Tələsməyən yerimiz yoxdur

Erkin Qədirli fikirləşincə, dəli vurub, çayı keçəcək

Source:
Zaur Qurbanlı və Erkin Qədirli
Zaur Qurbanlı və Erkin Qədirli

Erkin Qədirli fikirləşincə, dəli vurub, çayı keçəcək. Dəli kim olacaq – dindarlar, yoxsa Rusiyanın 5-ci kolonu (ya da 6-cı, çünki hakimiyyətdə elə beşincilərdir), yoxsa başqa ziyanlı bir qrup, ya da sekulyar inqilabçılar? Bilinmir. Amma siyasi dəyişikliklər yalnız İngiltərədə tədrici olur (orda da bir dəfə inqilab olub), hər yerdə bu, qəfil və çevrilişlərlə baş verir.

İdarəetmə bacarığı və vicdanı olan xeyli ukraynalı var, amma səsvermə demokratiyası olan Ukrayna korrupsiyadan və pis idarəçilikdən can qurtara bilmir. Misiri də vəziyyətdən çıxara bilən misirlilər vardı yəqin. Amma seçicilər sələfiləri, güclülər isə diktatoru seçdilər.

Sual o deyil ki, siz hakimiyyətə gəlsəniz, necə idarə edəcəksiniz. Sual budur ki, dəyişiklikdən sonra sizin indidən hazırlaşdığınız hakimiyyəti sizə verən olacaqmı? Tələsən yerimiz ona görə var ki, qapalı rejim hər şeyi qapayır və biz görmürük, radikal, ekstremist, ziyanlı, satqın və ya digər epitetlər altına layiqincə girə bilən qruplar, zehinlər indi nə işlə məşğuldurlar, qəfil dəyişiklik olanda nə işlə məşğul olacaqlar. Misirli tələbə yoldaşım danışırdı ki, “Misirdə sələfilərin seçilməsinə heç birimiz inanmırdıq. Çünki Misirin 99%-i sufilərdir. Sufilər radikallara səs verməzlər deyə düşünürdük. Amma sələfi “Müsəlman Qardaşlar” seçildilər, həqiqətən seçildilər. Biz anlamadıq, niyə belə oldu”. Sonda əlavə etdi: “Sizdə nə vaxtsa seçki olanda nəticəsindən şoka düşəcəksiniz”.

Hər keçən gün bizi idarəetmə qabiliyyətimizdən bir az da uzaqlaşdırır. SSRİ 1950-də dağılsa idi, sağ qalmış cümhuriyyətçilər Elçibəy hakimiyyətindən qat-qat daha uğurlu sistem qurardılar. Amma 1992-də onlar artıq yox idilər və biz idarəetmə bacarıqlarımızı itirmişdik. 1992-də biz uğursuz hakimiyyət qurduq, çünki bacarmırdıq. Uzun zaman keçmişdi. İndi Elçibəyin Kələkiyə getməsini hər xatırlayanda ya şok keçiririk, ya da bizi “bir gic gülmək tutur”.

Niyə belə oldu? Elçibəy 70-ci illərdə təbliğat aparırdı. Bəlkə o da onda fikirləşirdi ki, tələsən yerimiz yoxdur. Zaman göstərdi ki, var imiş. Tələsmədi və Azərbaycan olan-qalan potensialını da itirib, 1992-də komsomoldan-mamsamoldan yeni demokratik hökumət düzəltdi (tələssə, nə olacaqdı, bu, başqa söhbətin mövzusudur, amma tələsən yerləri var idi – burası aydındır). Niyə Paşinyan hakimiyyətə gələndən yarım il sonra yeni parlament seçkisi təyin etdi, amma bizim milli demokratik hökumətimiz bunu 1 il ərzində etmədi? Çünki biz artıq tələsməyə-tələsməyə idarəetmə qabiliyyətimizi itirmişdik, nəsildən-nəslə keçirə biləcəyimiz düz-əməlli qabiliyyət də yox idi əslində, amma olanlar da 70 il ərzində ələyə-ələyə gedib, sonda nəinki xalqın səsini aldığı hakimiyyətini qorumağı, heç istefa verməyi də bacarmayan bir iqtidar qurduq, bir az bərkə düşən kimi qaçdı kəndinə. “Kələki” siyasi termin, fenomen olaraq, yəqin ki, yalnız Azərbaycanda mövcuddur. Tələsməməyin axırı budur.

Erkin müəllimin uğurlu tərcüməsində eşitdiyim məsəldə deyildiyi kimi, “Hakimiyyət korlayır, mütləq hakimiyyət mütləq korlayır”. 1993-dən bəri 25 il ərzində korlana-korlana getdik. Çünki son dekadamızda heç imitasiya da olmadı ki, bundan istifadə edib, qabiliyyətimizi artıra bilək. Məsələn, müstəqil QHT-lərin Qərbə göstərmək üçün saxlanılması, vətəndaş cəmiyyətinin tam boğulmaması bizə hansısa qabiliyyətləri saxlamağa, yenilərini öyrənməyə, öyrətməyə imkan verirdi (Ermənistanda belə olub).

İndi də üzüaşağı davam edirik. Dibə gedirik, amma kimsə deyir ki, tələsməyək. Dibi vuranların axırı nə olur, öyrənmək üçün Türkmənistana, Özbəkistana baxmaq lazımdır. Bəzən bizə elə gəlir ki, hansısa bir qeyri-adi qüvvə, xalqın əsrlər boyu çəkmiş olduğu əzabların qisasının saxlandığı gizli, ilahi batareya var, nə vaxtsa bu enerji qeyrətə gəlib, pis adamların hakimiyyətini devirəcək, xalqa layiq olduğunu verəcək. Bunlar uşaq inanclarıdır, əfsanələrdir, belə şey olmur. Hər xalq xilas olmur. Venesuela, Özbəkistan, Türkmənistan, Myanma, Saxaraaltı Afrika kimi onlarla dövlət, xalq məhv olur, yüz illərdir, xilas ola bilmir, əziyyətləri, zülmləri hədər olub-gedir. Bir dəfə bizim siyasi liderlərdən biri demişdi ki, siyasi məhbuslarımızın sayı bizi Özbəkistan olmağa qoymadı. Qardaş, bu söz deyiləndə Özbəkistanda 10000-40000 arası siyasi məhbus var idi. Dibi vurmuş ölkədir. Özbəkistanın tələsməyən müxalifət liderləri 20 ildən çox həbsdə qalandan sonra getdilər ya xaricə, ya da ölməyə. Ölkə qaldı İslam Kərimovun başkəsəninin əlində. İndi onun elədiyi yumşaqlığa islahat adı qoyub, ümid edirlər.

Tələsməyin, onsuz da tələsməyin mümkün olmamasına az qalıb.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTələsməyən yerimiz yoxdur