əsasən, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkumluğun tam yarısı bitdiyindən Aynurə Osmanova həyat yoldaşının bu ilin martında gözlənilən əfv sərəncamına düşməsini istəyir.
“Biz də bu dövlətin vətəndaşıyıq. Dövlət vətəndaşın hüquqlarını qoruyur deyirlər. Hanı o hüquqlar? Ağır cinayət törədənlər, dövləti talayanlar azadlıqdadır. Mənim həyat yoldaşım bir xəsarətə görə 15 illik həbs həyatına məhkumdur. Bu dəfə müraciətimə vicdanla baxılsın, araşdırılsın. Sentyabrdan müraciət edirəm. Ölkə başçısından həyat yoldaşıma əfv istəyirəm. Haqq-ədalət istəyirəm”, – deyə o dəfələrlə müraciət etdiyini xatırladıb.
Onun sözlərinə görə, həyat yoldaşı həyatda da, həbsxanada da nümunəvi, çalışqan, mədəni şəxs olub və bu onun ilk məhkumluğudur:
“Təmiz, ləyaqətli, cəmiyyətə yararlı adamdır. O, Rusiya vətəndaşıdır. Kəndə yeni gəlmişdik. Zəhməti ilə qısa müddətə kənddə çox iş gördü, qohum əqrabasına kömək oldu. Ot üstündə üç nəfər üstünə, həyətinə hücum edib deyə atasının saxladığı silahla bizi müdafiə məqsədilə ayaq nahiyəsindən atəş açıb. Ölüm faktı yox, hadisə yerindən bir giliz tapılıb. Hadisə şahidi sürücünü belə qorxutdular deyə şahidlik etmədi. Sonradan dedi ki, düzünü desəydim, mənim evimi yandırardılar, qorxuram. Onlar mənim həyat yoldaşımı döyüblər, təhqir ediblər, üstünə növbəti hücum çəkəndə bu hadisə baş verib. Demirəm ki, günahı yoxdur, ancaq bir və bir neçə adamın ölümünə cəhd maddəsi ilə ittiham edilmək haqsızlıqdır. Bir yaraya dörd tikiş alıb beş gün xəstəxanada yatıb. Yeddi il yarım da mənim həyat yoldaşım həbsxanadadır”.
“40 min manatdan çox pul istədilər…”
O qeyd edib ki, məhkəməyə rüşvət verilmədiyinə görə, həyat yoldaşına ağır cəza verilib:
“Pul verilmədi deyə iş 8 ay yubadıldı. 40 min manatdan çox pul istədilər, verilmədi deyə iki maddəni də üstünə gəlib həbs etdilər. Hakim və müstəntiqlər burada məcburiyyət qarşısında qalmanı, yetirilən xəsarətin yüngül olmasını, hadisəni törədən şəxsin əməlindən peşman olmasını, hadisə şahidlərinin dindirilmə prosesinin olmamasını nəzərə almadan 15 illik həbs verdilər. Mən şahid idim, hökm kağızına yazıblar ki, yalan ifadə verir. Silah da həyat yoldaşımın deyil, atasının idi. Onu da onun adına yazdılar. Bəs bizim evə basqını, hədə qorxunu, həyat yoldaşımın ağır döyülməsini niyə cinayət hesab etmədilər? O vaxtdan bizim ailə darmadağın olub”.
Hazırda Bakıda köhnə, şəraitsiz tikilidə kirayədə yaşayan Aynurə Osmanova 10 yaşlı qız övladı ilə tək yaşamağın çətin olduğunu deyir.
İndi onun nə gəliri var, nə də ünvanlı sosial yardım alır. Müraciətlərinə “işsizliyə görə yardım düşmür” cavabı verilir. Ancaq iş tapa bilmədiyindən günəmuzd evlərdə təmizlik işi məşğul olur, yaxın qohumlarının köməyi ilə həyata sığınır.
“Ləyaqətli adamın qalan ömrünü orada puç etməyin…”
O deyir ki, həyat yoldaşı onurğa yırtığından əziyyət çəkir, artıq özünün də əsəbləri dözmür:
“Artıq nə ağır şəraitə, nə də haqsız olaraq həyat yoldaşımın həbsxanada qalmasına tab gətirə bilirəm. Tək istəyim onun azadlığa buraxılmasıdır. Ötən yeddi il yarımda bütün dövlət qurumlarına, ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişəm”.
Aynurə Osmanova deyir ki, həyat yoldaşının həbs cəzasının yarısını çəkməsi, qarşı tərəfin onu bağışlaması, təmiz xasiyyətnaməsi, himayəsində məktəbli övladının olması və ilk məhkumluğu əfvə düşməsinə əsas verir.
