Tələsən təndirə düşər

Cəmiyyətimizdə nizamlı və uzunmüddətli müzakirə ənənəsi, demək olar ki, yox dərəcəsindədir

Source:
Zərdüşt Əlizadə və Zaur Qurbanlı
Zərdüşt Əlizadə və Zaur Qurbanlı

Cəmiyyətimizdə nizamlı və uzunmüddətli müzakirə ənənəsi, demək olar ki, yox dərəcəsindədir. Bunun nəticəsi kimi uğurlu və səmərəli qərarların faizi sıfra yaxınlaşır.

Gah əsla düşünmədən və heç bir marketoloji araşdırma aparmadan velosiped zavodu, pianino fabriki, üçüncü dəfə avtomobil zavodu tikib xalqın milyonlarını havaya sovururuq, gah da parlaq bir “xalq üsyanı” yapıb milləti növbəti istibdad girdabına itələyirik.

Buna görə ictimai-siyasi hadisələrin xırda burjua inqilabı vurğunluğu nəticəsində zorakı sürətləndirilməsi və ya təkamül yolu ilə təbii yetişərək baş verməsi seçimi ətrafında gedən müzakirələri cəmiyyətimiz üçün müstəsna vacib və faydalı sayıram.

Lakin bir şərtlə: ortaya qoyulan dəlillər gerçəkliklə uzlaşsın. Yox, əgər onlar yenə yalan-palan və kütləyə yedizdirilən əsatirlərdən yoğrulmuş mülahizələr olacaqsa, belə müzakirənin qara qəpiklik faydası olmayacaq.

Erkin bəy Qədirli bir sərrast ifadə işlədib: “tələsən yerimiz yoxdur”.

Xahiş edirəm diqqət yetirəsiniz: bu ifadəni, tənbəl və fəaliyyətsiz biri yox, var gücü ilə siyasi və ictimai fəaliyyətlə məşğul olan tanınmış maarifpərvər ziyalı və siyasi xadim deyir. Dərs deyir, gənclərlə görüşür, əhali ilə işləyir, məqalə yazır, müsahibə verir, partiya quruculuğu ilə məşğul olur, seçkilərdə namizədliyini irəli sürür, yəni o, arzuedilən daha yaxşı gələcəyi yaxınlaşdırmaq üçün var gücü ilə çalışır. Görür ki, dəyişikliyi istəyən digər qüvvələr də mövcuddur və cəmiyyətdə yetişməmiş dəyişikliklərin ziyanını anlayaraq təklif edir ki ki, “tələsməyək, hazırlaşaq”.

Fikirdir, deyib və cəmiyyəti düşünməyə dəvət edib.

Bu mövqe heç də hamının ürəyinə yatmır. Zaur Qurbanlı iddia edir ki, “SSRİ 1950-ci ildə dağılsa idı, sağ qalmış cümhuriyyətçilər Elçibəy hakimiyyətindən qat-qat uğurlu sistem qurardılar. Amma 1992-də onlar artıq yox idilər və biz idarəetmə bacarığımızı itirmişdik”.

Cümhuriyyətçilərin hansı idarəetmə bacarığı var idi? Bu vətəni həqiqətən sevən ziyalılar 23 ayda beş hökumət dəyişməyə məcbur oldular, bütün bu 23 ayda ölkədə müxtəlif əcnəbi dövlətlərin işğal qoşunları at çapdı, mərkəzi hökumət cümhuriyyətin tam ərazisinə nəzarət edə bilmədi, ölkənin əsas sərvətinə – neftə – xarici qüvvələr sahib çıxdı, milli sahibkarlar müstəqilliyi qəbul etmədi (çünki onların kapitalı və iş əlaqələri əsasən Rusiya ilə idi), qalib Antanta müstəqilliyimizi rəsmən tanımadı, o zaman əhalinin mütləq əksəriyyətini təşkil edən kəndlilər hadisələrin mahiyyətindən bixəbər olduqlarından milli hökumətə biganə qaldılar.

Cümhuriyyətçilərin xoş iradəsindən asılı olmayaraq, o zamankı Azərbaycanda bu nəhəng müşküllərin öhdəsindən gəlmək üçün heç bir “idarəetmə bacarığı” yox idi və ola da bilməzdi. Nəticədə hakimiyyətin bolşeviklərə təslim edilməsi təklifinin əleyhinə yalnız beş nəfər səs verdi. Beş nəfər cümhuriyyətçi…

Olmayan idarəetmə bacarığı otuz il ərzində, 1920-ci ildən 1950-ci ilə kimi necə zənginləşə bilərdi ki, xalqın karına gələ bilsin? Özü də SSRİ-nin 1950-ci ildə dağılması fikri tam cəfəngiyyatdır, çünki həmin dövrdə Qərb NATO-nu ona görə təşkil edirdi ki, sovet tanklarının La-Manşa çıxmasının qarşısını ala bilsin.

