“Təhsil haqqında” qanuna dəyişikliklər edilir

Foto: Prezident.az

Bakalavriat və magistratura səviyyələrində təhsilalanlarla bağlı yeni qayda hazırlanır

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq.

Bu, Milli Məclisin Elm və təhsil komitəsinin oktyabrın 19-da keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə yer alıb.

Dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.

Tələbələrin ali məktəbə bərpası və kollecdən xaric olunması qaydası hazırlanır

Həmçinin orta ixtisas təhsil müəssisələrində təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydası da hazırlanır. Orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

Xaricdə təhsil alanların köçürülməsi qanunla tənzimlənəcək

“Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitə sədri Bəxtiyar Əliyev deyib ki, xaricdə təhsil alan tələbələrin köçürülməsi qanunvericiliklə tənzimlənəcək. O bildirib ki, xaricdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə boşluq var:

“Ölkə daxilində fəaliyyət göstərən özəl təhsil müəssisələri ilə bizim problemimiz yoxdur, bu təhsil müəssisələrində tələbələrin köçürməsi tənzimlənir. Amma xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi mövcud qaydalarla tənzimlənmirdi. Yeni təklif etdiyimiz qaydalar artıq bunu da əhatə edəcək”.

Komitə sədri çıxışı zamanı rektorları tənqid edib. Deyib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri milli təhsil standartları ilə işləmirlər:

Bəxtiyar Əliyev. Foto: “Teleqraf.az”

“Bu gün hələ də əmək bazarının tələblərinə cavab verən peşə standartları hazırlanmayıb. Bu standartlar olmayandan sonra ali təhsil müəssisələrində proqramı necə tərtib edilsin? Bu məsələni nazirliklə də müzakirə etmişik. Bu gün deyə bilmərəm ki, tələb olunan peşə standartları hazırdır. Ancaq bəziləri hazırlanır”.

Komitə sədri həmçinin doktorantların köçürülməsində yaranan problemə toxunub. Bildirib ki, qanuna təklif edilən dəyişikliklər doktorantları əhatə etmir:

“Doğrudur, bu gün doktorantlar təhsil aldıqları müəssisələri dəyişdirmək istəyəndə bir çox ciddi problemlərlə qarşılaşırlar. Çünki hazırkı qanunvericilikdə elmi təşkilatların doktoranturası var, onlar ləğv edildikdə köçürmə məsələsi ortaya çıxır. Amma bütün hallarda tələbə deyiriksə, doktorant da tələbə hesab olunur. Bu kimi məsələlər yeni hazırlanan qanun layihəsində nəzərə alınmalıdır”.

“Akademik köçürmənin hüquqi bazası yoxdur”

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Komitə iclasında bildirib ki, bu gün akademik köçürmənin hüquqi bazası yoxdur:

“Bu da müəyyən qanunsuzluğa səbəb olurdu. Məsələn, kənd təsərrüfatı ixtisasına qəbul olanlar köçürülmə yolu ilə mühəndisliyə keçirdilər. Ona görə bu dəyişikliklər çox mütərəqqidir”.

O, həmçinin təhsil tələbə kreditlərindən də danışıb. Deyib ki, tələbələr bu krediti götürməyə çəkinirlər.

Yaqub Piriyev. Foto: APA

Y.Piriyev kreditlərə görə faiz tutulmadığını xatırladıb:

“Başa düşmürlər ki, bu, sosial kreditlərdir. Buna görə faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək”.

“Universitetlərdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin qarşısı alınacaq”

Komitənin üzvü İsa Həbibbəyli isə qeyd edib ki, ali məktəblərdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin qarşısı alınacaq.

İsa Həbibbəyli
Foto: Meydan TV

“Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sahəsində 2013-cü ildən təkmilləşmə prosesi gedir. Uzun illər bu proses ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsinə əsasən aparıldığından, bir çox hallarda pərakəndəliyə və qeyri-şəffaflığa səbəb olur. Lakin indiki halda bu gün köçürmələrlə bağlı qaydaların qanunvericilik səviyyəsinə qaldırılması, bu qaydaları daha da ciddiləşdirmək və yaxud hamı üçün məqbul olan hüququ təmin etmək üçün əhəmiyyətlidir. Bu, ali məktəblərdə köçürmələrdə aşağı ixtisaslardan yüksək ixtisaslara keçidin də qarşısını alacaq”.

Ana səhifəSosial“Təhsil haqqında” qanuna dəyişikliklər edilir