Suriya və Azərbaycan: paralellər və fərqlər (II hissə)

İki fərqli dövlət – eyni tale?

Source:


Dövlət başçısının Avropa ilə münasibətlər mövzusunda son dərəcə kəskinliyi ilə fərqlənən bəyanatlarından və qohumların məlum “intina” məcburiyyətinə sövqündən sonra istər-istəməz bir sual yaranır: görəsən buna rəvac verən səbəblər nə idi? Doğrudanmı, Azərbaycan uçurumun kənarındadır, yoxsa sadəcə “balanslı siyasət” dövrü bitib? Bu suallara cavab tapmaq asan deyil…



Əlbəttə ki, bu tipli bəyanatlar və qərarlar çox ciddi səbəblərsiz verilmir. Ölkənin hansısa radikal dəyişikliklərin astanasında durduğunu az qala bütün cəmiyyət hiss etməkdədir. Burada məsələ nə sadəcə sırf daxili, nə də yalnız xarici siyasət mövzusunda deyil, daha çox hazırda dünyada gedən tarixi-siyasi proseslər kontekstindədir. İş orasındadır ki, son 5 illik zaman kəsiyi beynəlxalq hüquqi status-quo mövcudluğunun tamamilə itirilməsi ilə tarixə daxil oldu: “ərəb baharı” və “Ukrayna krizisi” faktiki II Dünya Müharibəsindən sonra mövcud olan nisbi sülh və razılaşmaları tar-mar etdi.



Bir aydan çox müddətdə Vətəndə olduğum dövrdə, insanlar arasındakı müzakirələrdə, çox zaman hansısa hipotetik dəyişikliklərin “Suriyanın gününə düşmək” kimi qorxunc sonucla bitəcəyi ehtimalları irəli sürülürdü. Görəsən nədən insanlar belə düşünür və buna hansısa əsaslar varmı?


Bölünmüş Suriya?

Yaxşı, hazırda Suriyada Əsəd rejiminin əleyhinə vuruşanlar kimlərdir? Görəsən bu sualın dəqiq cavabını Dəməşqdə, Vaşinqtonda, Moskvada və ya Tehranda bilən kimsə varmı?

Reallıq bundan ibarətdir ki, hazırda bu ölkənin ərazisində məqsədləri tam dəqiq bəlli olmayan onlarla hərbi qruplaşma vardır və bu gün onların hər biri Əsədlə onun hakimiyyətindən əlavə bir-biri ilə də şiddətli mübarizə aparmaqdadır. Bu qüvvələr artıq Suriyanı faktiki bölmüş və indiki məqamda nəzarət etdikləri əraziləri böyütmək uğrunda vuruşurlar. Bu nəzarət edilən bölgələr əsasında hazırda Suriya dörd hissəyə bölünmüşdür: ələvilər, sünnilər (“İslam dövləti”), kürdlər və ismiyililərin əraziləri.



Ələvistan” dövləti?

Şiə məzhəbinin bir sektası olan ələvilər hazırda Aralıq dənizinin şərq sahillərində yerləşən və mərkəzi Tartus şəhəri olan Lazkiyə vilayətinə nəzarət edir. Ələvilər əslində Suriyada uzun zaman marginal azlığa aid olmuşlar, lakin II Dünya Müharibəsindən sonra ordudakı ələvi zabit kadrlar hakimiyyət məsələsinin həllində başlıca qüvvə oldu. Hafiz Əsəd məhz bu qüvvələrə arxalanıb hakimiyyətə gələ bilmiş və onu uzun zaman əldə saxlayıb, nəhayətdə vərəsəsinə ötürə bilmışdi.

Bunlara baxmayaraq, Bəşər Əsədin hazırkı vəziyyəti heç də yaxşı görünmür. Suriya ordusu peşəkarlığına rəğmən artıq dördüncü ildir ki, üsyançılarla bacara bilmir və ordudan sünnilərin fərarilik halları az qala kütləvi hala çevrilib. İndi Əsədin son ümidi yalnız ələvilərdən təşkil edilmiş güclü respublika qvardiyası və 4-cü tank diviziyasınadır. Bundan başqa, əsasən Livan hərəkət edən Hizbullah təşkilatı da Əsədə mümkün qədər yardım edir. Bu özünü lap yaxınlarda Hələb ətrafında Əsəd qoşunlarının “Ən-Nüsrə Cəbhəsi” ilə döyüşlərində də göstərmişdi.

