Milli Şura erkən parlament seçkisi ilə bağlı bəyanat yaydı
Dekabrın 1-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) gözlənilən erkən parlament seçkiləri haqda bəyanat yayıb.
DQMŞ hesab edir ki, gözlənilən yeni seçkilər ölkədə çox ciddi sosial, siyasi gərginlik dövrünə təsadüf edir:
“Hakimiyyət qollarının heç biri legitim deyil. İndiyədək keçirilmiş bələdiyyə, parlament, prezident seçkiləri və referendumlar demokratik olmayıb, xalqın iradəsini əks etdirmir və xalq etimadına malik deyil, bu da əlavə siyasi böhran yaradır. Azərbaycan xalqı hakimiyyətin getdikcə bir əldə cəmləşməsi ilə barışmaq istəmir”.
Milli Şura ehtimal edir ki, erkən seçkilərdə məqsəd demokratikləşmə və islahatlar yox, hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək, cəmiyyəti və müxalifəti qəfil yaxalayıb seçkiləri daha asan saxtalaşdırmaqdır. Milli Şura bu ehtimalların həqiqət payının yüksək olduğunu düşünür və bunu nəzərə alır. Lakin bununla yanaşı hesab edir ki, nəzərdə tutulan erkən seçkini cəmiyyət üçün müsbət hadisəyə çevirmək şansı da var:
“Təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır. Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun. Milli Şura Azərbaycan cəmiyyətində dinc, demokratik inkişafa inam və ümid yarada bilən seçkilərdə iştiraka hazır və qalib gəlmək iddiasındadır”.
Milli Şura seçki komissiyalarının iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşmasının, namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmasınının, bərabər təbliğat imkanlarının, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarının bərpa olunmasını vacib sayır:
“Əsasən də sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməli, seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməli, seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalı, nəhayət, siyasi məhbuslar azad edilməlidir”.
Milli Şura sadaladığı tədbirlərin həyata keçirilməsi üçün vaxtın olduğunu qeyd edir:
“Əks təqdirdə, yeni seçki keçirməyin heç bir mənası olmayacaq. Ona görə də hakimiyyət təcili qaydada bu minimum islahatları həyata keçirməlidir. Bu tədbirlər həyata keçiriləcəyi təqdirdə Milli Şura seçkilərdə iştirak edəcək”.
Milli Şura ölkənin bütün müxalifət qüvvələrini və bütövlükdə Azərbaycan xalqını seçki islahatı ilə bağlı bu tələbləri müdafiə etməyə çağırır:
“Bu tədbirlər həyata keçirilməsə və ölkədə minimal seçki mühiti yaradılmasa, məlum olacaq ki, hakimiyyətin niyyəti daha bir seçkini xalqdan oğurlamaq və yenidən parlamenti zəbt etməkdir. Bu halda Milli Şura təbii ki, nəticəsi əvvəlcədən bilinən prosesdə iştirak etməyəcək və seçkiləri boykot edəcək”.
Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisə məktub yazaraq prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət etməyi təklif ediblər. YAP deputatlarına belə bir müraciətin hazırlanması hakim partiyanın Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında tövsiyə edilib.
Bununla bağlı keçirilən mətbuat konfransında
YAP icra katibi Əli Əhmədov
bildirib ki, bu addım prezidentin islahatlar konsepsiyasının dəstəklənməsidir və bu çərçivədə parlamentin tərkibinin yenilənməsi lazımdır.
Sabah, dekabrın 2-də Milli Məclisin növbədənkənar iclasında YAP-ın müraciəti müzakirəyə çıxarılacaq.