“Müharibə yoxdur, amma biz elə müharibə dövründəki kimi yaşayırıq”
Səngərlərin önündən, Coğazçay su anbarının yanından keçirik. Yol yoldaşlarımız sürücünü xəbərdar edir: “Maşını sürətlə sür, qarşı tərəfdən güllə ata bilərlər”…
Yolumuz Qazaxın Quşçu Ayrım kəndinədir. Ermənistanla sərhəddə, üç tərəfi səngərlərlə əhatə olunan bu kəndin füsunkar
təbiəti var. Bir zamanlar rayonun ən varlı kəndlərindən hesab olunan Quşçu Ayrım indi yoxsulluğun məngənəsində sıxılır.
Müharibə zamanı ön cəbhəyə çevrilən kəndin təssərrüfatı tamamilə məhv olub. Atəşkəs haqda müqavilə imzalandıqdan sonra isə, problemlər həll edilməmiş qalıb. Sovet dönəmində kənddə mövcud olan sovxoz özəlləşmə adı altında ləğv edilib. Lakin sovxozun əmlakı və torpaqları əhali arasında bölünməyib. Odur ki, kənd camaatının ən böyük dərdi işsizlikdir. Gənclər iş dalınca rayon mərkəzinə və paytaxt Bakıya üz tutur.
Bu yoxsul kənddən bir ümidsizlik yağır sankı. Ümidin tükəndiyi, həyatın son işartılarının belə güclə sezildiyi bu kəndə jurnalistlərin gəlməsi hamının təəccübünə səbəb oldu. Çünki uzun illərdir ki, Quşçu Ayrıma yad adamın ayağı dəymir, kəndlilər də hər kəs tərəfindən unudulduqları fikrinə o qədər alışıblar ki, bizi kəndin ayağında görən kimi başımıza toplaşıb kim olduğumuzu, niyə gəldiyimizi soruşdular. Kimliyimizi öyrənəndən sonra dərdləri açıldı, amma yenə də danışıqlarından inamsızlıq sezilirdi, gördüklərimizi olduğu kimi yazacağımıza şübhə edirdilər sanki…
“Gördüyün təpələrdən o yana səngərlər başlayır”, – deyən kənd sakini Nuru Hacıyev əli ilə Quşçu Ayrımı əhatə edən yüksəklikləri göstərir. – “Üç tərəfdən səngərlərin əhatəsindəyik. Bir yolumuz var. O yol da Coğaz gölünün yanından, düz erməni postlarının qarşısından keçir. Müharibə yoxdur, amma biz elə müharibə dövründəki kimi yaşayırıq”.
N. Hacıyev bildirir ki, atəşkəsdən 20 il keçməsinə baxmayaraq, müharibə dövrünün problemləri hələ də olduğu kimi qalır: “Kəndin su, torpaq, iş problemləri var. Əhali çətinliklə dolanır. Əslində səngərlərin yüz addımlığında yaşayan əhali üçün hər çür şərait yaradılmalıdır. Biz isə yarı ac, yarı tox dolanırıq…”
Quşçu Ayrım kəndinin yuxarı başında, indi yararsız vəziyyətdə olan əsgər kazarmasının yanında bulaq var. 1985-ci ildə həmin bulaqdan kəndə su xətti çəkilib. Müharibə zamanı yararsız vəziyyətə düşən bu bulaq atəşkəsdən sonra bərpa edilib. Və Qarabağ müharibəsi zamanı şəhid olmuş Rəşad Əliyevin xatirəsini əbədiləşdirmək üçün bulağa onun adı verilib. Amma hazırda kəndin yeganə içməli su mənbəyi olan şəhid bulağından su gəlmir. Quşçu Ayrım kəndini rayon mərkəzilə birləşdirən yol təmir edilərkən bulaqdan kəndə gələn köhnə su xətləri yenilənməyib. Tikintisi başa çatandan sonra isə çürümüş borulardan axan suyun təsiri altında yeni yol xarab olmasın deyə çarəni bulağın suyunu kəsməkdə görüblər.
