İki gündür yağan aramsız yağışlar Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasındakı yolda yarğan açıb. Hadisə oktyabrın 4-ü gecə saat 4 radələrində baş verib. Yağış suları kanalizasiya kollektoru olan hissəni çökdürüb.
Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov olayın baş vermə səbəbini kanalizasiya xəttinin köhnəliyinə bağlayıb. Əlizadə Nəsirovun sözlərinə görə qəzanın baş verdiyi əraziyə yeni borular döşənib, yolun üst örtüyü günün sonunadək bərpa olunacaq. Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.