“Təhsildə radikal addımlar atılmalıdır”

Altay Göyüşov: “Əgər hakimiyyət seçkini saxtalaşdırmaq niyyətindən əl çəkməyibsə, təhsil sahəsində islahat həyata keçirəcəyinə inanmıram”

Source:


Altay Göyüşov: “Əgər hakimiyyət seçkini saxtalaşdırmaq niyyətindən əl çəkməyibsə, təhsil sahəsində islahat həyata keçirəcəyinə inanmıram”

Gündəm yalnız Avropa Oyunları deyil, həm də təhsildir. Xüsusən də son buraxılış imtahanlarının nəticələri ictimaiyyətdə şok effekti yaratdı. Hazırda xaricdə dərs deyən alim-ziyalı Altay Göyüşovla söhbətimizdə gündəmin mövzusu ətrafında yaranan sualları cavablandırmağa çalışdıq.


– Altay müəllim, ötən həftənin müzakirə mövzusu son buraxılış imtahanlarının nəticələridir, müxtəlif yanaşmalar olsa da, rəsmi mövqe yoxdur. Yanaşmalar sırasında da səbəb göstərilmir, sadəcə, “biabırçılıqdır” deyə münasibət bildirilir. Bu mənada sizin münasibətinizi bilmək istərdik…

– Mən məsələyə öz təcrübəmdən yanaşacam. Ötən ilin mayında uşaqları orta məktəbə praktikaya aparmışdım və ordakı mühit, münasibətlər sistemi məndə acınacaqlı təəssürat yaratdı. Əslində, bunu bilirdim, amma bu dəfə əyani şəkildə gördüm. Söhbət ondan gedir ki, biz uzun müddətdir orta məktəblərdə təhsilin səviyyəsinin dayanmadan aşağı düşdüyünü bilirik. SSRİ dağılandan sonra bu proses bir çox ölkədə getmişdi, sadəcə, həmin respublikalar tədbirlər görərək mənfi gedişatın qarşısını almağa müvəffəq oldular, heç olmasa əks istiqamətə yönəltmək mümkün oldu. Azərbaycanda isə prosesi müsbət istiqamətə yönləndirmək üçün heç bir nəticə əldə olunmadı. Səbəb aydındır, orta təhsildəki problemlərin iki əsas qaynağı var: Birincisi, korrupsiya və rüşvətxorluqdur. İkinci problem odur ki, məktəbə müəllimlərin qəbul sistemində “meritakratiya” adlanan, yəni daha bilikli və yaxşı müəllimi götürmək yox idi, qohum-tanışlıq, rüşvət rol oynayırdı. Həm də orta məktəbləri müəllimlərlə təmin edən ali məktəblərdə də təhsilin səviyyəsi sadaladığım səbəblərdən aşağı düşmüşdü. Beləliklə, mövcud mənzərə 20 il getdiyimiz yolun nəticəsidir. Çünki istiqaməti düzgün seçmədiyimiz və lazımi tədbirlər görmədiyimiz üçün indiki şərait yarandı. Amma 1992-ci ildə universitetlərə qəbul sistemi dəyişdirilərək, test üsuluna keçid olmasaydı, istər ali, istərsə də orta təhsil tamamilə sıradan çıxardı. Bu gün orta təhsilin tamamilə sıradan çıxmamasının səbəblərindən biri də repititorluqdur. Buraxılış imtahanlarında 9-cu siniflərlə 11-ci ilər arasında fərqi görürsünüz, nəticə şagirdlərin 2 il müəllim yanına hazırlığa getməsindən doğur. Söhbət ondan gedir ki, ali məktəblərə qəbul sisteminin nisbətən ədalətli olması uşaqları oxumağa vadar edir. Bir daha deyirəm, 1992-ci ildə həyata keçirilən test islahatı orta və ali təhsilin tamamilə sıradan çıxarılmasının qarşısını alan əsas amildir. Həmin islahat olmasaydı, biz, ümumiyyətlə, acınacaqlı vəziyyətdə olardıq. Amma test imtahanlarında da ciddi islahatlara ehtiyac var. Gərək ildə bir neçə dəfə imtahan verilsin, bu, çox vacib amildir. Qərb universitelərində bir ildə 3-4 dəfə imtahan verilir. Ümumiyyətlə, gələcəkdə qəbul imtahanını universitetlərə vermək lazımdır, amma test imtahanı əsas faktorlardan biri olmaq şərtilə. Bu, indi mümkün deyil, çünki rüşvət və korrupsiya imkan verməyəcək. Təhsilimizin inkişafdan qalmasının ikinci faktoru dərsliklərlə bağlıdır ki, uzun müddətdir müzakirə olunur və tənqid edilir. Doğrudan da, fəlakətlidir ki, biz 20 ildir dərslik istehsal edə bilmirik. Bax, bunun qarşısını alan yenə də korrupsiya amilidir və meritakratiyanın olmamasıdır. Adi bir misal, Misir Mərdanov uzun müddət təhsil naziri olub, hamı onun işinin yarıtmaz olduğunu bilirdi. Amma heç kim Misir Mərdanovun təhsildən uzaqlaşdırılması haqqında düşünmürdü. Yaxud hamı BDU rektoru Abel Məhərrəmovun işinin yarıtmaz olduğunu bilir, amma yarıtmaz fəaliyyətin sıradan götürülməsi üçün heç bir addım atılmır.