“Kəndimizin suyu düz Ermənistanla sərhədin iki addımlığından gəlir. Borular çoxdan çürüyüb. Yol çəkməzdən əvvəl boruları yeniləmədilər. Özüm icra hakimiyyətinə zəng edib xəttlərin yenilənməsinin lazım olduğunu dedim. Vəd verdilər, əməl etmədilər. Yol çəkiləndən sonra boru üç yerdən partladı. Bunlar da yola ziyan dəyməsin deyə su xəttini kəndin başından kəsiblər. Əhali susuz qalıb”.
Satınalmalar üzrə Dövlət Agetliyinin rəsmi məlumatına görə,uzunluğu 30 kilometr, eni 4 metr olan həmin bu kənd yolunun təmiri üçün dövlət büdcəsindən 11 milyon manata yaxın vəsait ayrılıb. Yolun hər kilometri 354 min manata başa gəlib.
Susuz qalan kənd sakinləri içməli suyu uzunqulaqlarla bir neçə kilometr yol qət edib meşələrdən, dağlardan daşımalı olurlar. İradə İskəndərova isə bildirir ki, su daşımaq üçün heç uzunqulağı da yoxdur:
“Şəxsən mənim nə uzunqulağım, nə də maşınım var. Tənha qadınam. Suyu necə gətirməliyəm?”, – İradə xanım deyir ki, uzunqulağı olan kənd sakinləri də su problemini tam həll edə bilmirlər. – “Su yalnız içmək üçün olsaydı uzunqulaqla daşıyıb ehtiyaclarımızı ödəyərdik. Paltar yumaq, hamamlanmaq üçün çox su lazımdır. İyirmi birinci əsrdə yaşayırıq. Dünyanın hər yerində evlərə isti su verilir. Kəndimiz dağların qoynundadır, meşələrimizdə çoxlu təbii bulaqlar var. Amma biz susuzluqdan əziyyət cəkirik. Belə getsə natəmizlik kəndi basacaq”.
Kənd sakini Emil İskəndərov deyir ki, kənddə yaşamırlar zülm cəkirlər: “Bələdiyyəmiz yox, torpağımız yox, örüş yerləri yox, iş yox. Bu boyda problemlərin içində suyumuzu da kəsdilər. Hərənin qapısında 2-3 baş da olsa mal-heyvanı var. Yay gəlir, istilər düşəcək. Bu mal-heyvana suyu necə çatdıracağıq? Məcburuq heyvanları aparaq düz sərhədin yanındakı su hövzəsinə. Ora da təhlükəlidir, mina basdırılıb, erməni tərəfdən atəş açıla bilər”.
Quşcu Ayrım kəndinin icra nümayəndəsi Elman Nəsibov isə mövcud problemləri inkar edir:
“Kəndimizə yeni yol cəkilib, həkim məntəqəsi tikilib. Yeni məktəb inşa edirik, bu sentyabrda artıq istifadəyə veriləcək. Sakinlərin zədələnmiş evləri bərpa edilir. Problemlərin hamısı yavaş-yavaş düzəlir”.
REAL vətəndaş hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, sosial şərait ağır olduğu üçün cəbhə xəttində yerləşən kəndlərin sakinləri, rayon mərkəzlərinə və paytaxt Bakıya üz tutur:
“Cəbhə bölgəsində yerləşən kəndlər sosial problemlər üzündən boşalır. Hökumət Regionların İnkişafı Proqramı çərçivəsində işgaldan azad edilən ərazilərin bərpası və sərhəd kəndlərin sosial-iqtisadi inkişafı üçün tədbirlər planı qəbul edib. Bu proqramın icrası üçün iki milyard manat vəsait də ayrılıb. Lakin bütün digər proqramlar kimi bu da qəbul edilsə də həyata keçirilməsi başa çatdırılmayıb. Və bu yöndə bütün problemlər olduğu kimi qalmaqdadır”.
Quşçu Ayrım, Qazax
Qeyd: Material IWPR Azerbaijan ofisinin International Alert təşkilatının maliyyə dəstəyilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi üçün hazırlanıb.