”Tağı Əhmədovun telefonu nazirin tələbi əsasında dinlənilib”

Sürücüsü Akif Çovdarovun əleyhinə ifadə vermədiyi üçün DTX-dən azad edilib

Source:


Sürücüsü Akif Çovdarovun əleyhinə ifadə vermədiyi üçün DTX-dən azad edilib

Dekabrın 28-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-nin sabiq idarə rəisi Akif Çovdarov və digərlərinin məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda MTN Monitorinq Mərkəzinin həbsdə olan rəisi, general Teymur Quliyev ifadə verib. O, təlimata uyğun fəaliyyət göstərdiklərini deyib:

“Bizim idarənin hər hansı məhkəmə qərarı tələb etmək ixtiyarı olmayıb. Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti də bizə telefon dinləmələri ilə bağlı müraciətlər edib. Biz nazirin tələbnaməsinə əsasən nömrələri dinləmişik. Tağı Əhmədovun da telefonu nazirin tələbnaməsi əsasında dinlənilib”.

Akif Çovdarov da bununla bağlı arayış verib. O bildirib ki, Rüstəm Usubov bəzi cinayət işlərinin araşdırılması üçün onlara müraciət edib. Həmin müraciət əsasında nazir tələbnamə yazıb və buna əsasən həmin şəxslərin telefonlarının dinlənilməsi Monitorinq Mərkəzinə tapşırılıb.

İclasda A.Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev də ifadə verib. O bildirib ki, ötən məhkəmə iclasında ifadə verdikdən sonra Dövlət Təhlükəsizlik Xidmətindəki işindən azad edilib. O, Tağı Əhmədovun epizodu üzrə ifadə verib. İttihama görə, T.Əhmədovun oğlu və qardaşı oğlu A.Çovdarova pul verən zaman N. Atakişiyev də orada olub. Lakin N.Atakişiyev bunu təkzib edib. Bildirib ki, istintaq zamanı T.Əhmədovun qardaşı oğlu ilə üzləşmə olub və bu zaman həmin şəxs onu tanımayıb. O bildirib ki, onların A. Çovdarova pul vermək məsələsi yalandır.

Proses yanvarın 9-da davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”Tağı Əhmədovun telefonu nazirin tələbi əsasında dinlənilib”