– Mik


a


yıl Cabbarov 2 ildir təhsil naziridir


.



B


u mənada ötən müddətdə hansı işlər görüldü ki, buraxılış imtahanlarının nəticələri bərbad oldu?

– Mən inanıram ki, Mikayıl Cabbarov yeni təyin olunanda nəsə etmək istəyirdi. Amma ölkədəki ümumi sistem bu işləri həyata keçirməyə imkan vermədi. Baxın, cənab Cabbarov işə başlayanda populizmlə məşğul oldu, rayonlarda görüşlər keçirdi, şikayətləri dinlədi. Bunlar populizmdir, axı biz problemlərin nədən ibarət olduğunu bilirik, kiminsə şikayətlərini dinləməyə ehtiyac yoxdur. Həm də problemlər administrativ vasitələrlə həll olunmur ki, “sabahdan fond pulu yığmayacaqsınız” deyəndə, hər şey aradan qalxsın. Sistem kökündən dəyişməlidir. Cənab Cabbarovun ikinci problemi strukturla bağlıydı, o, işə düzgün yanaşmırdı. Yəni məsələləri fundamental həll etmək lazımdır, radikal addımlar atılmalıdır. Pis müəllimi işdən uzaqlaşdırıb, yenisini götürüb, özünün proqramını həyata keçirirsən. Mikayıl Cabbarov fəaliyyətinin bir dövründə məktəbləri öz nəzarətinə keçirmək istədi, yəni icra hakimiyyətinin nəzarətindən çıxarmağa cəhd etdi. Amma bu cəhd iflasa uğradı, səbəb yenə də sistemdədir. Mən düşünürəm ki, icra hakimiyyəti ortaya konkret arqument qoyub: müəllim ona seçki saxtakarlığı üçün lazımdır, əgər müəllimi əlimdən alırsansa, sabah həmin nəticəni ondan ala bilməyəcəm. Çünki müəllim icra hakimiyyətinin yox, nazirliyin nəzarətində olacaq. Belə olanda Mikayıl Cabbarov icra hakimiyyətinin ondan istədiyini həyata keçirə bilməyəcək. Yaxud məktəbə direktor təyinatının rüşvətlə olması məlumdur, icra hakimiyyətinin bu pulun əldən çıxmasına imkan verməyəcəyi bəllidir. Beləliklə, ümumi sistem cənab Cabbarovun həyata keçirmək istədiyi işlərə imkan vermədi. Yəni Mikayıl Cabbarov bu gün forma etibarıyla yeni olsa da, məzmunca sabiq nazir Mərdanovdan da zəifdir. Mərdanov köhnə klanın üzvü kimi nələrsə edə bilirdi, bu, heç onu da edə bilmir. Faktiki olaraq, ölkədə orta təhsil iflic olub və tamamilə sıradan çıxmaq üzrədir. Məsələn, Mikayıl Cabbarovun ali məktəblərdə “Sabah” qrupları təşəbbüsü vardı, məqsəd ən yaxşı müəllimlərin həmin qruplara dərs demələri, xüsusi şəraitin yaradılması idi. Bax, həmin “Sabah” qrupu yaradılanda tələbələr tələb edirdi ki, onlara dərsi Altay Göyüşov desin, amma sistem buna mane oldu. Aydın məsələdir ki, təhsilin inkişafı hökumət tərəfindən müəyyən addımların atılmasını tələb edir. Birinci, hökumət təhsildə azad mühitin və azad rəqabətin olmasını qəbul etməlidir, yəni orda hakimiyyəti tənqid də edə bilərlər. Ümumi işin xatirinə hakimiyyətlər buna getməlidir. Ən vacib məsələlərdən biri maliyyədir. Totalitar rejim olan SSRİ-də müəllimin hörmətinin