Şuşaya “qaz yolu” ilə getmişdim. Daşaltından kecmək, səngər görmədən ölmək demək idi. 17 yaşlı dəliqanlı yeniyetmə üçün o zaman döyüşmədən ölmək, ölümün özündən daha dəhşətli idi. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun taboruna gedirdik. Vətənimizi, yeni müstəqiliyə qovuşan respubilkamızı qorumaq üçün.
Müharibədən əvvəl Şuşada olmamışdım. Pioner düşərgəsini, İsa bulağını, Cıdır düzünü görməmişdim. Sovet dönəmində məşhur pioner düşərgələrinə məktəb drektorlarının yaxınları, partiya və dövlət orqanlarında işləyənlərin əziz xələf balaları gedirdi. Bizlər – vətənin kasıb övladları ölkəmizin ən gözəl şəhərini müharibə dönəmində görə bildik.
Müharibənin dəhşətləri, top və raket mərmiləri belə şəhərin gözəliyinə xələl gətirə bilməmişdi. Qala – qarabağlılar öz şəhərlərinə qala deyirdilər, öz əzəmətini və füsunkar gözəliyini qoruyub saxlamışdı. Şəhərə girdikdən sonra diqqətimi cəlb edən ilk bina erməni kilsəsi oldu. Ermənilər hər gün şəhəri atəşə tutsalar da şuşalılar kilsəyə toxunmamışdılar. Ermənilər də kilsə istiqamətinə atəş acmırdılar. Bir növ güvənli ərazi olmuşdu erməni kilsəsi.
Taborumuz Xan qızı Natəvanın iki mərtəbəli evində yerləşirdi. Taqımımız 2-ci mərtəbədə idi. Bəlkə də elə Xan qızının şəxsi otagında məskunlaşmışdıq. Uzaq kecmişdə, müsiqi sədaları, gülüş səsləri gələn pəncərələrin önünə qum kisələri düzmüşdük. Bir zamanlar Qarabağın ən modern xanımı olan Xurşudbanu Natəvanın şeir məclisləri kecirilən evini hərbi hissəyə cevirmişdik. Sanki bina da öz zərifliyini itirmişdi. Qalanın icindəki qalaçaya bənzəyirdi.
Posta getmədiyimiz günlər şəhəri gəzmək imkanımız olurdu. Postdan qayıtdıqdan sonra ilk işimiz qədim hamama getmək idi. “Məşədi İbad” hamamı deyirdilər. 2 sutka qarım yagışın altında qaldıqdan sonra “Məşədi İbad”da hamamlanmaq cənnətə düşmək kimi idi. İliyimizə işləyən soyuq 1 saata cıxırdı canımızdan. Hamamdan sonra Sülünün cayxanasına üz tuturduq. Qala divarlarının düz yanında yerləşən çayxananın sahibinin adı Süleyman idi. Amma hamı ona Sülü deyirdi. Çayla dolu 10-15 armudu stəkanı üst-üstə yığıb müştərilərə paylayırdı. Yaman söhbətcil kişi idi. Şuşa verildikdən sonra Bakıda “Şuşa” kinoteatrının yanında çayxana açmışdı. Sonradan dağıtdılar həmin çayxananı. “Şuşa” kinoteatrını da sökdülər. Şuşasız qalan şuşalılar son toplaşmaq yerindən də məhrum oldular…
Taborumuzun döyüş mövqeyi Xankəndinin “on” addımlığında “zapravka” adlanan ərazidə idi. Bu post bütün Qarabağ müharibəsi dönəmində Xankəndinə ən yaxın olan döyüş mövqeyimiz olub. Son günlər postumuz gücləndirilmişdi. Milli Qəhrəman Albert Aqoronovun tankı və 1 “BTR-80” markalı zirehli maşın mövqeyimizi qoruyurdu. Albertin “ANS” telekanalına verdiyi yeganə müsahibə də postumuzda götürülmüşdü. Aprelin 29-da postda idim. Günorta xəbər gəldi ki, komandirimiz Ramiz Qəmbərov Kosalar kəndi yaxınlığında gedən döyüşlərdə agır yaralanıb. Döyüşdə bölük komandirimiz Nəriman Quliyev və əsgər yoldaşımız Pənah Muxtarov həlak olub. Sonralar Azərbaycanın tanınmış jurnalisti olan, hazırda dünyasını dəyişmiş İbrahim Bayandurlu döyüşdə ağır yaralanmışdı. İbrahim Türkiyədə təhsil alırdı. Tələbə idi. Amma tətillərdə Qarabağda döyüşlərdə iştirak edirdi. Başından güllə yarası almışdı. Həkimlər onu xilas etdi. Amma illər sonra aldıgı yara səhhətinə agır zərbələr vurdu və gənc yaşında gözlərini əbədi yumdu. Pənah ordumuzun ən azyaşlı əsgəri idi. Həlak olanda 14 yaşı vardı. Növbəti gün postu təhvil verib şəhərə qayıdanda komandirimiz Ramiz Qəmbərovun da həlak olduğunu eşitdik. Həkimlər komandirimizi xilas edə bilməmişdi.
