Atəşkəsin mütəmadi pozulması onların güzəranını daha da ağırlaşdırır
Tovuzun asfalt döşəməli yollarından ayrılıb kələ-kötür torpaq yola keçdinizmi, demək ki, Əlibəyli kəndinə çatmısız…
Günün günorta çağı olsa da, küçələr boşdur. Nə böyüklər gözə dəyir, nə də uşaqlar. Bircə uzaqdan bir qoca əlindəki çəliyi tələsik yerə döyə-döyə bizə tərəf gəlir.
“Bala, kimsiz? Haradan gəlmisiz? Bu yol çox təhlükəlidir. Hələ keçən həftə burda qonşumuzu nəvəsiylə bu küçədə ermənilər vurdu. Durmayın orda. Bizim ev yaxındı. Gedək bizə”, – deyir 75 yaşlı Əlisgəndər Hüseynov.
O, evdə tək qalır. Son günlər atəşkəs davamlı pozulduğundan ara sakitləşənə qədər ailəsini Tovuzun mərkəzində yaşayan qohumlarıgilə göndərib. Özü isə həyətdəki mal-qaranı başsız qoymaq istəməyib.
“Kənddə az adam qalıb. Mən də mal-qaranı buraxıb hara gedim? Hər gün atırlar. Bir də görürsən yanğın çıxır. Kənddə o qədər adamın evi güllədən alışıb-yanıb ki… Evimizdə salamat yer yoxdu. Hamısı güllə, qəlpə izləridir”.
Əlibəyli kəndi erməni hərbçiləri tərəfindən tez-tez atəşə məruz qaldığından kəndlilər küçələrə əsasən hava qaralandan sonra çıxırlar. Gündüzlər isə bağların arasıyla gedib-gəlirlər. Elə biz də kəndi bağların arası ilə gəzirik. Bağlarda isə ağacların başı meyvəylə doludur. Sakinlərin dediyinə görə, bağlarındakı barlarını da yığa bilirlər.
Güllə-barandan evlərin damları, darvazaları dəlik-deşikdir. Sınmış şiferlərin yenisi ilə əvəz edilməsi üçün icra hakimiyyəti kəndlilərə şifer paylayır. Kənd ağsaqqalları verilən şiferlərin yetərsiz olduğunu bildirirlər.
“Şiferləri kəndin icra nümayəndəsi paylayır. Elə ailə var yetmiş şifer verirlər, elə ev var otuz. Valeh Rzayev öz tanışlarına çox verir, bizə isə az. Otuz şifer heç nəyə çatmır axı. Nə ustaya verəcək pulumuz var, nə mismara. Şiferlər həyətlərdə yatır. Yağış yağanda evin ortasına əlimizə keçən vanna, ləyən, qazanı düzürük ki, yağış suyu evi basmasın”, – Əliskəndər Hüseynov deyir.
Əlibəyli kəndinin icra nümayəndəsi Valeh Rzayev isə bildirir ki, qaydalara əsasən şifer təmas xəttindən 3 kilometr məsafədə yerləşən evlərə verilməlidir: “Lakin biz kənddə bütün evləri şiferlə təmin elədik. Sakinlər istəyirlər ki, onların evlərinin bütün şifer örtüyü yenilənsin. Lakin biz bu iqtidarda deyilik. Ancaq tamam dəlik-deşik olmuş şiferlər dəyişdirilir. Əgər kiminsə evinin beş şiferi yararsız hala düşübsə, biz ona on beş şifer vermişik. Maksimum miqdar əllidir. Sakinlər haqlıdırlar. Onlara mismar verilməyib. Otuz şifer üçün yarım kilo mismar sərf olunar. Bu qədər şiferi verən dövlət yarım kilo mismarı da verə bilər. Sadəcə mismar nəzərə alınmayıb”.
Kənddə yolboyu su krantları düzülüb. Cəbhə xəttinə yaxın yerləşən kəndlərin sosial rifahınının yaxşılaşdırılması üçün Azərsu kəndlərə artezian quyusu və su kranları çəkdirir. Elə Əlibəyliyə də. Hələ ötən ay Tovuzdan gəlmiş qonaqların iştirakı ilə artezianın təmtəraqlı açılşı da olub. Lakin…
“Dedilər kəndə içməli su çəkirlər, sevindik. İkicə gün su gəldi. Ondan sonra gəlmədi. Nəbinin evinin yanında krant var. Bircə ordan su gur gəlir. Bala, burda nə gündə yaşayırıq, özünüz görürsüz. Bu yaşamq deyil, ölməkdir”, – deyə bildirir 72 yaşlı kənd sakini Qaraqız Nağıyeva.
Q. Nağıyevanın dediklərini digər kəndlilər də təsdiqləyir. Onları daha çox qəzəbləndirən isə su çəkmək adı ilə mövcud yollarının da dağıdılmasıdır.
