Tarif Şurasının qərarı qanuni deyil

Source:

Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətləri ilə bağlı qərarına həm də informasiya azadlığı pəncərəsindən baxılması vacibdir.

Dövlət qurumlarının, ictimai funksiya yerinə yetirən hüquqi şəxslərin, inhisarçıların ictimai önəmli bilgiləri zamanında açıqlamaq öhdəliyi var. Bu öhdəliyi onların üzərinə ölkə Konstitusiyası, “İnformasiya əldə edilməsi haqqında” Qanun qoyur.

“İnformasiya əldə edilməsi haqqında” Qanunun 29-cu maddəsi bu məsələləri tənzimləyir. Həmin maddəyə görə, normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan ictimaiyyətə açıqlanmalıdır. Bundan başqa, həm də ən başlıcası əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış ictimaiyyətə açıqlamalıdır.

Bunun izahı odur ki, Tarif Şurası və ya işıq və qazın qiymətinin qaldırılmasını təklif edən qurum həmin təklifi ən azı oktyabrın 29-da ictimaiyyətə açıqlamalı idi. Tarif Şurasının son qərarı verilərkən qanunvericiliyin qeyd edilən müddəaları qətiyyən diqqətə alınmayıb.

Digər tərəfdən, nəzərə alınmalıdır ki, biz elektriki və ya qazı “Azərişıq” və ya SOCAR-dan başqa kimsədən ala bilmərik. Bizim başqa seçimimiz yoxdur. Elektrik və qaz bu qurumların inhisarındadır, yalnız onlar satırlar. Bu baxımdan dünənki qərar həm də “Təbii inhisarlar haqqında” Qanunun işığında incələnməlidir.

Həmin qanunun 10-cu maddəsinə görə, təbii inhisarçı olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış ictimaiyyətə açıqlamalıdır. Tarif Şurasının son qərarı verilərkən bu tələb də pozulub.

Bundan başqa, Milli Məclisin “Təbii inhisarçıların siyahısının təsdiq edilməsi haqqında” 1995-ci ildə qəbul etdiyi qərar var. Həmin qərarda qaz təchizatı sisteminə xidmət edən, elektrik enerjisi istehsalı, onun ötürülməsi, paylaşdırılması və təchizatı ilə məşğul olan müəssisə və təşkilatlar təbii inhisarçı elan edilib.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında elektrik enerjisi, təbii qaz, maye qaz və s. sadalanıb. “Təbii inhisarlar haqqında” Qanunda qiymətlərin Taarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur.

Qanuna görə, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, ölkənin sosial iqtisadi inkişafına səmərəli təsirin təmin olunması, məhsulun daxili və dünya bazar qiymətlərinin nəzərə alınması, iqtisadi və sosial böhranlara yol verilməməsi və s. qiymətlərin tənzimlənməsi zamanı əsas prinsiplər olmalıdır.

Tarif Şurasının son qərarı həm də qiymətlərin tənzimlənməsi ilə bağlı sadaladığımız prinsiplərə ziddir.

Bütün bunlara görə, qanunsuz hesab edilməlidir.

Ana səhifəAnalitikaTarif Şurasının qərarı qanuni deyil