Susuz, yolsuz, ünvansız qalanlar

“Suyu mənbəyindən götürüb bizə pulla satırlar”

Source:


“Suyu mənbəyindən götürüb bizə pulla satırlar”

“Su həyatdır”- deyirlər. Abşeron rayonunun Mehdiabad qəsəbəsinin sakinləri bundan məhrum olublar. Mehdiabadın arxa küçələrinə gəldikcə, sakinlərin susuzluqdan şikayətləndiyini eşidirik: “Suyu mənbəyindən götürüb bizə pulla satırlar”.

Onlar gün ərzində bir-iki saat suları gələndə sevinirlər. Qəsəbənin yaşlı sakini Maşallah kişi deyir ki, burada hər kəsdə sayğac var: “Kartımızı yükləyirik, lakin istifadə etməyə su tapmırıq. Suyu maşınla alırıq”.

Ailə üzlərinin sayı az olanlar üçün bu, 20 manat, çox olanlar üçün isə 50 manata başa gəlir. Maşallah bəylə söhbətimizə qoşulan qonşular da qəsəbənin iki –üçü ildir ki, susuz qaldığını söyləyirlər. Onlar bildirirlər ki, dəfələrlə Su İdarəsinə müraciət etsələr də, heç bir faydasını görməyiblər.

“Gecələr suyu verirlər, o zaman da heç xəbərimiz olmur. Səhər 7-də durub görürük ki, su gəlir. Yarım saatdan sonra isə tamamilə kəsilir. Gecə verilən suyu neynirik biz, suyu gündüz verməlidirlər. Bir də görürsən ki, həftələrlə suyumuz olmur” – bunu qəsəbə sakini deyir.


Qəsəbə sakinlərinin əsas işi fəhləlikdir

Dükanda işləyən Məzəddin Səfərov sakinlərin vəziyyətinin pis olduğunu söyləyir. O, vəziyyəti qarşısındakı borc dəftərinə baxaraq əsaslandırır:

“Bəzən müştərilərdən pulumuzu dava-qırğınla alırıq. Nəticə verməyəndə “halal xoşun olsun” deyib, üstündən keçirik”.

Ticarətçinin sözlərindən belə bəlli olur ki, qəsəbə sakinlərinin çoxu işsizlikdən əziyyət çəkir. Əsas işləri isə fəhləlikdir.


“İndi bu Avropa oyunlarına görə adamlar acından ölməlidir?”

Mehdiabadın əhalisini müxtəlif bölgələrdən gələnlər, xüsusilə ötən əsrin əllinci illərində Ermənistandan deportasiya edilmiş insanlar təşkil edir.

Heyvandarlıqla məşğul olan Gülrza bəy deyir ki, əslən Digahdandır. 90-cı ildən burada məskunlaşıb. O vaxtdan heyvandarlıqla məşğul olur. O, başqa iş yerlərinin olmadığını bildirir: “Camaatın firavan yaşaması daha yaxşıdır. Nə edəcək bizə Avropa oyunları? 15 gündən ötrü millətin boğazından kəsib, nə qədər xərc çəkiblər o oyunlar üçün. Elə iş yerləri var, bağlayıblar ki, Avropa oyunlarıdır. İndi bu Avropa oyunlarına görə adamlar acından ölməlidir?”


“Bələdiyyə şikayətlərimizə baxmır”

Qəbiristanlığın arxasında qalaqlanmış zibil və orda salınan yaşayış evləri diqqət çəkir. Sakinlər yolları da özlərinin hesabına çəkdiklərini deyirlər.

Rasim İslamov: “Yollarımızı güclə öz hesabımıza düzəldirik. Sonra da qaz xətti çəkib dağıdırlar. Bələdiyyəni heç yerində tapa bilmirik. İcra hakimiyyəti də “baxılacaq” deyir, lakin heç nə dəyişmir” – deyir. Onun sözlərinə görə, yağış yağanda bura maşın dönə bilmir. Rasim İslamov Mehdiabadın həmişə belə baxımsız olmadığını bildirir:

“Əvvəllər bütün şikayətlərimizə baxılırdı. Yollarımız da yol idi. Bələdiyyə sisteminə keçəndən sonra bələdiyyə heç nəyə baxmadı”.

Bəziləri Pirşağı, bəziləri Sovxoz yolu, digərləri isə “qəbiristanlığın arxası” deyirlər bura. Bu yerin bir ünvanı yoxdur. Sakinlər bu məsələ ilə bağlı 131 nəfərdən imza toplayıb bələdiyyəyə müraciət etsələr də, nəticəsi olmayıb.

“15 gündür ki, su görmürük. 12 ildir burada yaşayıram. Yollarımızı görürsüz. Qış olanda qalırıq yollarda. Uşaqları məktəbə göndərə bilmirik. Uşağa kimlik almaq üçün gedib Naxçıvandan qeydiyyat kağızı almalı oluram. Ünvan vermirlər ki, bura qeydiyyata düşək”- deyə Sevinc xanım şikayətlərini dilə gətirir.

Qadın bildirir ki, burda həkim tapmaq mümkün deyil. Təcili yardım Binəqədidən gəlir. Ünvanı olmadıqlarından təcili yardıma yolları çətinliklə izah edirlər:

“Yoldaşımın ürəyi xəstədir. Ünvanımız olmadığından sosial yardım ala bilmirəm. Dörd uşaqla çox çətin vəziyyətdə yaşayırıq”.

Bu ünvansız məkana təkcə 179 nömrəli avtobus gəlir. Sakinlər deyir ki, səhər uşaqlarını məktəbə apara bilmirlər. Çünki səhər 9-dan dayanacaqda dururlar, ancaq 11-də avtobusa minmək mümkün olur. Hər zaman da sıxlıq olur.

Baxımsız yolları həyatları üçün də təhlükədir. Heç kimin yaşayışları ilə maraqlanmadığını deyən sakinlər, yenidən müraciət etmək üçün Avropa oyunlarının bitməsini gözləyirlər.

Ana səhifəXəbərlərSusuz, yolsuz, ünvansız qalanlar