Bu, son 25 ilin ən güclü zəlzələsi sayılır
Aprelin 3-də Tayvanda 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu, son 25 ildə adada baş verən ən güclü zəlzələ hesab olunub. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
Yaponiyanın cənubu və Filippində sunami xəbərdarlığı edilib, sonra təhlükənin keçdiyi bildirilib. Tayvan hökuməti zəlzələnin episentrinin yaxınlığında yerləşən dağlıq ərazidə əhalinin az məskunlaşdığını açıqlayıb. Yenə də zəlzələ Hualien əyalətində 4 nəfərin ölümünə, 711 nəfərin yaralanmasına səbəb olub.
Yanğınsöndürmə idarəsi 77 nəfərin qapalı vəziyyətdə qaldığını açıqlayıb. Bildirib ki, onlardan bəziləri Hualiendə çökmüş binaların altındadır. Tayvan televiziya stansiyaları zəlzələnin səhər saat 8 radələrində insanların işə və məktəbə gedərkən dənizdə baş verdiyini bildirib.
Zəlzələnin maqnitudasının 7,7 bal olduğunu bildirən Yaponiyanın meteoroloji agentliyi bir neçə kiçik sunami dalğasının Okinavanın cənub prefekturasının hissələrinə çatdığını bildirib.
Filippin Seysmologiya Agentliyi bir neçə əyalətin sahilyanı ərazilərində yaşayan sakinlərə xəbərdarlıq edərək, onları yüksək yerlərə təxliyə etməyə çağırıb.