Hüquq müdafiəçisinin səhhətində problemlər var
“Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov “kars”- dan çıxarılaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib”.
Bu barədə məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev yayıb:
“Qanunsuz həbs həyatı yaşayan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun səhhətində olan ciddi problemlərə baxmayaraq, onu saxlandığı 17 saylı Cəza Çəkmə Müəssisəsində 15 günlük “karsa” salmışdlar. Problemin ictimailəşməsindən, bir sıra yerli və beynəlxalq təşkilatların müdaxiləsindən sonra o “kars”- dan çıxarılaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Əldə etdiyimiz məlumatlara görə, onun səhhətində olan ciddi problemlər davam etməkdədir”.
Hüquq müdafiəçisi deyir ki, ailəsi ilə məsləhətləşdikdən sonra Taleh Xasməmmədovun xəstəliklərini ictimailəşdirmək qərarına gəliblər: “Çünki bu xəstəliklər Azərbaycan həbsxanalarına xas olan zəif tibbi xidmət və qidalanma, antisanitariya, baxımsızlıq, işgəncə və s. problemlər baxımdan onun onsuz da yaxşı olmayan sağlıq durumunda daha ağır fəsadlara səbəb ola bilər. Taleh bəy güclü sinir ağrıları, halsızlıq, revmatizmlə yanaşı qanın zəhərlənməsi və qıc olmadan əziyyət çəkir. Bəzi xəstəlikləri də var ki, dəqiq diaqnozdan və məsləhətləşmədən sonra onları da açıqlayacağıq. Amma bu xəstəliklərin həbsxana şəraitində, Penitensiar Xidmətin Müalicə Müəssisəsində aradan qaldırılacağı mümkün deyil. Taleh Xasməmmədov həbsdən öncə xəstəliyi ilə bağlı 2 dəfə xarici ölkədə olub və müayinə olunub. Onun əməliyyat olunmasına ehtiyac var. Bütün bunları ona görə yazdım, biləsiniz ki, gözümüzün qarşısında bir insanın həyatı təhlükə altındadır. Çox təəssüf ki, onu şərləyib həbs edənlər, bu həbsin arxasında duranlar nəinki bu təhlükənin fərqindədirlər, hətta həmin qüvvələr Taleh Xasməmmədovun sanki fiziki itkisini gözləyirlər. Əgər belə olmasaydı, bu xəstəliklərdən əziyyət çəkən günahsız bir məhkumu “karsa” salmazdılar. Əgər belə olmasaydı, özünün və ailəsinin təkidli tələblərinə baxmayaraq, onu 2 aydan çoxdur ki, Müalicə Müəssisəsinə göndərilməsinin qarşısını almazdılar. Onu xarici aləmdən kənarda tutub girov vəziyyətdə saxlamazdılar”.