Nabatəli Qulamoğlu hesab edir ki, təhsilin standartları dəyişməlidir
“Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu, tək bizdə yox, bir çox ölkələrdə də belədir”.
Elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında belə deyib.
Məlumatı “report.az” yayıb.
Nazir deyib ki, özəl məktəblərdəki şagirdlər problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir.
Ona görə də hesab edir ki, məktəblərin məzmunu mütləq dəyişməlidir:
“Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi”.
“Məktəbdə hazırlanan şagird sabah onu həyatda gözləyən təhdid və reallıqlara hazır böyüməlidir. Yəni biz şagirdi hansısa nəzəri və ya konseptual məsələlərlə hazırlaya bilərik, lakin biz onu da başa düşməliyik ki, düzgün strukturlaşmış beyin həmişə içi düzgün doldurulmuş beyindən daha yaxşıdır. Bu mənada bu və digər məsələlərə yanaşmanı şagirdlərə təbliğ etmək önəmlidir”, – deyə Əmrullayev əlavə edib.
“Əmrullayev bu gün doğrunu deyir, amma sabah ona təzyiq edib sözünü dəyişdirə bilərlər”
Təhsil eksperti Nabatəli Qulamoğlu nazirin fikirlərini bölüşür.
O, Meydan TV-yə deyib ki, Emin Əmrullayev avtoritar idarəetmənin məmuru olsa da, təhsilin işığını başa düşür:
“Məsələ ondadır ki, Emin Əmrullayev bu gün doğrunu deyir, amma sabah ona təzyiq edib sözünü dəyişdirə bilərlər. Nümunələr də var. Məsələn, orta məktəblərdə normal dərs keçilmədiyini bildirmişdi. Sabah mətbuat katibi Cəsarət Valehoğlu nazirin sözünün kontekstdən çıxarıldığını dedi. Yəni Əmrullayev təhsilin millətin gələcəyi üçün nəyə qadir olduğunu bilir. Amma mərkəzi hakimiyyət ona işləməyə imkan vermir”.
Nazirin dediklərinə gəlincə, N.Qulamoğlu hesab edir ki, təhsilin standartları dəyişməlidir:
“Təhsilimizi elə məzmunda qurmalıyıq ki, sabah təbii fəlakətlə üzləşəndə qarşısını ala bilək, yaxud vəziyyətdən çıxaq. İkinci, şagirdlərin başını lazım olmayan biliklərlə doldururlar. Məsələn, neçə gündür Dövlət İmtahan Mərkəzi ilə nazirlik arasında “yanaşmaq” sözü ilə bağlı mübahisə gedir. Axı bu kimə lazımdır? Yaxud “müştərək feil”lə “qarşlıq feil”in incə fərqi üstündə mübahisələr qızışır. Şagirdlərə bunları yox, bilik vermək lazımdır. O bilikləri ki, sabah bizi əhatə edən faciələrdən çıxa bilək. Nazir də bunu demək istəyir, amma imkan versələr… Məsələ ondadır ki, ölkənin sel basmasına razı olurlar, amma sistemin “vintlər”inə toxunulmasına yox”.