Taleh Bağırovun apellyasiya şikayəti üzrə ilkin baxış olub

Vəkil: “Ona qarşı cəzaçəkmə müəssisəsinin rəhbərinin münasibəti siyasi məhbus statusu ilə bağlıdır”

Source:


Vəkil: “Ona qarşı cəzaçəkmə müəssisəsinin rəhbərinin münasibəti siyasi məhbus statusu ilə bağlıdır”

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun şikayəti üzrə ilkin baxış iclası olub.

Vəkil Cavad Cavadov “Turan İA”-a bildirib ki, Taleh Bağırovun Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərardan apellyasiya şikayəti üzrə bu gün Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası olub. Prosesdə Taleh Bağırovun özü iştirak edib.

“Məhkəmədə məsələ qaldırdıq ki, Qaradağ Rayon Məhkəməsinin qərarı qanuni qüvvəyə minmədiyindən Bağırovun hazırda Qobustan qapalı həbsxanasında saxlanması qanunsuzdur və o 12 saylı cəzaçəkmə müəssiəsinə qaytarılmalıdır”, deyə o qeyd edib.

Vəkil həmçinin apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsi barədə vəsatət qaldırıb.

“Cəzaçəkmə müəssisəsinin rəhbəri hesab edir ki, Bağırov daxili intizam qaydalarını pozub. Biz bunu qəbul etmirik və münasibəti qərəzli hesab edirik. Taleh Bağırov bildirir ki, heç bir qaydanı pozmayıb. Sadəcə, ona qarşı cəzaçəkmə müəssisəsinin rəhbərinin münasibəti siyasi məhbus statusu ilə bağlıdır. Biz tələb edəcəyik ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi öz şikayətini əsaslandırsın, sübutlarını təqdim etsin”, deyə vəkil qeyd edib.

Məhkəmə vəsatətləri təmin etməyib.  Aprelin 17-si saat 11-ə məhkəmə baxışı təyin edilib.

Taleh Bağırov 2014-cü il martın 31-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamaqda ittiham olunub.

2014-cü il avqustun 13-də Sabunçu Rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında kamerasında mobil telefon tapılması ittihamı ilə Taleh Bağırova 4 ay azadlıqdan məhrumetmə cəzası verib.

Noyabrın 1-də isə Sabunçu rayon Məhkəməsi Taleh Bağırova qarşı narkotik ittihamı üzrə 2 il həbs hökmü çıxarıb. Beləliklə, həbs müddəti 2 il 4 ay olub.

Ötən ilin dekabrında Qaradağ Rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin daxili intizam qaydalarını pozması barədə şikayəti əsasında Bağırovun Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

Ana səhifəXəbərlərTaleh Bağırovun apellyasiya şikayəti üzrə ilkin baxış olub