hansı səviyyədə olduğunu bilirdik. Bu, Stalin dövründə həyata keçirilən islahatlardan irəli gəlirdi. Stalin demişdi ki, ölkədə ən yüksək maaşı müəllim alacaq. SSRİ-də rəqabətli və şəffaf seçki keçirilmədiyi halda, Elmlər Akademiyasında şəffaf və ədalətli seçki keçirilirdi. Xruşov Akademiyaya namizədləyini irəli sürmüşdü, amma ölkə rəhbəri olsa da keçə bilmədi. Çünki meyarlar vardı, alim deyilsənsə, akademik ola bilməzsən. Heydər Əliyev sovet məktəbinin yetirməsi olduğundan bu məsələlərə obyektiv yanaşa bilirdi və akademik seçkilərini maksimum nəzarətdə saxlayırdı. Xatırlayırsınızsa, Ramiz Mehdiyev onun dövründə akademiya seçkilərində iştirak etmək istəsə də, Heydər Əliyev buna imkan verməmişdi. Amma Heydər Əliyev vəfat edəndən sonra Ramiz Mehdiyev də, Əhliman Əmiraslanov da dərhal akademik seçildi.  Demək istəyirəm ki, təhsilin inkişafını istəyən hökumət onun baza prinsiplərini də qəbul etməlidir. Yəni hökumət tələbə və müəllimin onu tənqid etməsinə də normal yanaşmalıdır.



Orta məktəblərdə k


ur


ikulum, ali məktəblərdə boloniya sistemləri tətbiq olunsa da, nəticə daha acınacaqlı oldu


.



B


unun səbəbi də sistemdədir?

– Boloniya sisteminin meydana atılmasının ideya tərəfi var: Təşəbbüskarların artması, əlaqələrin genişlənməsi. Amma ideya götürülsə də, inzibati amirlik sistemi qaldığından boloniya sisteminin “qol-qanadını” sındırıb tətbiq edirlər. İslahat o deməkdir ki, köhnədən imtina edirsənsə, yeniliyi müsbət cəhətlərilə birgə tətbiq edirsən. Hökumət isə köhnəni məhv edib, yenini gətirir, amma harası xoşuna gəlmirsə, onu kənara qoyub yenidən köhnə sistemə müraciət edir. Məsələn, fəlsəfə doktoru var, bunlar ona tarix üzrə fəlsəfə doktorunu da əlavə edib, bu, gülməlidir. Təsəvvür edin ki,  doktor üstündən bir doktor da müəyyənləşdiriblər. Beləliklə, yeni sistemin özünü yox, adını gətiriblər. Səbəb də odur ki, bu məsələdə Ali Attestasiya Komissiyasının öz xeyri var. Əlbəttə, yerli xüsusiyyətlər nəzərə alınmalıdır, amma fundamental olaraq əsas prinsiplərə toxunmadan. Bu cür islahat dünyada görünməyib. Başqa bir misal, məni Misir Mərdanovun vaxtında dərsliklərin yazılması prosesinə cəlb etmişdilər, kifayət qədər aktiv fəaliyyət göstərirdim, Ekspert Qrupu da müsbət yanaşmışdı, işlər əla gedirdi. Ancaq bir gün Mərdanov dedi ki, Göyüşov orda olmamalıdır, Ekspert Qrupunun rəhbəri İsaq müəllim buna etiraz etsə də, xeyri olmadı. Bizim hökumət bir şeyi nəzərə almır, savadlı və işini bilən adam həmişə müstəqil olacaq. Bu cür adamları bir-bir sıradan çıxaranda bisavadların əlində qalmağa məcbur olacaqlar. Ona görə hökumət islahat istəyirsə, təhsildəki proseslərə tolerant yanaşmağı bacarmalıdır.