O, buna ümid edir və Əfv Komissiyasından bu dəfə məsələnin obyektiv araşdırılmasını xahiş edir:
“İllərdir ki, qızım Zeynəbin gözü yollarda qalıb. 1 yaş 7 aylığından qızımı atasız böyüdürəm. Ünvanlı sosial yardımı vermirlər ki, iş tap işlə. İşim olsa, yardımı neyləyirəm? Ancaq ona-buna ev işlərində kömək edib balamı böyüdürəm. Bir dövlət qurumu zəng edib demir ki, dərdin nədir ay ana, ay qadın? Qızım məktəblidir, tək qoyub gedib hər gün fəhlə işləyə bilmirəm, hələ 10 yaşı var. Məktəbə özüm aparıb-gətirirəm. Şəraitsiz, nəmişlik olan bir otaqda kirayə yaşayırıq. Döşəmə betondur. Uşağıma geyimi belə qohumlar verir. Ayaqyalın, başıaçıq qalır”.
“Xocalı soyqırımını törədən Xaçaturyana da 15 il, adam yaralayana da?”
Tənha ana ölkə başçısı İlham Əliyevdən kömək istəyir:
“Dövlət başçısına, deputatlara müraciət edirəm, amma pulum, adamım yoxdur deyə haqq səsim çatmır. Yoldaşım mərd adamdır, nümunəvi xasiyyətnaməsi var. 15 il ağır cinayəti yatmağa layiq deyil. Xocalı soyqırımını törədən Xaçaturyana da 15 il, adam yaralayana da? Belə də ədalət olar? Ləyaqətli adamın qalan ömrünü orada puç etməyin. Heç olmasa, ev dustaqlığına buraxın. Yerdə qalan işin aylıq rüsumunu kəsin, fəhlə işləyib ödəyək. Builki əfv sərəncamından və əfv Komissiyasının sədr və üzvlərindən obyektivlik istəyirəm, ölkə rəhbərinə əfv üçün müraciət edirəm. Yetərincə həbs yatıb, nə töhməti var, nə nöqsanı. Qoyun qalan ömrünü ailəsi ilə azadlıqda yaşasın. Xasiyyətnaməsini aparıblar, bəlkə, ümid yeri var. Rusiya vətəndaşıdır, çıxan kimi burada qalmayacağıq. Çörək yerimiz, ümid yerimiz o şəxsdir. Həyat yoldaşım əfv olunsun, tək müraciətim, dövlətdən istəyim budur”.
“Həyat yoldaşım özü də əfv üçün müraciət edib…”
Aynurə Osmanova deyir ki, onunla bərabər həyat yoldaşı Raqif Məmmədov da həbsdə yatdığı 1 saylı cəzaçəkmə müəssisəsindən dəfələrlə ölkə başçısına müraciət edib. Hətta ən son göndərdiyi müraciətdə əməlindən peşman olduğunu və islah olunduğunu əsas gətirərək azadlığa buraxılmasını xahiş edib.
“Etdiyim əməldən peşman olmuşam, bir daha qanun pozuntusuna, cinayət etməyəcəyimə sizi əmin edirəm. Cəmiyyətə yararlı vətəndaş olacağıma söz verirəm. Bu müdət ərzində mən özümü müsbət tərəfdən göstərmişəm. Cəzaçəkmə müəssisəsində iş yeri olmadığı üçün işləmirəm, onurğa yırtığı xəstəliyindən əziyyət çəkirəm. Valideynlərim də mənim həbsindən sonra sağlamlığını itirib, ailəm çətin vəziyyətdə kirayədə yaşayır. Bütün bunları nəzərə alaraq, xahiş edirəm ki, məni azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkməkdən azad edəsiniz”, – deyə o, ölkə başçısına məktubunda yazıb.
“Məhkumun cinayət işində 15 il həbs çox ağırdır”
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, məhkum Raqif Məmmədova verilən hökm ədalətli deyil.
Onun sözlərinə görə, bu ilin siyahısı tam hazır olmasa da, Raqif Məmmədovun adı da təkrar siyahıya salınacaq:
“Müraciəti göndərdiyimiz gün say bəlli olacaq. İldən-ilə əfvə düşənlərin sayında fərq olur. Ötən ilin mayında bizim siyahıdan on nəfər əfv olundu. 2022-ci ildə bizim siyahıdan qırx nəfərə şamil olunmuşdu. Bu il də gözləntimiz var. Yalnız siyasi məqsədlə həbs olunanlar deyil, həm də adi hüququ pozulan və əfv kriteriyalarına uyğun gələn vətəndaşları da siyahımıza daxil edirik. Raqif Məmmədovun işi ilə bağlı müraciət etmişdik, biz yenə müraciət edəcəyik. İşdən-işə fərq var”.
“Məhz bu məhkumun cinayət işində 15 il həbs çox ağırdır. Maddənin özündə o cəzanı nəzərdə tutan sanksiya var, ancaq bu ədalətdirmi? Xeyr. Ölüm, ciddi xəsarət yox. Ölümə qəsd maddəsi verilib və cəza da ən yuxarı hədd verilib. Bu kimi işlər, hərbi qulluqçu, müharibə iştirakçısı, şəhid ailəsi, valideynsiz, ağır sosial – iqtisadi durumda olan şəxslərin müraciət və işini siyahıya salırıq. Bu il də mart ayına gözləntimiz var. Əfv Komissiyası da bu ayın ikinci yarısından iclaslarına başlamalıdır. Siyahını hazırlayıb mart ayında təhvil verəcəyik”, – deyə o vurğulayıb.