Tələbələr güzəşt istəyir

Sosial şəbəkələrdə başlayan aksiyada əsas tələb nəqliyyat xərclərinin endirilməsidir

Source:


Sosial şəbəkələrdə başlayan aksiyada əsas tələb nəqliyyat xərclərinin endirilməsidir

Tələbələr facebook-da aksiyaya başlayıblar. Onlar ictimai nəqliyyatda gediş haqlarının yüksək olduğunu deyirlər. Tələb edirlər ki, avtobuslarda, metrolarda onlara xüsusi “tələbə endirimi” edilsin.

Elmir Misirzadə adlı facebook istifadəçisinin yaratdığı

“Tələbələrə ictimai nəqliyyatda endirim edilsin”

adlı aksiyaya 5 gün ərzində 2 mindən çox tələbə qoşulub.

Elmir Misirzadə Xarkovda təhsil alır. Deyir, xarici ölkələrdə tələbə ölkədaxili qatar, metro hətta təyyarədən belə endirimlə istifadə edə bilir: “Hətta əksər ölkələrdə tələbələrə kinoteatrlarda, muzeylərdə də endirim edilir. Məsələn, Türkiyə, Ukrayna, hətta yaxın Gürcüstanda. Təəssüf ki bizim ölkəmizdə tələbələrə heç bir güzəşt edilmir. Düşünürəm ki, bu məsələni ictimailəşdirmək lazımdır. Bu yolla nəyəsə nail olmaq olar”.

Bu yaxınlarda “Azərbaycan Hava Yolları” QSC (AZAL) də tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10 faiz endirim elan etdi. Endirim 25 yaşa kimi olan tələbələr üçün nəzərdə tutulub. Beynəlxalq reyslərdə həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq ediləcək. Ancaq sosial şəbəkələrdə bu addım birmənalı qarşılanmadı. AZAL-ın kifayət qədər baha uçuşlarına 10 faizlik endirimin təsir etməyəcəyini deyənlər də oldu, 25 yaş məhdudiyyətini tənqid edənlər də.

Facebookda yaradılmış dəvət səhifəsində tələbələr bildirirlər ki, son zamanlar günə 40 qəpikdən də çox xərcləyirlər: “Avtobusla gediş-gəlişə pul çatdıra bilmirik. Marşurtların hərəkət istiqamətləri dəyişdiriləndən 3-4 avtobus dəyişməli oluruq. Bəzi günlər ictimai nəqliyyata 2 manata qədər pulumuz çıxır. Hələ Sumqayıtdan gələn tələbələri demirik. Tələb edirik ki, tələbələrin gediş haqqı işləyən insanlarınkından fərqləndirilsin. Aya 50 manat təqaüd ala bilməyən tələbə bəzən bir o qədər yol pulu ödəyir”.

Elşən Muxtarov isə bildirir ki, nəinki Bakıdakı ictimai nəqliyyatlarda, bütün böyük şəhərlərdə tələbələrə endirim edilməlidir: “Hətta kinoteatrlarda, muzeylərdə, əyləncə mərkəzlərində, kafe-restoranlarda, keyfiyyətli kurslarda da… Avropada bu proses artıq tamamlanıb. Bizdə isə yoxdur. Bakı qətiyyən tələbə şəhəri deyil. Bizdə həmrəylik də yoxdur. Ümid edək ki, yaradılan bu dəvət səhifəsi bir işə yarasın”.

Daha bir tələbə Fatimə Qurbanova da aksiyanı dəstəkləyir. Bildirir ki, tələbələrə dəstək olmaq lazımdır: “Bəzən tələbə yola verdiyi puldan fürsət tapıb qarnını doyura bilmir. Yol pulunu düşünür. Halbuki nəqliyyatda güzəştlər olsa, ac qalmaz. Nə bilim, düşünəndə ki, metroların əsas qazanc mənbəyi məhz tələbələrdi, endirim olacağına da ümidim azalır”.

Tələbələrin məqsədi işçi təbəqədən fərqli olaraq ictimai nəqliyyatdan daha ucuz istifadə etməkdir.

Nəqliyyat Nazirliyi tələbələrin aksiyasına hər hansı münasibət bildirmək istəmir. Hələlik əlaqədar qurumlar aksiyaya reaksiya verməyiblər.

Ana səhifəXəbərlərTələbələr güzəşt istəyir