Rövşən Ağayev: ”İdarəetmə dəyişməyənə qədər tariflərin artırılması yalnız əhali üçün yük olacaq”
“Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunub.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.
İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib.
Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək (
APA
).
Tarif Şurasının qərarını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, söhbət heç də tariflərin 30 qəpik, 50 qəpik, yaxud 1 manat artmasından getmir. Hökumət məsələyə sistemli yanaşmalıdır. Bu gün “Azərsu” ASC qapalı qurumdur, nəinki hesabatlı. Peşəkar maliyyəçilər belə “Azərsu” ASC-nin hesabatlarının hara getdiyini görmür. Verilən hesabatlar da formaldır. İkinci, xərclərin necə formalaşması açıq deyil. İctimaiyyət “Azərsu” ASC-nin keçirdiyi tenderlər, layihələr, aldığı məhsulların qiymətləri haqda əhatəli bilgiyə malik deyil.
Rövşən Ağayev təklif edir ki, “Azərsu”, “Azərişıq”, yaxud “Azəriqaz” kimi şirkətlərin öndə olan 50 vəzifəli şəxsinin əmlakı cəmiyyət üçün açıqlansın. O zaman ictimaiyyət görsün ki, doğrudanmı, bu şirkətlər mövcud tariflərlə işləyə bilir? Yəni bu qurum şəffaf deyil: “2007-ci ildə enerji qiyməti 2 qəpik idi, gözlənilmədən 6 qəpiyə qaldırdılar, arqumentləri də bu oldu ki, şirkətin büdcədən asılılığı azalsın. Ancaq 2007-15-ci illərdə “Azərişıq” dövlət büdcəsindən 2 milyard yarım dollar vəsait aldı. Eyni durum “Azərsu” ASC-də yaşandı, qurum 2009-15-ci illərdə büdcədən 2 milyard dollardan çox vəsait aldı. Bundan əlavə ötən 7-8 ildə dövlət zəmanətiylə hər iki qurum milyonlarla dollar kredit alıblar. Bir daha deyirəm, tarifləri 50 qəpik, yaxud 1 manat da etmək olar, ancaq əhali verdiyi pulun şirkətin xərclərini ödəyib-ödəmədiyini bilməlidir. Və bu şirkətlər əhalinin büdcədəki vəsaitlərinə göz dikməməməlidir. Bilirsiniz, idarəetmə dəyişməyənə qədər tariflərin artırılması yalnız əhali üçün yük olacaq”.