Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmadı
Oktyabrın 4-də Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının girov əvəzində ev dustaqlığına buraxılması barədə vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyib. Bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat yayıb. O, məhkəmədə Əfqan Muxtarlının bəzi yasaqlardan şikayətləndiyini bildirib:
“Məhkəmədə çıxış edən jurnalist təcridxanada yasaqların artdığından gileylənib. Ona yaxınları ilə görüş izni verilmədiyini deyib. Bundan əlavə, ona kitab ötürülməsinə imkan verilmir. Telefonla yalnız həyat yoldaşı ilə danışmasına icazə verirlər”.
Əfqan Muxtarlı 30 kq-dan çox çəki itirdiyini, Ombudsmanın onu ziyarət etdiyini də bildirib:
“Ombudsman ona problemlərinin aradan qaldırılmasına yardım edəcəyini deyib. Əfqan Muxtarlı deyir ki, bir həftədən çoxdur həbsdəki problemləri daha da çoxalıb. Jurnalistin səhhətindəki problemlər də qalmaqdadır. O, ürək ağrılarından da şikayət edib. Bildirib ki, ürəyi ağrıyır, həkimlər təzyiqini ölçüb, gedirlər. Hər hansı müalicə aparılmır. Təzyiqimi isə özüm də ölçə bilirəm”.
Ə.Muxtarlı məhkəmədən bütün bunları nəzərə alaraq onu ev dustaqlığına buraxmalarını istəyib.
Vəkili isə məhkəməyə jurnalistin ev dustaqlığına buraxılmasından ötrü mənzil ünvanı da təqdim edərək, vəsatətlərinin təmin edilməsini xahiş edib.
Hakim Şəlalə Həsənova vəsatəti rədd edib.
Jurnalistin vəkilləri məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.
Ə.Muxtarlının vəkilləri bundan öncə də onun ev dustaqlığına buraxılmasından ötrü məhkəməyə müraciət etmişdilər. Həmin müraciət də rədd edilmişdi.
Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə Gürcüstandan Azərbaycana gətirilərək həbs edilib.
Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.
Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.