Təhlükəli qadınlar

Yazılarımı az-çox oxuyanlar bilirlər ki, qadın-kişi münasibəti mövzusunda kişilərə qarşı necə amansız tənqidi münasibət sərgiləyirəm

Source:

Yazılarımı az-çox oxuyanlar bilirlər ki, qadın-kişi münasibəti mövzusunda kişilərə qarşı necə amansız tənqidi münasibət sərgiləyirəm. Həmin yazılarıma görə məhz kişilər tərəfindən xeyli sərt reaksiyalar və təhqirlər alsam belə, öz mövqeyimdən geri çəkilmirəm.

Məncə, ölkəmizdə qadınlarımız özünəhörmət cəhətdən kişilərdən xeyli qabaqdadılar. Qadınlarımız, özlərini hər gün inkişaf etdirərək, yüksəldiyi təqdirdə, kişilərimizin böyük hissəsi getdikcə nüfuzlarını itirməkdədilər.

Təəssüf ki, bu hal, ailə institutu, gender bərabərliyi və ümumilikdə gələcəyimiz üçün pis nəticələr yaratmaqdadır. Həyəcan təbili çoxdan işə düşüb, lakin onun gur səsindən nəticə çıxaranlar, islah olmaq istəyənlər azdır. Türklər demişkən, kişilərimiz özlərinə çəki-düzən verməsələr, onsuz da yaxşı olmayan vəziyyət, lap bərbad olacaq.

Təbii ki, güclü xarakterə malik, diqqətli və anlayışlı olmaqla bərabər, özünü və qadınını xoşbəxt etməyi bacaran, ailəyə ədalətlə başçılıq edə bilmə potensialında olan kişilərimiz də var. Niyyətim sırf həmin kişiləri xəbərdar etmək və qorumaqdır. Ona görə, bu yazımda, maksimum şəkildə kişilərin ömrünü yeyən və onları bədbəxt edən təhlükəli qadınların xarakterik səciyyəvi tiplərini göstərməyə çalışacam.

Xatırladım ki, burda yazılanlar qətiyyən ümumiləşdirmə deyil və yenə təkrar edim ki, yazım, kişiləri xəbərdar etməyə yönəlib. İstənilən halda məqalədən qadınlar da özlərinə pay götürməkdə azaddırlar.

Elə qadınlar var ki, onlar çox yaxşı rəfiqə, gözəl iş partnyoru və hətta ideal məşuqə ola bilsələr belə, evlənmək və həyat yoldaşı olmaq üçün tamamilə yararsızdılar.

Beləliklə, həmin qadınların əsas özəllikləri bunlardır:


*Radio-qadın

Belə qadınlar heç vaxt susmurlar. Onların əsas enerjisi danışmağa gedir. Görüş vaxtı, ya da elə telefonda danışarkən, söhbəti onlar idarə edirlər. Həmin danışıqda əgər 10 faiz payınız olubsa, deməli, siz çox ‘başarılı’ olmusunuz, onsuz da danışığın 90 faizi həmin qadınlara məxsus olacaq. Onlara elə gəlir ki, həyatlarında baş verən hər hadisəni, hər xırdalığı və demək olar hər şeyi təfərrüatlarına qədər danışmalı və sizin söhbət vaxtı “fəal” olduğunuz 10 faiz danışığı belə hərtərəfli şərh etməlidilər.


*Qayğılı qadın

Əvvəlcə, onunla yaşadığınız hər şey sizə çox mükəmməl görünəcək, ancaq bir də görəcəksiniz ki, xanım, qayğılı sifarişlərə başlayacaq: ‘Bizim toyda filankəslər iştirak edəcək, filankəslər isə yox’, ‘evlənəndən sonra evin divar boyalarını mütləq filan eləməliyik’ və s.

Sonra hər şey daha da mürəkkəbləşəcək. Təxminən, 5-ci ya 6-cı görüşdən sonra nə qədər uşağınızın olmağı barədə planların ‘müzakirəsi’ başlanacaq. Bu qayğılı müzakirəni təbii ki, o başladacaq.