Komandirin dəfn mərasimindəcə şəhərin təslim ediləcəyi barədə şaiyələr eşidilməyə başladı. Hamı deyirdi ki, Ramizdən sonra şəhəri verəcəklər.
O günü cox gözləməli olmadıq. Mayın 8-i səhər saatlarından şəhər intensiv top və raket atəşinə tutuldu. Cox qısa müddət ərzində “zapravka” postuna gedən yol ermənilər tərəfindən tutuldu. Mühasirədə qalan 27 əsgər yoldaşımız saatlarla davam edən döyüşdə postlarını tərk etmədi. Cəmi 27 nəfər erməni ordusunun avanqard hissələrinin yüzlərlə əsgərinin şəhərə girməsinə bir müddət imkan vermədi. Onlardan 23-ü şəhid oldu. Atışmanın ilk anlarında zirehli maşınımız vurulsa da yoldaşlarımızın müqaviməti qırılmadı. Qarşı tərəf çoxsaylı itgi verdi. Günortaya yaxın Albertin tankı mühasirəni yarıb, yaralı qalan əsgərlərimizi mühasirədən cıxara bildi. 24 nəfər şəhidimizin cəsədi isə döyüş meydanında qaldı.
İlk döyüşə Şuşa türməsinin yanında girdim. Ona qədər səngərimizə hucumlar olmuşdu. Amma uzaq məsafədən atışmalar olurdu. Bir də postda olan günlər səhər saatlarında Xankəndinə minaatandan atəş acırdım. Mən də yaxşı alınırdı. Ermənilər şəhəri alacaqlarına inamsız görünürdülər. Tar sexində onlarla erməni əsgəri mühasirəyə salınaraq məhv edilmişdi. Bizim durduğumuz mövqeyə ermənilər yaxınlaşa bilmədilər. Günortadan sonra “qırx pilləkən” adlanan əraziyə göndərildik. Burda da ermənilər bir necə uğursuz hucum cəhdi etdilər. Və itgi verərək geri cəkilməli oldular. Axşama yaxın döyüş səngidi. Ermənilər geri cəkildilər. Amma əvəzində Şuşada inanılmaz panika başladı. Şaiyələr, nizamsızlıq və özbaşnalıq öz bəhrəsini verdi. Şəhəri müdafiə edən az saylı dəstələr mövqeylərindən geri cəkilməyə başladılar. Daha sonra şəhəri tərk etdilər…
…Biz Şuşanı döyüşdə itirmədik, biz şaiyələrə məglub olduq. Ermənilər Şuşaya növbəti gün, mayın 9-da daxil oldular. Onlar boş şəhərə girmişdilər.
Qeyd: Məqalə IWPR Azerbaijan ofisinin International Alert təşkilatının dəstəyilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi üçün hazırlanıb.