Bakıda braziliyalı futbolçunun adını daşıyacaq Futbol Akademiyası yaradılır
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda “Qəbələ” İdman Klubunun təşəbbüsü ilə braziliyalı futbolçu Ronaldinyonun mətbuat konfransı təşkil edilib.
Komanda.az xəbər verir ki, konfransda AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Klub Akademiyasının direktor müavini Nail Kərimov iştirak ediblər. Tale Heydərov deyib ki, bir müddətdir ki, Ronaldinyonun Bakıya səfərini planlaşdırırlar: “Nəhayət, o, Bakıdadı. Onun bura gəlməsinə səbəb Bakıda akademiya açmaqdı. Bilirsiz ki, bir müddətdi bizim akademiya fəaliyyət göstərir. Belə qərara gəldik ki, Bakıda da akademiya açaq. Bu akademiya Ronaldinyonun adını daşıyacaq. Ümid edirik ki, bu akademiya yerli gənclərdə futbola marağı daha da artıracaq. Akademiyanın dəqiq harda yerləşəcəyi hələ ki, bəlli deyil. Bununla bağlı danışıqlar davam edir. Dəqiqləşən kimi məlumat verəcəyik. Ronaldinyoya dəvətimizi qəbul etdiyinə görə təşəkkür edirəm. AFFA-ya da dəstəyə görə təşəkkür edirik”.
Elxan Məmmədov da futbolçunun səfərini müsbət hal kimi dəyərləndirib: “Onun burda “Qəbələ” Futbol Klubuyla birgə Futbol Akademiyası açması çox müsbət addımdı”.
Jurnalistlərin sualını cavablandıran Ronaldinyo deyib ki, akademiyaya dəstək verəcək: “Əvvəllər də Azərbaycan barədə yaxşı sözlər eşitmişdim. Bilirəm ki, Azərbaycanda braziliyalı futbolçular top qovur. Təxminən bir ay, ay yarım əvvəl “Qəbələ” rəhbərliyi ilə akademiyanın açılışı ilə bağlı danışıqlara başladıq. Burda olmaqdan, sizi görməkdən çox şadam. Bizim akademiyada məşq edəcək oyunçulara əlimdən gələn köməyi etməyə çalışacam. Gələcəkdə də onlara həmişə dəstək olacam”.