Mirsahib Seyidli xaricdə təhsil alan oğlunun diplomunu Azərbaycanda təsdiqləmək üçün Təhsil Nazirliyinə müraciət edən valideynlərdən biridir. O bildirir ki, oğlu Miryunis hazırda hərbi xidmətdədir. O, 2008-2009-cu ildə Əhməd Yəsəvi adına Türk-Kazak universitetinə qəbul olsa da, diplomunu Azərbaycanda təsdiqlədə bilmir.
Mirsahib bəy bildirir ki, Təhsil Nazirliyi ona on aydır heç bir cavab vermir. O, həmçinin deyir ki, müsahibəyə çağırarkən oğlunun hərbi xidmətdə olduğu nəzərə alınmayıb.
Miryunislə eyni ildə həmin universitetə qəbul olan Rüstəm Əsədov isə on aydan sonra diplomunu Təhsil Nazirliyində təsdiqlədə bilib. Rüstəm Əsədovun qardaşı Asif Əsədov deyir ki, Nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Nəzakət Hacıyeva “Hara istəyirsizsə, şikayət edin. Buranın ağası bizik. Bizə heç kim heçnə edə bilməz”-deyə onlara cavab verib.
Meydan Tv-nin Təhsil Nazirliyinə ünvanlanan sorğusuna cavabda bildirilir ki, Miryunis Seyidlinin təhsil sənədi ilə ixtisas bilikləri arasında əhəmiyyətli fərqlər aşkar edildiyi, təhsil sahəsindəki dövlət standartlarına uyğun gəlmədiyi üçün diplomu tanınmayıb.
Təhsil üzrə ekspert Nəbatəli Qulamoğlu isə deyir ki, diplomların tanınması haqda Nazirlər Kabinetinin qərarında bildirilir ki, bir ay müddətində məzuna cavab verilməlidir. Ekspert məzunların imtahan yerinin əmək bazarı olduğunu deyir. O, Təhsil Nazirliyinin təkcə xaricdə təhsil alanlarla müsahibə aparmaqla təhsil haqqında qanunu pozmuş olduqlarını deyir.
Çernobıl qəzasında iştirak etmiş Mirsahib Seyidli deyir ki, 92-ci illərdə döyüş bölgələrində də xidmət edib. Bu səbəbdəndir ki, oğlu Miryunisin bir yaşında belə ailəsinin yanında ola bilməyib. İndi oğlunun vətəndə qalmayacağından narahatdır.