Qadınlar hadisələrin reallaşmasını bu şəkildə tələsdirəndə kişilər başlarını itirirlər. Çünki belə şeylər onlara ağır gəlir. Bu, o demək deyil ki, kişilər buna “hazır” deyil, yox, sadəcə, onlar başa düşür ki belə qadınların əsas dərdi-səri ərə getməkdir.


*Tənqidçi qadın

Siz, bu qadın üçün nə etsəniz də, o həmişə bunu əskik hesab edəcək. Etdiyiniz jestlərdə, gördüyünüz işlərdə onun “standartları” yoxdursa, həmin əməllərə “çatışmazlıq” damğası vurulacaq. Hətta, siz bir qələt edib, ona necəsə surpriz etsəniz belə, ilk qeyri-səmimi təbəssümdən sonra, surprizinizə “mız” qoyulacaq. Belə olan surətdə də sizin həvəslə gördüyünüz iş burnunuzdan gələcək.

Səbəbi konkret olaraq məlum deyil, ancaq bu həyatda elə qadınlar var ki, onların imkanı olsa, bütün Yer kürəsinə qarşı müharibə elan edərlər, əsas da kişilərə qarşı.. Onların əllərində böyük emosiya baqajı var və fürsət düşdükcə, emosiyalardan kəskin qılınc kimi istifadə edərək sizi kəsik-küsük edəcəklər.

Belə qadınlar iztirabdan başqa heç nə vermək iqtidarında deyillər. Ona görə də boş yerinə ümidlənməyin ki, “nikah hər şeyi yoluna qoyacaq”. Əksinə toydan sonra hər şey daha da pis ola bilər.


*Qlamur qadın

Belə qadınlar görünüşcə olmasa da, xasiyyətcə eynidilər. Onlar ölkəmizdəki iqtisadi böhranın artması ilə günü-gündən çoxalmaqdadılar. Belə qadınları aşırı dəbdəbəli görünüşlərinə, gözəgəlimli seçkin geyimlərinə, daimi gülüşləri və baş verən hər şeyə yüngül yanaşma tərzləri ilə tanımaq mümkündür. Bu qadınlar yataqda çox fəal olurlar, kişilərə rəngli intim anlar yaşada bilirlər, amma di gəl ki, onların zəkası, intellekti barədə “fəal və rəngli” ifadələrini işlətmək olmaz.

Bəlkə də hamımıza elə qadınlar rast gəlib, hansı ki, çox füsunkar görünüşə malikdilər, ancaq ağızlarını açdılarmı, həmin füsunkarlıqdan əsər-əlamət qalmır. Mənəvi dünya belə tip qadınlar üçün mövcud deyil. Onların həyatının böyük hissəsi brend paltar mağazalarında və bahalı restoranlarda keçir.

Əsas danışıq mövzuları və müzakirə predmetləri, manikür-pedikür, ən son çıxan kosmetik vasitələrinin keyfiyyəti, müğənnilərin və yaxın tanışlarının geyindikləri paltarlarla bağlı məsələlər olur. Təəssüflə qeyd etməliyəm ki, küçədə və “İnstagram”da gördüyünüz başgicəlləndirici görünüşə malik əksər xanımlar bu kateqoriyaya malikdilər.


*Şahzadə qadın

Bu da çox qorxulu tipdir. Hikkələri ilə seçilən belə qadınlar hətta dırnaqlarını belə sındırsalar, sizə zəng edib, ağlaya-ağlaya təcili işdən evə dönməyinizi və ona “kömək” etmənizi tələb edəcəklər.

“Tez elə, məni salona apar, özüm gedə bilmirəm! Axı, sən, kişisən!”

Onlara uşaq yaşlarından ataları “sən, prinsessasan, şahzadəsən” dedikləri üçün onlar da bu düşüncəyə malik olublar ki, elə həmişə şahzadə olaraq qalacaqlar. Əgər pulunuz olmasa, həmin qadınlar, sizi kişi olaraq qəbul etməyəcəklər.