“Yollarımızı qazıb daha da pis günə qoydular. Su çəkirik deyə, hardan gəldi qazdılar. Nə suyumuz oldu, nə yolumuz. Dərdimizi kimə deyək, bilmirik. Bizi nə dinləyən var, nə eşidən” , – Qaraqız Nağıyeva gileylənir və əlavə edir – “Susuzluqdan əkinimiz də günün altında saralıb gedir. Bəziləri ermənilər tərəfdən axan çayla bağlarını suvarırlar. Sel gələn kimi çayın suyunun da qarşısı kəsilir. Çayın o biri tərəfi erməni postu olduğundan ancaq gecələr gizlincə gedib çayın gözünü təmizləmək mümkün olur. O da həmişə yox”.
Kənd icra nümayəndəsi Valeh Rzayev kənd üçün 150 metr dərinlikdə artezian quyusunun qazıldığını deyir: “Ötən ayın sonu “AzərSu” Açıq Səhmdar Cəmiyyətinin on illik yubileyi ərəfində Tovuz rayonun icra başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva və “AzərSu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı ilə kəndimizdə sözügedən artezian quyusunun rəsmi açılıışı oldu. Düzdür, indi su gəlmir. Çünki iş hələ də davam edir. Həm də təmas xəttində vəziyyət son günlər gərginləşdiyindən təhlükəsizlik naminə işi müvəqqəti dayandırmışıq. İçməli su çəklişi tam olaraq nə vaxt bitəcək bilmirəm. Dağılan yollara gəlincə, su çəkilişi bitəndən sonra hamarlanma işi aparılacaq, bəzi yollara çınqıl töküləcək”.
İcra nümayəndəsi onu da əlavə edib ki, əvvəllər erməni postuna yaxın olan su nasosu kəndin mərkəzinə köçürülüb: “Əvvəl nasosun istifadəsi çətin idi. Sonra Su Meliorasiya idarəsinə müraciət etdik. Onlar da su nasosunun yerini dəyişdilər. İndi bu nasosdan üç yüz ailə əkin sahələrinin suvarılmasında istifadə edir. Qalanları isə kəndin içiylə axan su arxlarından faydalanır.
Kəndin problemləri bununla da bitmir. Ölkədə mövcud olan işsizlik müharibənin izləri qalmış bu kənddə özünü daha da qabarıq göstərir. Dədə-babadan əkinçilik və maldarlıqla məşğul olan kəndlilər qazanc yolunu başqa yerlərdə axtarırlar. Gülbəniz İbrahimovanın sözlərinə görə, ancaq yay fəslində əkinçiliklə məşğul ola bilirlər, o da qarşı tərəfdən atan olmasa.
“Düz bir ildi qaz pulu, işıq pulu verə bilmirəm. Deyirlər, gəlib qazınızı kəsəcəyik. Mən əkin əkib qazanc götürə bilmirəmsə, hardan ödəyim? Yoldaşım fəhləlik edir. O da bir gün iş olur, iki gün olmur. Əlimizdə olan pulla uşaqların qarnını doyurmağa çalışırıq. Zülm içində böyüdürük uşaqalarımızı”.
İbrahomovlar kənddə kommunal xərclərini ödəyə bilməyən tək ailə deyil. Demək olar ki, kənd sakinlərinin çoxu aylıq işıq, qaz pulunu ödəyə bilmirlər.
“2002-ci iliydi. Heyvanımız üzü yuxarı getmişdi. Mən də dalınca getdim ki, geri qaytarım. Çaydan hoppananda ayağım minaya düşdü. Beş ay Şəmkirdə xəstəxanada yatdım. Müalicəmə dövlətdən heç bir yardım etmədilər. Qapıdakı mal-qaranı satıb ayağımın protezinə verdik. İndi nəylə, necə dolanacağımızı bilmirik”, – kənd sakini Vahid Həsənov deyir.
Kənddə işsizliyin aradan qaldırılmasına dair hər hansı tədbirin görülüb-görülmədiyi ilə maraqlananda isə icra nümayəndəsi Valeh Rzayev bildirdi ki, bu problemin həll olması çox çətindi. Çünki təhlükəsizliyi tam təmin etmək mümkün olmadığı üçün iş adamları bu ərazilərdə yeni iş yerlərinin açılmasında maraqlı deyillər. Odur ki, yenə də ümid maldarlığa və əkinçiliyə qalır.
“Cəbhə bölgəsində yaşayan insanlar üçün güzəştli şərtlər nəzərdə tutulmalıdı ki, heç olmasa əkin-biçinlə, mal-qara ilə özlərini dolandıra bilsinlər. İnanıram ki, yaxın zamanlarda bu mümkün olacaq”, – icra nümayəndəsi bildirir.
Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən “Eşidilməyən səslər” layihəsi çərçivəsində hazırlanıb. Materialın məzmumuna görə yalnız müəllif məsuliyyət daşıyır və International Alert, EPNK və donorların mövqeyilə üst-üstə düşməyə bilər.
Əlibəyli- Tovuz