Suu Kyi Rohingya soyqırımı ittihamını rədd edib, “yanıldıcı” adlandırıb

O, Haaqada məhkəmə salonunda onu illərdir ev dustaqlığına məhkum etmiş hərbi qüvvələrin müdafiəsi üçün təxminən 30 dəqiqə nitq söyləyib.

Source: Foto: arxiv


“Qambiya Myanmarda Raxine əyalətindəki gerçək vəziyyətin natamam və yanlış görüntüsünü yaradıb”

Myanmar lideri Aung San Suu Kyi çərşənbə günü ölkəsinin müsəlman Rohingya azlığına qarşı törədilən soyqırım ittihamlarını “natamam və yanıldıcı” adlandırıb və bu ittihamları rədd edib.

“Reuters” xəbər verir ki, Suu Kyi məhkəmə işinin ABŞ-ın ən yüksək məhkəməsi tərəfindən dinlənilməsinə qarşı çıxıb.

Nobel Sülh mükafatı laureatı olan Suu Kyi Beynəlxalq Ədalət Məhkəməsində üç gün davam edən məhkəmə iclasında çıxış edib və keçən ay Qambiyanın Myanmara qarşı qaldırdığı iddialara etiraz edib. Keçən ay Qambiya Myanmarı 1948-ci il Soyqırım Konvensiyasını pozmaqda günahlandırıb.

Suu Kyi bir zamanlar Qərbdə demokratiyanın qəhrəmanı kimi təmsil olunub. O, Haaqada məhkəmə salonunda onu illərdir ev dustaqlığına məhkum etmiş hərbi qüvvələrin müdafiəsi üçün təxminən 30 dəqiqə nitq söyləyib.

O deyib ki, 2017-ci ilin avqustunda qərbi Raxine əyalətində hərbi rəhbərlik altında həyata keçirilmiş “təmizləmə əməliyyatı” polislə vuruşan Rohingya militanlarının hücumlarına qarşı anti-terror əməliyyatı olub.

“Qambiya Myanmarda Raxine əyalətindəki gerçək vəziyyətin natamam və yanlış görüntüsünü yaradıb,” – o deyib.

Myanmarı müdafiə edən Suu Kyi əməliyyat zamanı qeyri-bərabər hərbi gücdən istifadə edilmiş olduğunu və mülki şəxslərin öldürüldüyünü etiraf edib, lakin bunun soyqırım olmadığını vurğulayıb.

“Şübhəsiz ki, belə bir vəziyyətdə soyqırım niyyəti yeganə hipotez ola bilməz”, – o, 17 hakimin iştirak etdiyi paneldə çıxışı zamanı deyib:

“Məsələylə bağlı fəal araşdırma aparan, səsləndirilən səhv işlərdə günahkar bilinən əsgər və zabitləri mühakimə edən və cəzalandıran bir dövlətin soyqırım niyyəti ola bilərmi?”

730 mindən çox rohingyalı hərbi qüvvələrin təziyiqindən sonra Myanmardan Banqladeşə qaçıb.

Keçən il Myanmar hərbi qüvvələri bəyan edib ki, 2017-ci ilin sentyabrında İnn Din kəndində 10 rohingyalı kişi və oğlanın qətliamında iştirak edən 7 əsgər ağır əmək şəraitində 10 il həbs cəzasına məhkum edilib.

7 əsgər ordunun 2017-ci il əməliyyatından sonra cəzalandırdığı yeganə təhlükəsizlik işçiləri olub. Onlar həbsxanada bir ildən az vaxt keçirdikdən sonra vaxtından əvvəl azadlığa buraxılıblar.

Ana səhifəDünyaSuu Kyi Rohingya soyqırımı ittihamını rədd edib, “yanıldıcı” adlandırıb