Təkfirçilikdən hərbi xuntaya doğru

Demokratik müxalifəti məhv edənlər siyasi müstəvinin əsas elementi kimi fanatizmi yetişdirdilər

Source:

Demokratik müxalifəti məhv edənlər siyasi müstəvinin əsas elementi kimi fanatizmi yetişdirdilər

Ölkədə siyasi sistem iflic vəziyyətindədir. Maraqlıdır ki, Azərbaycan siyasətində hazırda marginallaşma prosesi diqqəti daha çox cəlb edir. İqtidar cəmiyyətlə danışıqlarda maraqlı deyil. Nə demokratik müxalifət, nə vətəndaş cəmiyyəti institutları, nə də ki mətbuat proseslərə önəmli təsir edə bilmir. Görünən budur ki, demokratik mübarizə, “məxməri” və “rəngli inqilab”lar sezonu başa çatır. Dəyişən dünyada Azərbaycan dəyişmir. Lakin insanlar cansıxıcı, yekcins müstəvidən təngə gəlməyə başlayırlar.

Bu isə alternativ axtarışı ilə sonuclanır. Şərqi Avropa, MDB məkanı, Yaxın Şərqdəki proseslər dönə-dönə təhlil edilir və siyasi labirintdə olduğumuz bir daha üzə çıxır. Hələ ki, baş verənlərin fonunda siyasi İslam modeli özünü daha qabarıq büruzə verir. Sekulyarlıq, siyasi İslam və sosial ədalətsizlik üçbucağında çabalayan Yaxın Şərq nümunəsi get-gedə Azərbaycan üçün də bir örnəyə çevrilir. Bu baxımdan, müxalifətin “demokratik seçki” şüarı geniş təbəqə üçün cəlbedici deyil. Yüz minlərlə insan demokratik dəyişiklik perspektivinə artıq inanmır.

Yaxın Şərqdə də belə olmuşdu, demokratiya çağırışları boğulmuşdu və meydana “şəhadət iftixarımızdır” şüarı səsləndirən islamçılar çıxıb siyasi liderləri devirmişdilər. Belə getsə, Azərbaycanda da əsas şüar kimi “Allahu Əkbər” çağırışlarının səslənə biləcəyini artıq çoxu ehtimal edir. “Allahu Əkbər” şüarına qarşı mübarizənin səmərəsizliyi Yaxın Şərqdə bir daha sübuta yetirildi. Ən maraqlı məqam ondan ibarətdir ki, ölkənin tanınmış ruhaniləri artıq hakimiyyətin təsir agentləri kimi qəbul edilirlər. Bu amil marginal dini qrupların meydana çıxa biləcəyi ehtimalını artırır.

Ölkədə dini problemlər kimi son dərəcə həssas olan məsələyə hakimiyyətin qadağalar yolu ilə yanaşması da radikallaşmaya yol açır. Marginal qrupların özünü təsdiq cəhdləri, bütövlükdə Azərbaycan cəmiyyətində olduğu kimi, dini çevrələrdə də təkfirçilik və inkarçılığın əsas meyar kimi dəyərləndirilməsi gələcək təlatümlərdən xəbər verir.

Cəmiyyətdə məhdudiyyətlər o dərəcədə artıb ki, artıq hamını və hər şeyi inkar etməkdən, hamıda düşmən görməkdən başqa yol qalmayıb. Belə qruplar azsaylı olduqda isə onların marginallığı artır. Əgər problemlər mövcuddursa və meydan boşdursa, özünütəsdiq üçün şərait yaranır, lakin bunu realizə etməyə resurslar kifayət etmədiyindən, radikal aksiyalarla diqqəti cəlb etmək lazım gəlir.

Bir sözlə, Təhrir meydanında olduğu kimi, Bakıda da bənzər proseslər yaşana bilər. Demokratik müxalifəti məhv edənlər siyasi müstəvinin əsas elementi kimi fanatizmi yetişdirdilər. Bunun sonu necə olacaq? Dağıdılmış siyasi müstəvi, qanlı vətəndaş və məzhəb qarşıdurması perspektivi son nəticədə hərbi xuntanın gəlişini qaçılmaz edir. Bu baxımdan, demokratik dəyərləri bərqərar etmək siyasi güc mərkəzlərinin əsas istəyinə çevrilməlidir. Əks təqdirdə, ölkənin parçalanması qaçılmaz olacaq…

Ana səhifəAnalitikaTəkfirçilikdən hərbi xuntaya doğru