Tbilisidəki işsiz azərbaycanlılar

Onlara Azərbaycan şirkətlərində də iş verən yoxdur

Source:


Onlara Azərbaycan şirkətlərində də iş verən yoxdur

Təkərləri qaraldıb, şüşələri parladıb, əlindəki əskinin tozunu çırpır, sonra ağ maşının üstünə maqnitli “şahmat”ı yapışdırır…

Mahir Əlibəyov Gürcüstanın Rustavi ərazisində yaşayan etnik azərbaycanlıdır. Deyir, 17 yaşından etibarən, yəni təxminən 8 ildir ki, taksi sürür. Sərnişin daşıyıb, ailəsini dolandırır:

“Elə hər səhər maşını hazırlayıb böyük mağazaların, restoranların qarşısında dayanıram. Gün ərzində də sərnişinlərin çox olduğu bir neçə yerdən keçirəm. Günə 20-25 lari qazancım olur. Əvvəl maşın benzinlə işləyirdi deyə pul az qalırdı. İndi qazla işləyən maşın almışam, birtəhər dolanıram. Nə edək, iş yoxdu. Neçə yerə getmişəm. Nə satıcılığa, nə də fəhləliyə götürürlər”.


Azərbaycanlıların “qul bazarı”

Gürcüstanda yaşayan etnik azərbaycanlıların əksəriyyəti deyir ki, dolanışığın yolunu özləri tapmalı olurlar. Azərbaycanlıların sıx yerləşdiyi ərazilərdə belə daimi işi olan az sayda adam tapılır.

Məsələn, elə “Meydan” deyilən əraziyə toplaşan işsiz kişilər də günlərini nərd oynamaqla keçirirlər. Bir nərd taxtasının başına azı 7 kişi yığılıb, qızğın oyun gedir. Yerini dəyişən daşların şaqqıltısı lap uzaqdan duyulur.

Bu ərazi ətrafda yaşayan etnik azərbaycanlılar üçün həm də “qul bazarı” kimi tanınır. Çünki fəhəliyi bacaran, sürücülük edən, bir sözlə, çörək dalınca evindən çıxan hər kəs burda bənd alır.

Elektrik üzrə natamam təhsili olan 34 yaşlı Murad Həziyev danışır ki, ayda 2 dəfə bir evə təmir işinə dəvət edən olanda sevinir:

“Toplanırıq bura, dost-tanışın evində elektrik işi olanda gedirəm. Hər səhər 9-dan burdayam. Qazanca gəlincə, baxır işə. Elektrik çətin işdi, ən azı 15-20 lari qazanıram. Gürcülərin evində nə iş olursa, öz millətindən olanı çağırırlar. Nə deyək?! Burda o qədər Azərbaycan şirkətləri var, neçəsinə demişəm, götürmürlər. Ya ali təhsil tələb edirlər, ya da deyirlər: “yer yoxdu”. Kirayədə qalmıram, balaca, birotaqlı da olsa, öz evimdir. Mətbəxi də otağa çevirmişik,  birtəhər yerləşirik. Amma ay ərzində nə qədər çox şeyi təxirə salsaq da, 800 -1000 lari pul lazım olur. Bir xeyir-şər olanda daha çox…”.

Bura yığışanların hamısı deyir ki, bir dəfə də olsa Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin qapısını döyüblər. Ancaq nəticə olmayıb. Onu da deyirlər ki, Gücüstanda yaşayan digər etniklərin, eləcə də gürcülərin əksəriyyəti işsizdir.


“İşsizliyə alışmışam”


51 yaşlı Vaqif  Novruzov işsizliyə alışdığını deyir. Etiraf edir ki, iş tapmaq ümidini çoxdan itirib və burda dostlarla gününü keçirməyə gəlir:

“Bizim məhəllədə kimin daimi işi varsa, ona dünyanın xoşbəxti kimi baxırıq. Bu qədər adam toplanır bura, bir nəfər işə çağıran yoxdu. Təkəm-seyrək… Nə iş axı?! Mən uzun illər kimlərəsə şəxsi sürücü işləmişəm. Amma düz 7 ildir heç kim işə götürmür”.

Əlibala Əsgərov
Əlibala Əsgərov

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyir ki, etnik azərbaycanlıların işlə təmin olunması müşkül məsələdir:

“Azərbaycanlılar işsizlik problemi yaşayırlar. Əvvəla, təhsilsizdirlər və dil problemi yaşayırlar. Bunun üçün əsas təhsil problemləri həllini tapmalıdır. İkincisi, Gürcüstanda yaşayış norması da elə ürəkaçan deyil. Yeni iş yerləri açılmır. Yəni işsiz gürcülər də çoxdur”.

Gürcüstan Statistika İdarəsinin 2014-cü ilə olan məlumatına görə, ölkədə 246 min nəfər işsiz qeydiyyatdadır. Faiz hesabı ilə ölkə əhalisinin 12,4 faizi işsizdir. 2013-cü illə müqayisədə bu, 2 faiz azdır.

Gürcüstanda minimum yaşayış norması isə 2010-cu ildə 597,6 lari olduğu halda 2014- cü ildə 818 lariyə yüksəlib. Ötən ilin statistikasını əldə edə bilmədik.

Tbilisi Şəhər Məşğulluq Agentliyinin məlumatına görə, təkcə Tbilisi şəhəri üzrə 30 min nəfərdən çox işsiz qeydiyyatdadır.

Beynəlxalq Əmək Təşkilatının ən son 2014-cü ildə hazırladığı hesabatda Gürcüstan gəliri orta səviyyədən aşağı olan ölkələr siyahısına düşüb. Hesabatda bildirilir ki, Gürcüstanda əhalinin 38 faizi yoxsullar kateqoriyasına, 10-12 faizi isə orta təbəqəyə aiddir.

… Qırmızı kərpicli kümbəzlərin üstündə əli üzündə fikirli dayanan işsizlərin eynini açan tək şey pürrəngi çay və nərd oyunudu.

Ana səhifəXəbərlərTbilisidəki işsiz azərbaycanlılar