Taleh Bağırzadə: Siz gedin, Əli Həsənov gəlib otursun yerinizdə

C. Cabbarov deyib ki, ona verilən işgəncələr barəsində Mehriban Əliyevaya yazacağını deyəndə ona təhqiramiz cavab veriblər.

Source:
Taleh Bağırzadə
Taleh Bağırzadə


C. Cabbarov deyib ki, ona verilən işgəncələr barəsində Mehriban Əliyevaya yazacağını deyəndə ona təhqiramiz cavab veriblər.

Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Fuad Qəhrəmanlının, eləcə də “Nardaran işi” üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.

Meydan TV xəbər verir ki, prosesdə çıxış edən Taleh Bağırzadə televiziyalarda prosesin təhrif olunmuş şəkildə verildiyini bildirir: “Hamı bilir ki, “Xəzər” televiziyası Fətullah Gülənin adamlarınındır.

Prezident Adminstrasiyası onları öz çətiri altına alıb. Əli Həsənov yenə “Xəzər” televiziyasına göstəriş verib. O, yenə gizlənib. Siz gedin, Əli Həsənov gəlib otursun yerinizdə, ya da şahid kimi gəlib ifadə versin. Onlar Sovet dövründə olmayan işgəncələri ediblər. İnsanları ailələri ilə şantaj ediblər”. Hakim bildirib ki, vəsatət verilsin baxarıq.

Daha sonra iclasda təqsirləndirilən Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib.

Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyiblər. Ə.Vəliyev bildirib ki, onu hadisə vaxtı evdə tutub maşına mindirən zaman işgəncəyə məruz qalmayıb: “Tutub maşına gətirən polis digərlərindən qoruyurdu ki, məni vurmasınlar. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində o məni qoruya bilmədi və orada işgəncələr başladı. Mənim barmağımı sındırdılar. İstintaqda mənə dəhşətli işgəncələr verildi. O, ifadələri də təzyiq altında vermişəm. Əvvələcədən ssenari hazırlanmışdı ki, belə danışarsan. İstəmirəm mənə verilən işgəncələri danışım. Çünki anam burdadır, eşidəcək. Mənə şərəf və ləyaqəti alçaldan işgəncə verilirdi, dubinka məsələsi var idi. Maşında Hacı Talehin belini sındırmaq istəyirdilər. Mənim barmağımı sındırandan sonra həkimə göstərdilər. O, “revanol” və ya “perekis” tökməyi məsləhət bildi. Polis deyirdi ki, ona “kislota” tökmək lazımdır”. Daha sonra o, Qurani Kərim götürərək and içib ki, onda silah olmayıb və təzyiq altında ifadə verib.

Qısa çıxış edən Taleh Bağırzadə həbs olunaların bir çoxunun ailə üzvləri ilə şantaj olunduqlarını deyib: “Deyiblər ki, ananı, bacını gətirəcəyik bura. SSRİ dövründə olmayan alçaqlıqları ediblər”.

C. Cabbarov bildirib ki, ona verilən işgəncələr barəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazacağını deyəndə ona təhqiramiz cavab veriblər: “Mən istəyirəm bunları İlham Əliyev bilsin ki, Azərbaycanda belə yer var. Onun xanımının adın çəkdim, söydülər. O, silahları öz çirkin əməllərini ört-basdır etmək üçün bizim üstümüzə qoyublar. İki polis əməkdaşını öldürdülər. Onların ailələri hələ də düşmənlərini tanımır. Orada öldürdükləri şəxslərin meyitlərinə də işgəncə verdilər. Biz bu vəhşiliyi Xocalı facisəində eşitmişik. Həmin o “Sarkisyanın oğlanları” o vəhşiliyi Nardaranda da etdilər. Öldürməklə qalmayıb, şər də atdılar. Cinsiyyət üzvümün üstündən təpiklə vururdular ki, boynuna al, İranının adamısınız və İran sizi maliyyələşdirir. Mən də bu işgəncələrə görə qollarımı doğradım. Mənə dedilər, artistlik etmə. Səni də başqaları kimi öldürüb atacağıq. Mənə Neft Akademiyasında baş verən hadisəni misal çəkdilər. Dedilər, gördün ki, qapıçını, orda dönər satanı, hamısını basdıq içəri. 2008-ci ildə mənim atamla qardaşımı polislər Nardaranda dəniz qırağında güllələyib öldürdülər. Onun da hesabı qalıb qiyamətə. Mən İlham Əliyevə çatdırmaq istəyirəm, bilsin ki, Azərbaycanda ermənilərə məxsus yer var. Orada onun arvadına söyürlər. İşgəncə verənlər Kərim, Şahlar Cəfərov və “Şrek” ləqəbli bir nəfər idi. Deyirdilər, boynuna al, Taleh deyib ki, hökümətə qarşı döyüşmək halaldır”.

Daha sonra məhkəmədə vəkil Nemət Kərimli, təqsirləndirilən şəxslərin həbs olunan zaman əyinlərində olan paltarların və onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb həyətdə düşürlən zaman olan videogörüntülərin məhkəməyə təqdim edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatətləri təmin edib.

Prosesdə çıxış edən Taleh Bağırzadə də bildirib ki, onu həbs edəndə belini sındırmaq istəyiblər, istintaq zamanı ayağının altına dubinka ilə vurublar: “Maşında istədilər mənim şalvarımı çıxartsınlar, polislərdən biri mane oldu. Ele günə qoymuşdular, müstəntiq məni görəndə qorxurdu. Müstəntiq də onlardan qorxurdu. Müstəniq deyirdi, bu, hacı adamdı, heç olmasa buna qarşı belə ləyaqətsiz addımlar atmayın. “Bandotel”də olanda oruc tuturdum. İftarı açandan sonra işgəncə verirdilər. Şahlar Cəfərov mənə Milli Şura ilə bağlı ən çox işgəncə verən adam olub”.

İclasda çıxış edən təqsirləndirilən şəxs Abbas Hüseynov isə məhkəmədə ifadə verməyə gələn zərərçəkmiş kimi tanınan polis əməkdaşlarının Qurana and içmələrini məhkəmədən tələb edib. Hakim Əlövsət Abbasov isə belə bir şeyin qanunda nəzərdə tutulmadığını deyib.

A.Hüseynov deyib ki, əslində onlar yox, həmin polislər həbs olunmalıdır: “Onlar həbsdə, biz bayırda olmalıyıq. Heç olmasa İlham Əliyevin, Zakir Qaralovun canına and içsinlər”.

Məhkəmə avqustun 18-də davam edəcək.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərTaleh Bağırzadə: Siz gedin, Əli Həsənov gəlib otursun yerinizdə