Tanınmış müsavatçılar: “Barışıq mühiti yaradılsın”

Elman Fəttah: “Bu cür təftişçilik davranışları partiyanı nüfuzdan salan hərəkətlərdir və partiyaya qarşı davranışlardır”

Source:


Elman Fəttah: “Bu cür təftişçilik davranışları partiyanı nüfuzdan salan hərəkətlərdir və partiyaya qarşı davranışlardır”

Müsavat Partiyasının bəzi üzvləri son vaxtlar partiyada baş verən hadisələr və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Müsavat rəhbərliyinə müraciət ediblər.

Müraciətdə son günlər Müsavat Partiyası daxilində partiyanın siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların genişlənməsi, onlara müxtəlif vasitələrlə təzyiqlər edilməsi, cəzaların verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması bir tərəfdən partiyanın rəhbər strukturlarına etimadı, digər tərəfdən də partiyanın ictimai nüfuzunu azaltdığı bildirilir:

“Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya başqanlığına sabiq namizəd, son seçkilərdə qurultay nümayəndələrinin 46 faiz səsini qazanmış, tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun heç bir nizamnamə pozuntusuna yol vermədiyi halda partiyadan çıxarılması, partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilməsi onsuz da mürəkkəb olan partiyadaxili durumu daha da gərginləşdirib. Bütün bunlar Müsavat Partiyasının bərpasında və quruculuğunda iştirak edən, onun inkişafında xidmətləri olan biz müsavatçı-ziyalıları ciddi şəkildə narahat edir”.

Hesab edirlər ki, partiyanın mərkəzi orqanlarının tənqidi fikirlərinə görə üzvlərə qarşı tətbiq etdiyi cəzalandırma kursu şərəfli tarixə malik olan, qarşısına ölkəni demokratikləşdirmək və azadlıqları təmin etmək missiyası qoyan, hazırda liberal inkişaf xətti götürmüş Müsavat Partiyasının imicini korlayır, partiyanın gələcəyinə olan inamı azaldır:

“Yaranmış narahatlığımızı bölüşüb, hazırkı duruma görə ən çox məsuliyyətin partiyanın indiki rəhbərliyinin üzərinə düşdüyünü xatırlatmaqla istərdik ki, partiyadaxili demokratiya üçün mövcud olan maneələr aradan qaldırılsın, siyasi plüralizmə, fikir müxtəlifliyinə şərait yaradılsın, söz və ifadə azadlığına əməl olunsun, tənqidi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılmasına son qoyulsun, repressiyalar dayandırılsın”.

Bundan əlavə:

* Partiyada barışıq mühiti yaradılsın, həmrəyliyə və birliyə yönələn açıq və geniş formatda müzakirələr aparılsın, partiyadaxili dialoqlar təşkil olunsun.

* Partiya üzvlüyündən çıxarılmış şəxslərlə bağlı partiyanın müxtəlif sturukturlarında verilmiş qərarlara yenidən baxılsın, onlar nizamnamə normalarına uyğunlaşdırılsın.

* Partiyada bölücülüyə şərait yaradan, onun bütövlüyünə xələl gətirən çağırışlara son qoyulsun.

İnanırıq ki, partiya rəhbərliyi bizim bu müraciətimizi qısa zamanda müsbət dəyərləndirərək, Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadədən bizə miras qalmış təsanüdçülük, birlik və həmrəylik kimi ülvi dəyərlərə hörmətlərini nümayiş etdirərək, tezliklə partiyada barışığa və həmrəyliyə nail olacaqdır”.

Bəyanata Novella Cəfəroğlu, Səidə Qocamanlı, Vurğun Əyyub, Adil Qeybulla, Mehman Cavadoğlu və digərləri imza atıb.

Bəyanatla əlaqədar Müsavat Partiyasının Divan üzvü Elman Fəttaha müraciət etdik.

O, bəyanatla hələ tanış olmadığını dedi: “Arzu edərdim ki, bəyanata imza atanlar Müsavat Partiyasının yanında olsunlar, partiyanın mövqeyindən çıxış etsinlər, nəinki nizamnaməyə uyğun qəbul edilən qərarların təftişi ilə məşğul olsunlar. Bu cür təftişçilik davranışları partiyanı nüfuzdan salan hərəkətlərdir və partiyaya qarşı davranışlardır”.

Ana səhifəXəbərlərTanınmış müsavatçılar: “Barışıq mühiti yaradılsın”