Şuşada olmaz, Xankəndində olar?

Amma burada iki variantdan daha kəskin reaksiyaya səbəb olan məsələ var.

Seymur Həzi, Foto:: Meydan TV


Anti-Qarabağ koalisiyasının iki məqsədi barədə

Mayın əvvəli işğal mövzusu yenidən gündəmə gəldi. Məlum oldu ki, hakimiyyət 2016-cı ildə İranla imzaladığı sazişn məğzini gizli saxlayıb. Sazişdə nəzərdə tutulub ki, İranla Azərbaycan arasında Araz çayı üzərində iki hidroqvşaq tikilməsinə dair sazişin əslində başqa detalları da varmış. Məsələn, bu suqovşaqları bizim işğal olunmuş ərazilərimizlə sərhəddə tikilir. Üstəlik, burada yeni körpülərin tikilməsi nəzərdə tutulubmuş. Gündəmin əsas mövzusuna XİN-in rəsmisi Xələf Xələfov yalnız onu dedi ki, bu müqaviləyə İran və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxılmalıdır. Bu nə deməkdir? Yəni İran rəsmən bizim ərəzi bütövlüyümüzü tanıdığı üçün biz bu sazişi imzalamışıq. Güya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır ki? Ancaq tamam başqa suallar da var ki, cavabı çox maraqlı olardı?


5 rayonu niyə versinlər?

Sual ona görə aktualdır ki, münaqişənin həlli üçün təqdim olunan ən azı üç təklifdə deyilir ki, ətraf 5 rayon azad olunduqdan sonra Ermənistan blokadadan çıxmaldır və sonra danışıqların ikinci mərhələsi başlaya bilər. Bu körpü ilə blokada aradan qalxırsa, daha ermənilər ətraf 5 rayonu niyə qaytarsınlar? Danışıqlarda niyə maraqlı olsunlar? Hökumət bu suallara cavab versə, o zaman rəsmi siyasətin bu mövzuya dair gələcək konturlarını ən azından xəyalda canlandırmaq olardı. Başqa halda isə ölü diplomatiyanın beyin dağıdan qoxusu Şuşadan gəldi. Məlum oldu ki, separatçı hərbi rejimin yeni “seçilmiş” rəhbəri andiçmə mərasimini Şuşada edəcək. Azərbaycanda isə “Qarabağ”ı xatırladacaq yeganə and hələ ki, qarabağlı Seyid Lazımın cəddidir. Bu məsələyə Azərbaycan elə etiraz forması seçib ki, ondan heç kimin xəbəri olmasın. Heç düşmənin də. Düz də edirlər, düşməni ayıltmaq olmaz.


Xankəndi kimin şəhəridir?

Diplomatiyamız o qədər geri çəkilib ki, biz artıq Xankəndinin söhbətini belə etmirik. İlham Əliyevin Münhen təhlükəsizlik konfransında bu şəhərin adının etimologiyasını ingiliscəyə çevirməsini nəzərə almasaq, demək olar ki, diplomatiyamızda Xankəndi problemi yoxdur. Yəni bu, bir həlli vacib məsələ deyil. Ona görə də bizim üçün güya ki fərqi varmış – hansısa Artik Şuşada and içəcək, yoxsa Xankəndində. Bunun fərqinin olmaması hər iki mənada düşünülürmü?


Müxalifətə əks hücum

Amma burada iki variantdan daha kəskin reaksiyaya səbəb olan məsələ var. Bu da odur ki, müxalifət qolunu çırmayıb bu mövzunu çək-çevir edərkən hakimiyyət Milli Şuranın ( içərisini hər cür şərh etmək olar) daxili video müşavirəsindən görüntülər paylaşdı. Bu görüntülər demək olar ki, ən müxtəlif aspektlərdən şərh olundu, reaksiyalar aldı. Bununla da hökumət gündəmi dəyişə bildi. Özü də torpaq və işğal mövzusunu hansısa daxili intriqa mövzusuyla rahatca kölgədə qoydu. Cəmiyyətin bütün fəal spektri özünü bu mövzunun müzakirəsindən ayıra bilmədi. Biz indi diqqəti işğal faktoruna qaytarmaq istəyərkən özümüz də bilmədən kəşf etdik ki, hansısa Artikin Şuşada andiçməsinə razıyıq, amma Xankəndində yox. Çünki şüuraltımıza elə siqnallar ötürülüb ki, Xankəndində olar. Əslində isə Xankəndi işğalın başlanğıcıdır. İlk separatçı şüarların, azərbaycanlı qətllərinin və aqressiv deportasiyanın başladığı yerdir. Biz ilk itki verdiyimiz nöqtəni unutmuşuqsa, o zaman ixtiyari nöqtəyə qədər geri çəkilməyə “razı salına” bilərikmi? Bu təhlükə var.


Məntiqi və təhlükəli nəticə

Məntiqi nəticə budur ki, hakimiyyət əslində müxalifəti gündəm etməklə özünün, yüngül desək, siyasi ayıblarından diqqəti yayındıra bildi. Yəni cəmiyyət ciddi problemlərin həllində israrlı olmaq vərdişinə malik deyil. İstənilən qara-qışqırıqla onun diqqətini yeni, amma az əhəmiyyətli məsələlərə cəlb etmək olar. Təhlükəli nəticə odur ki, hakimiyyətin bu planları həyata keçirməsinə şüurlu qoşulanlar da var. Yəni məlumatsızlıqdan deyil, məhz cəmiyyəti bu cür ciddi müzakirələrdən yayındırmaq istəyən qruplar da var. Bu qruplar isə hakimiyyətlə hansısa formada koordinasiya olunurlar. Yəni söhbət təkcə təhlükəli maraqdan getmir, həm də onun ətrafında “koalisya” qurmaqdan gedir. Azərbaycan daxilində anti-Qarabağ koalisyasından.

Ana səhifəXəbərlərŞuşada olmaz, Xankəndində olar?