– Dediklərinizdən belə çıxır ki, fundamental islahat olmasa, müəllimlərin attestasiyası və bəzi addımların da nəticəsi olmayacaq?

– Əlbəttə, olmayacaq. Adi bir misal, şagirdlər məktəbin son 2 ilini repititor yanına gedib əziyyətlə oxuyur, hazırlaşırlar, amma ali məktəbə daxil olanda onlarla problem çıxır. Birinci problem odur ki, ali məktəb müəllimləri onların tələbatını ödəmir. Əgər tarix müəllimi dərsə 7-ci sinfin tarixini əzbərləməklə daxil olursa, görün, vəziyyət necədir?! Halbuki, 7-ci sinif tarix dərsliyi arxada qaldı, universitetin mahiyyəti başqadır. Bir sözlə, dərsliklər müasir dövrün tələbatına cavab vermir. Nəticədə o yaranır ki, formaca proses var, məzmunca yoxdur. Ona görə gənclər maksimum imkanlardan istifadə edib xarici ölkələrin universitetlərinə üz tuturlar. O zaman təhsilin nə demək olduğunu görürlər.



Dediklərinizdən belə çıxmırmı ki, yaxın illərdə təhsilimiz daha acınacaqlı dövrünə qədəm qoyacaq?

– Sözsüz. Fundamental tədbirlər həyata keçirilməyənə qədər proses ifrat həddə qədər gedəcək. Yeganə yol islahatlardır, indiki hakimiyyət islahatlar həyata keçirmək gücündədirmi, bu suala cavab vermək mənim üçün çətindir. Amma bugünə gəldiyim qənaət odur ki, islahatlar həyata keçirmək gücünə malik deyillər. Bilirsiniz, problemlər islahatlara mane olur. Birinci ən böyük addım o olmalıdır ki, müəllimi seçki saxtakarlığından uzaqlaşdırmalıdırlar. Çünki müəllim yalnız təhsil vermir, həm də vətəndaş formalaşdırır. Deməli, əliəyri adamı dərs otağına göndərirlərsə, ondan müsbət nəticə gözləmək mümkün deyil. Əgər hakimiyyət seçkini saxtalaşdırmaq niyyətindən əl çəkməyibsə, təhsil sahəsində islahat həyata keçirəcəyinə inanmıram. Vaxtilə qonşu ölkələrdə bu problem olub, Türkiyə və Gürcüstan, birdən imtina etdilər və inkişafa nail oldular. Nəticədə bu gün hamı gürcü təhsilindən danışır. Vacib məsələlərdən biri də özəl universitetlərlə bağlıdır, vaxtilə bu universitetləri yaratmaqda məqsəd pul yığmaq olub, gedib pulunu verib diplomunu alırdın. Təhsil rəqabətli mühit tələb edirsə, mütləq buna gedilməliydi, dünyanın ən yaxşı ali təhsili Amerikada formalaşıb, yalnız rəqabətin hesabına.



Sizin çıxışınızın nəticəsi o deyilmi ki, siyasi sistem dəyişməsə, təhsil inkişaf etməyəcək?

