”Təcili əməliyyat olunmalıdır, növbədəki yeri isə 400-dür”

3 yaşlı Murad pulsuz əməliyyat üçün 2 ildən çoxdur gözləyir, hələ neçə il də gözləməlidir

Source:


3 yaşlı Murad pulsuz əməliyyat üçün 2 ildən çoxdur gözləyir, hələ neçə il də gözləməlidir

“Təcili əməliyyat olunmalıdır, ancaq bunun üçün növbədə 400-cü xəstədir. Növbəyə yazıldığı 2 ildə hələ cəmi 60-70 xəstə əməliyyat olunub. Muradın növbəsinin çatmasına illər var. Ona görə də pulsuz əməliyyatdan əlimizi üzmüşük”.

3 yaşlı Murad Meytili bir neçə xəstəlikdən əziyyət çəkir. Bunlardan biri də eşitmə qabiliyyətinin olmamasıdır. Anası Zülfiyyə Meytiyeva deyir, əslində Murad elə həkim səhlənkarlığı üzündən eşitmə qabiliyyətini itirib. Doğuş zamanı körpə həkim səhlənkarlığından travma alıb, beyninə qan sızıb. Başına su yığıldığı üçün 6 aylığında əməliyyat olunub. Bundan əlavə, sarılıq keçirib. Test olunmadan vurulan antibiotiklərsə körpədə yüz faiz karlığa və sol tərəfin iflicinə səbəb olub, yeriyə bilmir. Ana deyir ki, həkimlərin yıxdığı körpəni indi onlar ayağa qaldırmağa çalışır:



Yeriməsi üçün eşitməsi vacibdir

“Uzun müddətdir Uşaq Bərpa Mərkəzinə aparıb-gətirirəm. Hələ indi-indi tək-tək addım atmağa başlayır. Bir dəfə başından əməliyyat olundu, başına su yığılmışdı, əməliyyatla çəkdilər. 3 min manata başa gəldi. O borcu hələ qaytara bilməmişik. Qulağına görə də əməliyyat olunmalıdır. İmkanımız yoxdur, pulsuz əməliyyat üçün dövlətə müraciət etmişik. Səhiyyə Nazirliyi növbəyə qoyub, 400-cü xəstədir. Maraqlanmışam, hələ Muradın əməliyyatı bu gedişlə ən tezi 3-4 ilə baş tuta bilər. İş orasındadır ki, Muradın xəstəliklərinin hamısı bir-biri ilə bağlıdır. İlk növbədə, eşitmə qabiliyyəti düzəlməlidir ki, yeriməsi üçün ona deyilənləri eşidib hərəkət etsin”.

Muradın dövlətdənkənar əməliyyatı isə 30 min manata başa gəlir. Anası deyir, Murada baxdığına görə dövlət ona 82 manat müavinət verir. Bu isə Muradın xırda-para dərmanlarına zorla yetir. Fərdi şəkildə əməliyyat etdirməyə ailənin imkanı yoxdur.

Müavinət dərmanlara çatmır

“Çox ehtiyaclı ailəyik. Uşağa görə aldığım müavinətlə dərmanlarının heç yarısını ala bilmirik. İstəyirəm Muradım da yerisin, danışsın, eşitsin… Bağçaya getsin, gələcəkdə məktəbə getsin… Əsgər olsun. İflic, kar vəziyyətdə evin bir küncündə qalmasın. Həyatı qarşıdadır, ancaq onu ayağa qaldırmağa, sağlamlığına qovuşdurmağa imkanımız çatmır. Gözümün qarşısında Muradın səhhəti hər gün geriləyir. Körpə vaxtından yarımcan edib veriblər qucağımıza, indi sahib çıxmırlar,”- ana deyir.

Bakı Şəhər Baş Səhiyyə İdarəsindən Meydan TV-yə bildirilib ki, bu əməliyyat növbəlik prinsipi əsasında həyata keçirilir: “2 il əvvəl Murad Meytilinin anası Zülfiyyə Meytiyeva quruma müraciət edib. Qurum da öz növbəsində onun müraciətini koxlear implantasiya əməliyyatının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə komissiyaya çatdırıb. Komissiya körpəni əməliyyat üçün növbəyə götürüb. Növbə çatanda əməliyyat baş tutacaq. Əgər uşağın səhhətində ağırlaşma varsa, valideynləri əməliyyatın növbədənkənar keçirilməsi ilə bağlı Komissiyaya müraciət etməlidir. Son qərarı Komissiya verməlidir”.

Balaca Muradın ailəsi isə bu dəfə dövlət xəstəxanalarının qapılarında qalmağı vaxt itkisi hesab edir. Ailə xeyirxah insanlardan kömək gözləyir. Bu məqsədlə ailə “Bank Respublika”da hesab açıb. 3 yaşlı Muradın sağlamlığına qovuşması üçün xeyirxah insanların yardımına ehtiyac var.

Ana səhifəXəbərlər”Təcili əməliyyat olunmalıdır, növbədəki yeri isə 400-dür”