Ona əvvəlcə üç, daha sonra beş gün karser cəzası verildiyi deyilir
12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin karserə (cərimə otağı) salındığı bildirilir.
Bu barədə Meydan TV-yə onun ailə üzvləri məlumat verib.
Ailəsinin sözlərinə görə, Taleh Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük karserə salınıb.
Cəzası başa çatdıqdan sonra, iyunun 22-də ona daha 5 günlük yeni karser cəzası verilib.
İlahiyyatçının ailəsinə verdiyi məlumata görə, iyunun 13-də gecə saatlarında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində dam örtüyü çöküb.
Nəticədə həbsxana binaları qəzalı vəziyyətə düşüb.
Hadisədən sonra bəzi məhbuslar köçürülsə də, Taleh Bağırzadə kimi məhkumlar təhlükəli vəziyyətdə saxlanılmağa davam edib.
“Mənə bildirdilər ki, iki seçimim var, ya bu dağıntılar altında qalmalıyam, ya da ciddi-qapalı rejimə köçürülərək buranı tərk etməliyəm. Hər iki seçimi rədd etdiyimə görə məhbusların səhər və axşam sayımına çıxmadım. Buna görə iyunun 19-da 3, 22-sində isə 5 günlük karser cəzası aldım”, – ailəsi Taleh Bağırzadəyə istinadla bildirir.
İlahiyyatçı əlavə edib ki, karser cəzasından sonra onu PKT-yə (kamera tipli otağa) köçürəcəkləri gözlənilir. Bu qərardan sonra o, məhkəmə qarşısına çıxarılacaq və yəqin ki, Umbakıya — ciddi-qapalı rejimli müəssisəyə köçürüləcək.
Bağırzadənin sözlərinə görə, rəhbərliyə etiraz etsə də, ona açıq şəkildə bildirilib ki, “ya ciddi rejimli və tam qapalı həbsxanaya gedirsən, ya da burada ölməyi seçirsən. Başqa alternativ yoxdur”.
2015-ci ildə Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadə 10 ilə yaxındır həbsdədir. Dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, qəsdən adam öldürmə kimi maddələrlə suçlanan ilahiyyatçı 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ittihamları qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir.
İyunun 23-də Taleh Bağırzadənin 41 yaşı tamam olur.