Təbiətin əleyhinə gedən qadınlar

Mart da gəldi.

Source:

Mart da gəldi. Heç olmaya indi bədən fiquranıza baxmağa, özünüzə çəki-düzən verməyə başlayacaqsınız, yoxsa Novruz bayramının təamları içində nəfəs almadan, bir ay da yeyib, şişəndən sonra bu haqda düşünəcəksiniz?

Kimlərsə deyə bilər ki, minlərlə problemin əhatəsində boğuluruq, adamın toxunduğu mövzuya bax. İnandırım sizi ki, bu da problemli mövzudur, həm də ağır nəticələrlə sonlanır. Məsələn, düzgün qidalanmamaq, idmandan, fiziki məşqlərdən uzaq olmaq onkoloji xəstəliklərə səbəb olur. Sonra gəl əməliyyata, iynə-dərmana geninə-boluna pul xərclə. İşin hələ mənfi psixoloji tərəfləri də var.

Ölkəmizdə bir-birinə ziddiyyətli və paradoksal bir hal yaşanır. Əslində bədən quruluşuna fikir vermək, daha gözəl görünməyə çalışmaq estetik mədəniyyətdən başqa həm də fərdin intim hisslərinin ayıq və normal olmasından xəbər verir. Bu hal ətrafdakılara və sevdiyin şəxs üçün daha cəzbedici enerji yaratmağa xidmət edir və çox təbii hesab olunur.

Yeniyetmələrin həddi-buluğa çatanda saatlarla güzgü qabağında dayanıb, daha gözəl görünmək cəhdləri intim oyanışdan qaynaqlanır. Bayaq vurğuladığım vəziyyətin qeyri-təbii və ziddiyyətli məqamını isə gənc qadınların özləri yaradır. Söhbət böyük çoxluqdan gedir. Onların çoxu nə fiquralarına, nə ümumi estetik təmizliklərinə yetərincə baxmırlar. Buna rəğmən yenə arzuolunan olaraq qalırlar. Onların arxayınlığı cəmiyyətin qapalı olmasından qaynaqlanır. Belə şərait ətrafda “yanıq” kişilər yetişdirir. Yaranan münbit şərait qadınların tənbəl və baxımsız olmalarına gətirib çıxarır. Həmin qadınlar əmindilər ki, istənlən kişiyə yaxınlaşıb, ona tanışlıq təklif etsələr, rədd cavabı almayacaqlar. Əslində kişilər görməmişlikdən bu günə düşüblər.

Mən kişilərin ətirsiz, baxımsız, yekəqarın tipdə olmasını da şiddətlə qarşıyam. Söhbət həm də gigiyenik təmizliklərdən gedir. Hər şey qarşılıqlı olmalıdır. Amma bu yazım əsas olaraq qadınların vəziyyətini əhatə edir.

Qadın da, kişi də bir-biri üçün yaranıb, onların bir-birilərinə meyl etməsi, əldə etmək istəyi olduqca normaldır. Sivil cəmiyyətlərdə qadınlar da kişilər kimi qarşı cinsin diqqətini çəkməyə və bəyəndiyi kişinin ürəyinə yol tapmağa, onu əldə etməyə çalışana qədər müxtəlif zəhmətlərdən keçirlər. Bu kişilərə də aiddir. Əgər adamlar bir-birlərindən müsbət elektrik ala bilirlərsə, naz və süründürməçilik halları yaşanmır. Həyat və münasibət süni şəkildə mürəkkəbləşdirilmir. İnsanlar dərk edir ki, onsuz da həyat çətindir və onu bir az da özləri məhdudiyyətlər və qayğılarla çətin eləmirlər.

