Təhsil İdarəsi: Şagird dərsdən yayınmaq üçün özünü ikinci mərtəbədən atıb

“3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub”.

Source: Meydan TV


Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir

“Dərsdən yayınmaq üçün ikinci mərtəbənin pəncərəsindən aşağı tullanan şagirdin vəziyyəti hazırda qənaətbəxşdir”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 311 saylı məktəbdə baş verən hadisəni Meydan TV-yə şərh edərkən deyib.

O bildirib ki, oktyabrın 25-də Sabunçu rayon 311 nömrəli tam orta məktəbin 10 a sinif şagirdi (azyaşlı olduğuna görə adı qeyd olunmur) dərsdən yayınmaq üçün aşağı tullanıb.

Hadisə zamanı onun qaş nahiyəsi partlayıb: “Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardıma zəng olunub. Həmçinin şagirdin valideyninə məlumat verilib. 3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Meydan TV-yə deyib ki, hadisədən xəbərsizdir.

311 nömrəli məktəbdən məsələyə münasibət bildirmək istəməyiblər.

Sabunçu rayon 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyət göstərir.

Təhsil müəssisəsinə direktor Esmira Muradova rəhbərlik edir.

Şagird sıxlığı ilə əlaqədar dərslər iki növbəli rejimdə tədris olunur.

Rəsmi məlumata görə, məktəbdə 2179 şagird təhsil alır. Müəllimlərin sayı isə 112 nəfərdir.

Ana səhifəSosialTəhsil İdarəsi: Şagird dərsdən yayınmaq üçün özünü ikinci mərtəbədən atıb