– Sistem dəyişməsə də, siyasi sistemə olan münasibət kökündən dəyişməlidir. Elə ölkələr var ki, siyasi sistemi dəyişməsələr də, təhsildə inkişafa nail olublar. Məsələn, Çin, hər il təhsil reytinqləri qoyurlar və ilk 15-16 yeri Amerika universitetləri olur. Amma buna baxmayaraq, “mən inkişaf etmək istəyirəmsə, bu reallığı qəbul etməliyəm” – deyir. Totalitar rejim olan Çin hər il xaricə minlərlə tələbə göndərir. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə “xaricdə təhsil lazım deyil” söyləyir. Ona görə də siyasi sistemin ölkənin gələcəyinə münasibəti dəyişməlidir. Ən vacib məqam odur ki, rejim öz maraqlarını dövlətin və millətin mənafelərindən üstün tutmamalıdır. Heç olmasa təhsil məsələsində cəmiyyətin və dövlətin mənafeləri hakimiyyəti qorumaq marağından üstün götürülməlidir. Bəli, müəyyən dərəcədə qurban verməlisən, buna məcbursan.


– Hakimiyyət buna gedəcəkmi?

– Əvvəllər hardasa inanırdım ki, proses dayanacaq və hakimiyyət güzəştlərə getməyə məcbur olacaq. Amma bu gün elə bir niyyəti görmürəm.



Azərbaycan hakimiyyəti son bir ildə Rusiyayönümlü siyasəti ilə diqqəti cəlb edir. Bu mənada Rusiya təhsili barədə nə deyə bilərsiniz?

– Rusiya təhsili fundamental olaraq XVIII əsrdən sonra inkişaf edib. Bu ölkənin 3-4 ən yaxşı universiteti vardı. Məsələn, Sankt-Peterburq Universiteti, amma  XIX əsrin ortalarında təhsil ocağının səviyyəsi çox aşağıydı, özləri etiraf edirdilər. Amma SSRİ-də Stalin dövründə həyata keçirilən islahatlar sovet təhsilinin inkişafına çox ciddi təsir etdi. Bəli, sovet təhsilinin qüsurları olsa da, dünya ilə rəqabətə girməyi bacarırdı. Ölkəyə silah, raket lazım olduğundan müəyyən sahələri inkişaf etdirirdilər. Aydın məsələdir ki, nə sovet maşını alman maşınıyla, nə də sovet kompüteri amerikan kompüterilə müqayisə olunurdu. Ancaq fundamental biliklərin formalaşdırılması sahəsində müəyyən nailiyyətlər vardı. SSRİ dağılandan sonra Rusiya təhsili də bizim təhsil kimi geriyə getdi. Sadəcə, ənənə olduğundan tam iflas yoxdur, amma böyük Rusiyada da vəziyyət yaxşı deyil. Bu mənada onların təhsil sistemi bizimkindən heç də yaxşı görünmür. Hazırda dünya təhsil sistemində rəqabət o həddə gəlib çatıb ki, fransızlar, hətta almanlar da ciddi nailiyyətlərdən sonra islahatlar barədə düşünürlər. Rusiya Almaniya və Fransadan çox geridə qalır, bu ölkənin yaxşı alimləri Avropaya üz tuturlar. Amerikada olarkən Sankt-Peterburq Universitetinin müəllimilə söhbət edirdim. Onu da müstəqil fikirliliyinə görə işdən azad etmişdilər, o, məvacibləri haqqında danışanda dəhşətə gəldim. Sankt-Peterburq, Moskva kimi şəhərlərdə dosentin aldığı maaş o qədər də çox deyil. Amerikada universitet müəlliminin aldığı maaş ona orta sinfin ən yuxarı təbəqəsində dayanmağa imkan verir. Ona görə Rusiya təhsil sistemini Avropa və ABŞ təhsil sistemi ilə müqayisə etmək mümkün deyil. Bu mənada Rusiya təhsil sistemi vasitəsilə inkişaf edəcəyimizi düşünmək utopiyadır. Çünki böhran vəziyyətində olan Rusiyaya bu saat kömək lazımdır. Adi bir misal, Türkiyədə olarkən Moskva Xarici Əlaqələr Universitetinin müəllimi orada rüşvətin olduğunu deyirdi, halbuki, bu təhsil ocağı sovet dövründə sıradan bir universitet deyildi. İndi təsəvvür edin də vəziyyəti. Bəli, Azərbaycanda müəyyən dəyişikliklər var, məsələn, Diplomatik Akademiya daha çox Qərb təhsil sistemi üzrə qurulsa da, müəyyən problemlər var. Problem ondadır ki, akademiya tam şəkildə akademik azadlığa çıxa bilmir. Təəssüf ki, Türkiyədəki sıçrayış yoxdur, bu ölkədə başlanan sıçrayışla ODTU kimi təhsil ocaqları yarandı. Prezident Ərdoğan 2-3 il əvvəl ODTU-ya gedəndə, az qala onu ordan qovsunlar. Bu universitetin böyük divarında “Devrim” yazılırsa, təsəvvür edin də.



