Tələb qiymət dəyişikliyinə təsir etməyəcək

“Ölkə iqtisadiyyatında liberal mühitin olmaması normal rəqabət şərtlərinin formalaşmasını əngəlləyir”

Source:


“Ölkə iqtisadiyyatında liberal mühitin olmaması normal rəqabət şərtlərinin formalaşmasını əngəlləyir”

Azərbaycanda idxal olunan tütün məmulatlarının aksizlərinin artması siqaretlərin bahalaşmasına səbəb ola bilər. Bu barədə Trend-ə “European Tobacco Baku” (ЕТВ) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bazarda qiymət dəyişiklikləri yalnız xarici siqaretlərə aid olacaq, yerli məhsulların qiymətləri isə hazırkı səviyyədə qalacaq: “Hər halda bunun necə baş verəcəyini dəqiq demək çətindir. Obyektiv tələb və təklif qanunu var. Əgər adamlar daha yüksək qiymətə siqaret almağa hazır olarlarsa, onda qiymətlər yuxarı sıçraya bilər. Əgər tələb düşərsə, onda qiymətlər çox da qalxmayacaq, ya da ümumiyyətlə, dəyişməyəcək. Qiymətlərdə kəskin sıçrayışın olacağına şübhə edirəm. Əgər dəyişikliklər olarsa, bu, cüzi olacaq”.

R.Quliyev qeyd edib ki, bu gün ETB ölkədə siqaretə tələbatın 27-30 faizini ödəyir: “Daha çox satmaq imkanımızın olduğu məlum olarsa, onda istehsalın həcmini artıracağıq. Müəssisənin istehsal gücü bunu etməyimizə imkan verir. Əlbəttə ki, bu bazardakı rəqabətdən asılıdır. Tütün məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən – siqaret istehsalçısı olan böyük şirkətlər arasındakı razılşamalardan, bazardakı tələbdən və xammalın qiymətlərindən asılıdır”.

Bu günlərdə Azərbaycan Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləyib. Onlar 2015-ci il martın 1-dən qüvvəyə minəcək.


Rüfət Quliyevin dediyi kimi tələbə uyğun qiymət artımı ola bilərmi?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ümumiyyətlə, siqaret o kateqoriyadan olan məhsullar sırasına daxildir ki, hər hansı iqtisadi böhran, bu məhsulun istehlakını azaltmır və hətta müşahidələr onu göstərir ki, adətən çətin dövrlərdə siqaretin istehlakı artır:

“Bu insan psixologyası ilə bağlı məsələdir. Beləliklə deyə bilərik ki, 2015-ci ildə ölkə iqtisadiyatında müşahidə olunacaq durğunluq və daxili istehlak səviyyəsinin aşağı düşməsi siqaret istehlakının azalmasına təsir etməyəcək və tütün məhsullarının dillerləri satışların azalmasından formalaşan təzyiq hiss etməyəcək. Başqa sözlə, aksiz dərəcələrində artım qiymətlərə birmənalı şəkildə sirayət edəcək. Bu proses artıq başlayıb. Digər tərəfdən ölkə iqtisadiyyatında liberal mühitin olmaması normal rəqabət şərtlərinin formalaşmasını əngəlləyir ki, nəticədə Azərbaycan istehlakçısı mal və xidmətləri dünyada ən bahalı qiymətlərlə əldə etmək məcburiyyətindədir”.

Ekspert əlavə olaraq onu da qeyd etdi ki, bəhs etdiyimiz kateqoriyadan olan məhsulların bahalaşması istehlakın azalmasına deyil, əksər hallarda daha keyfiyyətsiz çeşidlərin istehlakının artmasına səbəb olur ki, bu da öz növbəsində insan orqanizmi üçün daha təhlükəli hesab edilir.

Ana səhifəXəbərlərTələb qiymət dəyişikliyinə təsir etməyəcək