Bu, tələsməyin xeyrinə olan xəyal-plovların birincisi…

Zaur Qurbanlının misal kimi göstərmək istədiyi Misir və Ukrayna hadisələrinin mahiyyəti barəsində də dürüst təsəvvürü yoxdur, çünki Misirdə Hüsni bəy Mübarəki devirən ət-Təhrir mitinqinin arxasında ordu rəhbərliyi dururdu. Generallar Mübarəkin ali vəzifəni mülki şəxs olan oğlu Camala ötürməsinin qarşısını almaq üçün liberal tövrlü gəncləri tovlayıb meydana çıxarmışdılar. Müsəlman qardaşlarının müdaxiləsi ordunun qurğusunu dağıtdı, professor Muhamməd Mursi seçkilərə qatıldı və “cumhur”(ərəbcə camaat, xalq və kütlə mənasını verir) gəlib demokratik tərzdə ona səs verdi. Bu təşkilat bütövlükdə sırf antiimperialist və şərqçi-islamçı səciyyə daşıyır. Demokratik seçilmiş Muhamməd Mursini hakim tüfeyli hərbi zümrə silah gücünə devirib xalqı yenə əsarətə saldı.

Ukraynada isə həm birinci, həm ikinci Maydan mafiyadaxili çəkişmənin küçə təzahürü idi, necə ki, Azərbaycanda AXC 1989-cu ilin sonunda tayfa mafiyasının küçə şilləvuranlarını (bilərəkdən və ya bilməyərəkdən, Cəbhədə heç də hamı Əbülfəz Əliyevin kimə işlədiyini bilmirdi) birləşdirən təşkilata çevrilmişdi.

Guya Ukrayna və ya Azərbaycanda hansısa demokratik məqsədlər güdülürdü, bu da xəyal-plovların ikincisi…

Zaur Qurbanlı təəssüflə qeyd edir ki, Paşinyan altı aydan sonra parlament seçkisinə gedir, AXC isə bir il ərzində Milli Məclisə yeni seçki keçirmədi. Səbəbi gün kimi aydın olan bu məsələyə böylə hissiyyatlı münasibət çox qəribədir. Cavab aydındır: Paşinyan ona görə indiki parlamenti buraxıb yenisini seçməyə tələsir ki, seçicilərin mütləq əksəriyyəti hələlik onu tam dəstəkləyir. AXC isə parlament seçkilərinə ona görə gedə bilməzdi ki: 1) 20 Yanvar təxribatında fəal iştirak etdiyinə görə xalqın etimadını itirmişdi; 2) prezident seçkisini çevrilişdən sonra güclə və zorakılıqla saxtalaşdıra bilmişdi; 3) AXC hakimiyyəti daxilində gələcək seçkilərdə yalnız özünü qalib partiya lideri kimi görən İsa Qəmbər var idi ki, onun Musavat partiyası hələ kifayət güc toplaya bilməmişdi.

Əbülfəz Əliyevi isə hansısa mücərrəd demokratiya ideyası əsla maraqlandırmırdı, zira yeganə bildiyi və sevdiyi şey Romanova qalib gələn yerlisi Heydər Əliyev və xəyalında qurduğu əzəmətli türk imperiyası idi…

Yerli milli-demokratların hər hansı demokratik potensiala malik olması fikri üçüncü xəyal-plovdur…

Nəhayət, gəlirik Zaur Qurbanlının qoyduğu suala: “sual o deyil ki, siz hakimiyyətə gəlsəniz, necə idarə edəcəksiniz? Sual budur ki, dəyişiklikdən sonra sizin indidən hazırlaşdığınız hakimiyyəti sizə verən olacaqmı?”

Məncə, onun əsas saydığı sual tam məzmunsuzdur. Necə yəni, hakimiyyəti sizə verən olacaqmı? Kim verə bilər ki? Hakimiyyət dəyişikliyini məhz REAL həyata keçirəcək və onun kimdənsə hakimiyyət gözləməsi əbəs sualdır.

Fərz edək ki, REAL hakimiyyətə hazırlaşmır. Onda hakimiyyəti nə üçün ona verməlidirlər?

Əslində REAL hakimiyyətə hazırlaşmalıdır, yetkin məramnaməsi, onun məqsədlərini həyata keçirməyə qadir olan mütəşəkkil və bacarıqlı, xalqın inandığı komandası olmalıdır və bu komanda hakimiyyətə gəlib xalqı ağ günə çıxarmaq uğrunda ağıl və tədbirlə elə mübarizə aparmalıdır ki, indiki qarətçi və bivec hakimiyyət aşınıb çökməyə başlayanda REAL-dan savayı heç bir təşkilatın hakimiyyətə iddia etməyə nə gücü, nə üzü olsun.

Mən anladığıma görə, Erkin Qədirli üzünü əleyhdarlarına deyil, tərəfdarlarına tutub deyir: tələsməyin, özünüzü yaxın hakimiyyət ilğımlarıyrla aldatmayın, əksinə, hakimiyyət naminə əzablı, nəhəng, lakin həm də şərəfli işin öhdəsindən gəlmək üçün hazırlayın. Hakimiyyətə quruculuq üçün hazırlaşın, məqam yetişəndə, nə kal AXC-yə, nə oğru generalların əsirinə çevrilmiş bədbəxt misirlilərə, nə də azadlığı hoppanmaqda görən cahil ukraynalılara bənzəməyin.

Uğurlu hakimiyyət nümunələri çoxdur, öyrənməli çox şey var. Uğur hekayələrinin qəhrəmanlarının heç biri xəyal-plovla qidalanmayıb, yedikləri sərt realizmdən doğan qida olub. Şəraiti elə yetişdirmək lazımdır ki, məqam çatanda, heç bir dəliyə yer qalmasın, təşəbbüs ağıllı erkin qədirlilərin əlində olsun.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTələsən təndirə düşər