”Tələbələr 2 aydır təqaüd ala bilmirlər”

“Bəlkə də həmin pullar hansısa formada dövriyyəyə cəlb olunur”

Source:
Prezident yanında İdarəçilik Akademiyası
Prezident yanında İdarəçilik Akademiyası
Prezident yanında İdarəçilik Akademiyası
Prezident yanında İdarəçilik Akademiyası


“Bəlkə də həmin pullar hansısa formada dövriyyəyə cəlb olunur”

Prezident yanında Dövlət İdarəçilik Akademiyası tələbələrinin şikayəti var. Onlar Meydan TV-yə yazaraq yanvar və fevral aylarının təqaüdlərini ala bilmədiklərini söyləyirlər:

“Universitet rəhbərliyi bununla bağlı bizə açıqlama da vermişdi. Demişdilər ki, bütün təqaüdlər martda veriləcək. İndi məlum oldu ki, təqaüdlərimiz martda da ödənməyəcək”.

Adlarının açıqlanmasını istəməyən tələbələr bildirirlər ki, təqaüdlərin verilməsi aprelə qalsa, gərək 4 ayı birdən ödəyələr. Onlar həmin pulların hansısa formada dövriyyəyə cəlb olunmasından şübhələnirlər:

“Yaxud valyuta konversiyasına cəlb olunur. Tələbələr yavaş -yavaş bu haqda paylaşımlar da edirlər. Problem gizlənəsi həddə deyil. Artıq 3-cü aydır ki, təqaüdümüzü ala bilmirik. Buna görə bizə normal bir açıqlama verən də yoxdur. Biz gecikmənin səbəbini bilmirik”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə əlaqə saxlayıb. Akademiyanın Həmkarlar İttifaqının sədri Yusif Ağayev əvvəlcə məlumatın yalan, əsassız olduğunu söyləyib. Daha sonra isə təqaüdlərin ödənəcəyini deyib:

“Narahat olmayın, təqaüdlər vaxtlı-vaxtında ödənəcək”.

“Azərbaycan Universitetləri” səhifəsi təqaüdlərin gecikdirilməsi ilə bağlı “Facebook” səhifəsində sorğu keçirib. Şərh yazanların deməsinə görə, Azərbaycan Turizm və Menecment Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Slavyan Universiteti, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Lənkəran Dövlət Universitetinin tələbələri son 2 aydır təqaüdlərini ala bilmirlər.

Problemlə bağlı Maliyyə Nazirliyinə göndərdiyimiz sorğuya cavab gəlməyib.

Bir müddət öncə Dövlət Texniki Universitetinin tələbələri də təqaüdlərinin verilməməsinə görə şikayət edirdilər. Onlar oktyabr və noyabr aylarının təqaüdünü ala bilmədiklərini deyirdilər. Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev həqiqətən də tələbələrin 2 aydır təqaüd ala bilmədiyini, yazdıqlarının doğru olduğunu təsdiqləmişdi. Buna səbəb dövlət büdcəsini göstərmişdi. “Büdcədən nə zaman pul köçürüləcəksə, tələbələr də o zaman təqaüdlərini alacaqlar”, – demişdi.

Ana səhifəXəbərlər”Tələbələr 2 aydır təqaüd ala bilmirlər”