Tağı Əhmədovun 2 milyon manatına görə 9 il həbs cəzası

Tağı Əhmədov, Foto: https://www.az24saat.org/

“Mən dələduzluq eləməmişəm, Tağı Əhmədovdan faizlə pul götürmüşəm”

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun 2 milyon manatına görə dələduzluqda ittiham olunan Səadət Xəlilova hökm oxunub. Hökmü martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası verib. Hökmə əsasən, Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli bilinib və 9 il azadlıqdan məhrum edilib.

Lakin Səadət Xəlilov özünü təqsirli bilmir və martın 17-də son sözündə də bunu deyib. O bildirib ki, iş üzrə zərərçəkmiş qismində Soltan Əliyev tanınsa da, əslində, o, zərərçəkmiş deyil:

“Mən Soltan Əliyevi zərərçəkmiş kimi tanımıram. Çünki pulu ondan yox, Tağı Məhəmməd oğlu Əhmədovdan almışam. Soltan Əliyev vasitəçi olub. Mən dələduzluq eləməmişəm, Tağı Əhmədovdan faizlə pul götürmüşəm. Əvvəl faizini vermişəm, sonra işdə problemlər yaranıb. Mənim borcum var, o da Tağıya, şəxsən onunla görüşüb, pulu almışam”.

Səadət Xəlilov bildirib ki, Tağı Əhmədovun oğlu, bacısı oğlu, qardaşı dəfələrlə ona zəng edərək, pulu tələb edib, hədələyib. Onun sözlərinə görə, bu da sübut edir ki, pulun sahibi Tağı Əhmədovdur. Lakin istintaq o şəxslərin heç birini dindirməyib:

“Telefon zənglərini məhkəmə də araşdırmadı. Oğlu 100 dəfə zəng eləyib. Oğlumla görüşüb. Amma müstəntiq onları dindirməyib. Ümumiyyətlə, istintaq düzgün aparılmayıb. Guya pul mənə qazanc məqsədilə veilib. Xeyr, 1 faizlə – 1 milyona aylıq 10 min pula razılaşmışıq. Guya Tağı bankdan 14-15 faizlə qoyduğu pullarını çıxarıb mənə verib, o itirilmiş qazancı da mənim üstümə yazırlar. Qazanc məqsədilə verilməyib, faizə verilib. Qazanc oldu-olmadı, aylıq pulunu tələb edirsə, deməli, faizlə verilmiş puldur”.

Təqsirləndirilən şəxs əlavə edib ki, Tağı Əhmədova olan borcuyla əlaqədar əvvəl mülki qaydada iddia qaldırılıb, Xətai Rayon Məhkəməsi qətnamə çıxarıb. Onun üzərinə pulu, üstəlik, əlavə faizləri də ödəmək öhdəliyi qoyulub. Lakin sonradan Tağı Əhmədov öz imkanlarından istifadə edərək, onu həbs etdirib:

“Məni tutdular ki, istintaqa təsir göstərər. Təsir göstərən Tağı Əhmədov kimi olar. Həm dövlətdən pul alırdı, həm də özü nə edirdi, nə etmirdi, mən demək istəmirəm, özü bilər, Allahı bilər. Tağı Əhmədovun oğlu Rauf Əhmədovu (Nizami Rayon Məhkəməsinin hakimi) tanımayan var? Müstəntiq deyir ki, mən hardan bilim sənə zəng eləyən onun oğludur. Gəlib oğlumla görüşüb. İndi də pullarını tələb edirlər, əl çəkmirlər”.

Səadət Xəlilov çıxışının sonunda bildirib ki, məhkəmədən ədalətli hökm gözləmir. Amma yenə də hakimləri ədalətli olmağa səsləyir:

“Mən bilirəm taleyim necə olacaq. Amma yenə də ədalətli olmağınızı istəyirəm. Mən bu işi belə qoymayacağam, axıra qədər gedəcəm”.

Zərərçəkmiş qismində tanınan Soltan Əliyev Tağı Əhmədovun dostudur.

Tağı Əhmədov özü də istintaq zamanı şahid qismində dindirilib.

“Bakı Metropoliteni”nin sabiq rəisi sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra “Qaynarinfo” saytına müsahibə verib: “Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.
Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər… Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.
Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”.

Ana səhifəSosialTağı Əhmədovun 2 milyon manatına görə 9 il həbs cəzası