*Aciz qadın

Bu cür qadınlar, özləri üçün də təhlükəlidirlər. Onlar məişət həyatında bədbəxt hadisələrin əsas yaradıcı qüvvələri sayılırlar.

“Sən, mənim hər şeyimsən” deməklə, sizin boynunuzda və inkişaf yolunuzda otura biləcək belə qadınlar həm evdə, həm də çöldə müstəqil iş görmək bacarığından uzaq olurlar.

Gün ərzində sizə 40 dəfə zəng edəcək və sizi həyatının “əsas” adamına çevirəcəklər. Sizdən başqa onun nə dost-tanışı, nə də ünsiyyətdə olduğu bir çevrəsi olacaq.

Öz sevgisi ilə sizi boğub, məhv edəcək.

Hə, əgər bu ünsürləri özündə toplayan bir qadınla hələ də görüşürsünüzsə, gec olmamış ondan uzaqlaşıb, bərkdən qaçın!


*Ana tipli qadın

Belə qadınlar adətən dolubədənli, ağır xarakterli olurlar. Hətta onların qəribə, yekə əlləri və barmaqları da olur. Bu cür qadına daha çox kişi yox, qayğısına qalması üçün məhz uşaq lazımdır. Kişi ona elə-belə “ad” xətrinə gərəkdir, onsuz da onun əlindən hər iş gəlir.

“Hələ bir sözümə qulaq asma!”, “bu paltarı geyin, onu yox!”, “məni biabır eləmə, belə şalvarla heç yerə getməyəcəyik!”

Təhlükəni hiss etdinizsə, ilk fürsətdə aradan çıxın, yoxsa batıb, yox olacaqsınız!


*Klub qadını

Elə anlaşılmasın ki, kluba və əyləncə yerlərinə gedən qadınları təhqir edirəm, yox! Bu ifadə daha çox xarakterlə bağlı məsələdir.

Onların adətən qəşəng üzü, iri dodaqları, uzun, cəlbedici ayaqları və yaddaşla bağlı problemləri olur.

Münasibətin əvvəlində onlardan çox da böyük problemlər gəlməyəcək. Daha sonra hər şey sizi qıcıqlandırmağa başlayacaq. Çünki onun riyakar olduğu üzə çıxacaq. O, öz gözəlliklərini, nəinki, sizə, ətrafdakı hamıya göstərəcək. Tez-tez gecə klublarına üz tutan qadınlar adətən bu həyat fəlsəfəsi ilə yaşayırlar.

Hə, əgər, siz, sehrbaz deyilsinizsə, o zaman onun sizə qarşı olan hissləri əriməyə başlayacaq və bu hisslər ona yaraşıqlı görünən başqa kişiyə yönələcək.

Belə qadınlar 5-6 uğursuz münasibətdən sonra deyirlər ki, “kişilərdə əsas yaraşıq, gözəl bədən və var-dövlət deyil, ağıl və düşüncədir”.


*Passiv qadın

Günlərini, həyatını sosial şəbəkələrdə və “whatsapp”da avaralanmaqla keçirən, kitablardan, filmlərdən və incəsənətdən tamamilə uzaq qəmli, kədərli qadın tipindən mütləq uzaq durun! Belələri sosial şəbəkələrdə tanış olduğu onlarla kişi ilə yazışaraq, flirt edər və onu ən çox cəlb edən, biri ilə görüşüb, ayrılandan sonra “həyat mənasızdır”, “bütün kişilər eynidir” tipli statuslar paylaşaraq, neqativ saçarlar. Belələrinin nə əyin-başı, nə də ev-eşikləri təmiz olur. Onlar hətta normal öpüşməyi də bacarmırlar.

Əziz ağıllı və ədalətli həmcinsim, sənə hər şeyin ən xeyirlisini arzu edirəm! Bol sevgi və harmoniya dolu münasibətdən zövq alasan!



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTəhlükəli qadınlar