Vəziyyət lap kəskin xarakter alsa, yəqin ki, Əsəd, ələvilərin çoxluq təşkil etdiyi və şərti olaraq Ələvistan adlandıra biləcəyimiz əraziyə çəkilə bilər. Bu ərazini qərbdən Aralıq dənizi, cənubdan dost-şiə çoxluğu olan Livan, Suriyanın başqa hissələrindən isə Əl-Nüseyriyə (bəzən Cəbbəl əl-ələviyyə adlanır) dağ massivi əhatə edir. Bu səbəbdən onun müdafiəsi qismən asan ola bilər.

Buna baxmayaraq, cəmi 3 milyonluq əhaliyə malik bu ərazidə dövlət yaratmaq mürəkkəb işə bənzəyir. Bu ərazidə dövlətin yaranması üçün elementar infrastruktur şərtləri – yeganə liman şəhəri Tartusdan əlavə – hər hansı bir inkişaf etmiş sənaye, enerji mənbələri, elementar elektrik stansiyaları və ya hava alanı belə mövcud deyil. Bundan başqa, böyük regional güc olan Türkiyə hər zaman iranyönümlü olmuş Əsədə və onun hakimiyyətinə, yumşaq desək, dostcasına yanaşmır. Bu şərtlər altında, hətta Tehranın köməyi ilə də, çox çətin ki, Əsəd burada yeni dövlət qurmağa nail ola.


Kürdlər – müstəqil dövlət?

Əgər “Ələvistan” məsələsi sadəcə hipotezdirsə, Suriyanın başqa etnik azlığı – kürdlər, öz dövlətlərini demək olar ki, artıq yaratmaqdadırlar. Suriyadakı böyük sünni-şiə konfliktində bir növ “üçüncü qüvvə” rolunu yerinə yetirən kürdlərin ölkənin şimal-şərqində nəzarətdə saxladığı bu ərazinin artıq ismi də var – Rojavayê Kurdistanê (kürd dilindən tərcümədə “Qərbi Kürdüstan” anlamı verir). Buranı hələ 2012-ci ilin yayında böyük problemlər qarşısında qalan Suriya ordusu döyüşsüz tərk etmişdi.

Hazırda Türkiyə və İraq civarında yerləşmiş, paytaxtı Əl-Hasaka şəhəri olmaqla, bu kifayət qədər böyük ərazini kürdlərin “Xalq özünümüdafiə qüvvələri” (YPG, eyni zamanda onun çox güclü qadın bölümü – YPJ) çox uğurla qoruyur və bəzən hətta “İslam dövlətinə” qarşı hücum əməliyyatları da yerinə yetirirlər. Yeri gəlmişkən, buradakı kürd silahlı qüvvələrində nəinki onların Türkiyə və İrandan olan soydaşları, eyni zamanda müxtəlif ölkələrdən könüllülər də var. Kürd silahlı qruplaşmalarında ənənəvi olaraq istifadə edilən maoist ideologiya-ritorika buna çox münbit şərait yaradıb.


YPG haqda mahnı

Burada dövlət yaradılmasının iqtisadi əsasları da yox deyil, belə ki, bu ərazidə neft yataqları mövcuddur, bununla yanaşı kifayət qədər inkişaf etmiş kənd təsərrüfatı, Əl-Hasaka şəhərində isə gündə 40 min barrel istehsal edə biləcək qüvvədə olan neftayırma zavodu da var.

Lakin bu dövlətin yaranmasına da kifayət qədər böyük beynəlxalq əngəllər var. İlk növbədə, bu yenə də Türkiyədir. Təbii ki, ölkəsinin cənub sərhəddində Suriya-kürd dövlətinin yaranması perspektivi Ankaranı narahat etməyə bilməz. Türkiyə onsuz da İraq-Kürdüstanı ideyası ilə barışmış kimi görünür və onunla faktiki son günlərədək əməkdaşlıq edirdi. Türkiyənin bu münasibəti çətin dəyişə və Rojava üçün, bu, böyük əngəldir.