Bir neçə gün öncə “Youtube”də post-Sovet ölkələrindən birində lentə alınan sosial video-eksperiment izlədim. Baş verənləri gizli kamera lentə alırdı. Deməli, gənc gözəl bir qız şəhərin mərkəzində müxtəlif oğlanlara yaxınlaşır və onlardan xoşu gəldiyini bildirir, tanış olmaq istəyini söyləyir. Kişilərin çoxu cazibədar qızın təklifini müsbət qarşılasa da, bir xeyli gənc oğlan, qıza mədəni şəkildə rədd cavabı verirlər.

İndi həmin eksperimentin Bakının mərkəzində baş tutduğunu təsəvvür edin. Əminəm ki, 99 faiz kişi həmin qızın cazibəsi qarşısında dayana bilməzlər. Qadın məsələsi Şərq kişisinin ən zəif yerlərindən biri, bəlkə də birincisidir. Azərbaycan da həmin Şərq ölkələrini “layiqincə” təmsil etməkdədir.

Dəfələrlə şahidi olduğum bir vəziyyəti təsvir edim. Bir qrup həmyaşıdlarımla bir məkanda olanda yanımızdan keçən xanımların hamısına acgözlüklə baxan, ağızsuyu axıdan kişilər tapılır. Və həmin tip kişilər, istənilən qadına meyl salırlar. Qadın nə qədər toppuş da olsa, çılpaq ayaqları normal şəkildə epilyasiya edilməsə belə, ona qarşı intim hisslər qabarıq olur.

Kişilərin zəifliyini açıq etiraf edirəm. Amma bu halın impulslaşmasına qadınlar da böyük rəvac verir. Qadınlar aşkar şəkildə təbiətin əleyhinə gedirlər. Kişilərin gözünə gözəl şəkildə görünməyi qürurlarına sığışdırmırlar. “Məni bəyənən necəyəmsə, o cür də bəyənəcək” fəlsəfəsi ilə yaşayırlar. Əslində bu yaxşı prinsipdir, amma söhbət estetik islahatlardan gedir.

Əgər sən epilyasiyaya, bədən quruluşuna, gündəlik təmizlik predmetlərinə riayət etmirsənsə və kişilərin səni belə qəbul etməsini istəyirsənsə, incimə, deməli, sən, pinti qadın sayılırsan! İstək və həyat fəlsəfən ziddiyyətli bir hal yaradır və sən də eybəcər şəkildə bu vəziyyətlə razılaşırsan.

Bir müddət öncə Bakı şəhərini ukraynalı bir jurnalist ziyarət etmişdi. O, bura Moskva və Kiyev şəhərlərində apardığı araşdırmadan sonra gəlib çıxmışdı. Bakıda apardığı müşahidələrini vətəninə qayıdandan sonra öz işlədiyi xəbər portalında yazmışdı. Jurnalist, məqalədə bildirirdi ki, Moskva və Kiyevdəki kişilərin 70 faizə qədəri baxımlı deyillər. Ora estetik gözəllikləri əlavə etmiş jurnalist yazır ki, Moskva və Kiyev kişilərinin çoxu nə təmizliklərinə, nə geyimlərinə, nə də bədən quruluşlarına fikir verirlər. Həmin şəhərlərində yaşayan qadınların çoxu isə çox baxımlı, yaxşı bədən quruluşuna sahibdilər. Məqalədəki Azərbaycan haqqındakı qeydlər isə tamamilə əksinədir. Bizim kişilərin, qadınlarımızdan daha baxımlı olduğunu qeyd edən jurnalist əlavə edir ki, burda olduğu müddətdə Bakıdakı qızlar arasında az sayda gözəl bədən quruluşuna məxsus və zövqlə geyinən xanımla rastlaşıb.

Bu yazı qadınlar arasında isterika və aqressiya yaratmaq əvəzinə müsbət dəyişiklik üçün stimul yaratsa, daha faydalı olar. Necə deyərlər, gözlərinin ucu ilə baxanlar üçün bir hikmət var…

Ana səhifəMənim FikrimcəTəbiətin əleyhinə gedən qadınlar