Təhlükə hər zaman Rusiyadan…

Azərbaycanın öz maraqları olmalıdır…

Source:

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İ.Əliyev çıxış edib.

Almaniya Bundestaqının (Federal məclis) 12 iyun 2015-ci ildə qəbul etdiyi qətnamə barədə İ.Əliyev odlu-alovlu danışdı. Səbəb də Bundestaqın Azərbaycan hakimiyyətini ölkədə apardığı antodemokratik, avtoritar siyasətini,insan haqlarının pozulmasını tənqid edir və siyasi məhbusların azadlığını tələb edir.

Amma Almaniya Bundestaqı 14 may 2015-ci ildə qətnamə qəbul edərək Ermənistanı işğalçı dövlət adlandırıb və parlamentarlar Ermənistanın Azərbaycan ərazilərindən geri çəkilməsinin vacibliyini vurğulayıblar.

12 iyundakı qətnamə hakimiyyətin marağına toxunduğu üçün bu cür əsəbləşiblər. Halbuki, buna dözümlü yanaşıb 14 maydakı dövlətin marağına daha uyğun olan qətnamənin mühümlüyünü qabartmalıydı hakimiyyət. Çünki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin qətnamələrindən sonra bəlkə də Almaniyanın bu qərarı ilə daha çox gündəmə gəldi. Və bundan istifadə edərək digər dövlətlərin də belə qərarlar qəbul etməsi üçün lobbiçilik fəaliyyətini gücləndirmək aparmaq olar. İ.Əliyev müşavirədə sual verib ki, “Almaniya Bundestqanın bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Bu qətnamələr bizim üçün kağız parçasıdır.”

Bəs Almaniya Bundestaqının 14.05.2015-ci ildə qəbul etdiyi qətnamədə Ermanistanı işğalçı adlandırması necə? Axı bu qətnamə Azərbaycanın maraqlarına zidd deyildi. Qarabağın işğaldan azad edilməsi üçün Almaniya kimi dövlətlərlə daha sıx əlaqələr qurmaq lazımdır. Erməni lobbiləri çürük təbliğatları ilə olmayan soyqırımı dünyaya tanıtdırmaq üçün dəridən qabıqdan çıxırlar, amma biz faktiki işğalda olan ərazilərimizin azad olunması üçün nələr etməliyik? Bu gün Almaniyanı topa tutduq, sabah digər ölkələri. Bəs balanslaşdırlmış xarici siyasət harada qaldı?

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il 12 yanvarda Qərb dövlətləri tərəfindən rəsmən tanınmağa başlayanda bizim üçün çox mühüm hadisə idi bu. Aylarla danışıqlar aparan cümhuriyyət fədailəri sonda nail olmuşdular Azərbaycanın tanınmasına. Şərqdə ilk demokratik cümhuriyyət quran Rəsulzadə və silahdaşları bu gün sağ olsa idilər belə xarici siyasət aparmazdılar.

Azərbaycana ən böyük təhlikə hər zaman Rusiyadan gəlib. Amma Rusiya bu gün Ermənistana silah satır, böyük maliyyə yardımları edir. Rusiya və ya digər ölkələr nə vaxt qərar qəbul edib Ermənistanı işğalçı dövlət adlandırıblar?

Avropanın, Almaniyanın öz maraqları ola bilər, amma Azərbaycan özünü təcrid siyasəti aparmamalıdır. Ölkədə onlarla siyasi məhbus var, inanclı məhbuslarımız var, toplaşma və fikir azadlığına təzyiqlər var. Təbii ki, bunlar varsa Avropa nə vaxtsa bunları tənqid edəcək. Siyasi məhbuslar olmasa, söz və toplaşma azadlığına basqılar olmasa bu tənqidlər, qətnamələr də olmaz məncə. Azərbaycanın inkişafı, Qarabağın işğaldan azad edilməsi, azad seçkidən, demokratik prinsiplərə əməl etməkdən, qanunların qarşısında hər kəsin bərabər olmasından, iqtisadi azadlıqdan keçir.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir…

Ana səhifəMənim FikrimcəTəhlükə hər zaman Rusiyadan…