Siz təhsildəki islahatlardan danışarkən yerli ənənələrin də kənara qoyulmamasına toxundunuz. Nədən ibarətdir yerli ənənələr?

– Məsələn, Amerikada okeaniya sahəsində ən yaxşı universitet Kaliforniyadır, çünki dənizə yaxındır. Sovet dövründə bu ənənə vardı, Bakı neft şəhəri olduğundan Neft Akademiyası yarandı, o zaman AZİ adlanırdı. Düzdür, SOCAR-ın ətrafında hansısa məktəb yaradıblar, amma hələ nəticə yoxdur. Çünki struktur problemləri mane olur. Yaxud Kənd Təsərrüfatı Universitetini inkişaf etmiş mərkəzə çevirmək olar, bunun üçün resurslar da yetərincədir. Real işlər görmək mümkündür, amma şərait yaradılmalıdır ki, insanlar aldığı maaşla ailəsini dolandıra bilsin. Necə olur ki, azərbaycanlı gənc xaricdə uğur qazana bilir, vətənində yox?! Bizdə NANO texnologiya aparatı alıb otağa qoyublar, işlətmirlər, tələbələr üçün qapını açıb göstərirlər, sonra bağlayırlar. Bu, inkişaf deyil, belə inkişaf olmur. Yaxud BDU-nun coğrafiya fakültəsində imtahan zamanı mikroskoplar gördüm, ötən əsrin 30-cu illərində alınanlardır. Sözsüz ki, maliyyə lazımdır və dövlət də ayırıb. Bu mənada Avropa Oyunlarına qoyulan maliyyə elmin inkişafına ayrılmalıydı.


– Elə Avropa Oyunları ilə də söhbətimizi yekunlaşdıraq. Nazir Azad Rəhimov oyunların açılışına 100 milyon manatdan çox xərcləndiyini söyləmişdi. Həmin vəsaitlə təhsildə hansı işləri görmək olardı?

– 100 milyona universitetlərin bütün laboratoriyalarının maksimum təzələnməsi mümkün idi. Amma bunun effekti dərhal olmayacaq. Necə ki, test qaydalarıyla imtahanların keçirilməsinin effektini indi görürük, yəni təhsili tam iflas olmağa qoymur. Təhsil və elm elə bir sahədir ki, yatırım qoyursansa, bir neçə ilə nəticə olmur, zaman lazımdır. Bunun üçün gərək hakimiyyət özünün mənafelərindən keçsin, amma bizim hökumətə şou lazımdır. Ona görə də hökumətə oyun daha çox sərf edir, nəinki təhsilə maliyyə qoyulması. 100 milyona minlərlə azərbaycanlı gənci xaricə oxumağa göndərmək olardı. Amma yenə Oqtay Əsədovun məlum fikrini götürsək, aydın olar ki, hakimiyyətdəkilər xaricə tələbə göndərilməsini istəmir. Çünki xaricdə oxuyan gənc açıq fikirli olur, bu isə iqtidarı qane etmir, səbəb də odur ki, o cür gənclər vətənə qayıdandan sonra problemə çevrilirlər.

Ana səhifəXəbərlər“Təhsildə radikal addımlar atılmalıdır”