Başqa bir regional güc olan Tehranın da bu ideyaya – Suriya ərazisində kürd dövləti yaranmasına simpatiya bəsləyəcəyini düşünmək gülməli olardı. Hazırda İran var gücü ilə Suriyanın Əsəd idarəsi altında bütöv qalmasına çalışır. Vaşinqtona da buradakı “anti-imperialistik” və xüsusilə “anti-Amerika” ritorikası əsla xoş gələcək deyil. O üzdən bu ərazinin bəlkə də yeganə real dəstəkçisi ola bilərsə, bu da İsraildir. Ərdoğan rejiminin yanlış siyasəti nəticəsində bu kifayət qədər qüdrətli potensialı olan ölkə, Yaxın Şərqdə istənilən qeyri-ərəb və dünyəvi dövlətin yaranmasına yalnız şad olardı. Uzağa getmədən demək olar ki, İraq Kürdüstanının İsrail tərəfindən daima aktiv dəstəklənməsi buna bariz misaldır.


Sünnülər – “İslam Dövləti”?

Suriya ərazisinin çox böyük bir hissəsi hazırda bir neçə hərbi təşkilatın nəzarətindədir, bunlardan başlıcası hamıya son illərdə müdhiş “İŞİD” kimi məlum olan “İslam dövləti”; bundan başqa, Əl-Qaidənin bir bölümü olan “Ən-Nüsrə Cəbhəsi” (ərəbcədən “Şam əhlinə yardım cəbhəsi”) ətrafında birləşmiş “İslam ordusu”; və bir də Suriya inqilabi qüvvələrinin milli koalisiyasından ibarət Azad Suriya Ordusu (ingiliscədən Free Syrian Army) vardır ki, bunlar da “dünyəvi müxalifət” kimi tanınır. Daha doğrusu, Əsəd rejiminə qarşı qalxınışın ilk aylarında məhv edilmiş dünyəvi müxalifətin son qalıqları. Məhz elə bu səbəbdəndir ki, ASO burada hərəkət edən qruplardan ən zəifidir. Onlar başqalarından fərqli olaraq, nəzarətdə saxlamağa müvəffəq olduqları kiçik ərazilərdə qismən də funksional ola biləcək bir inzibati quruluş yarada bilməmişlər. Hazırda ASO və “dünyəvi müxalifət” yalnız müdafiə funksiyası ilə kifayətlənməkdədir. Başqa marginal hərəkata misal kimi Əhrar əş-Şam Əl İslamini (Şamın Azad İnsanlarının İslami Hərəkatı) göstərə bilərik.

Onlardan fərqli olaraq islamçılar çox-çox uğurludurlar. Hazırda hər iki böyük islamçı dəstə, istər İŞİD, istərsə də “Ən-Nüsrə Cəbhəsi” öz dövlətlərini yaratmaqda israrlıdırlar və bu işdə – dövlət orqanlarının yaradılması və sistemləşdirilməsi, vergilərin yığılması, və s. – çox irəliləyib. Əlbəttə ki, qaçaqmalçılıqla xaricə neft yollamaq və nümayişkəranə baş kəsmə videoları ilə İŞİD daha məşhurdur. Maraqlıdır ki, hələ üç il öncə haqqında heç bir şey eşidilməmiş bu ən qorxunc silahlı qruplaşma birdən-birə, heçlikdən xortladı və kiçik Əl- Rəqqa vilayətini ələ keçirib, onun mərkəzi şəhərini özünə paytaxt elan etdi. O zamandan dünya mediasının başlıqları bu qrupun törətdiyi müdhiş əməllərdən əksik olmur.

Lakin İŞİD-in bu çox böyük ərazidəki faktiki dominasiyasına rəğmən heç bir islamçı və ya dünyəvi qrupların burada birləşə bilməməsi nisbi müvazinəti saxlamaqdadır. Əlbəttə ki, hamının hamıya qarşı müharibə etdiyi bir halda müvazinətdən danışmaq mümkünsə. Yerli əhali olan sünnülər isə, əlbəttə, burada baş verənlərdən razı ola bilməzlər, islamçıların son illərdə nümayişkəranə surətdə törətdikləri cinayətlər heç bir insan üçün cəlbedici görünə bilməz. Bundan başqa, yerliləri radikal islamçı qruplardan çəkindirən onların beynəlxalq tipdə olmasıdır – soydaşlarımızın da oraya necə bir tezliklə getdiyinin canlı şahidiyik. Amma, doğrudan da, bütün dünyadan ağlını itirmiş radikalları, baskəsənləri ölkəsinə, yaşadığı toprağa dayışıb gətirən təşkilat kimin xoşuna gəlməlidir ki? Beləliklə, sayı 12 milyonu keçən sünnü məzhəbli yerli insanlar beynəlxalq terrorçuların əlində faktiki girov qalıb.

Bu şəraitdə Qərb də Suriyaya müdaxiləyə tələsməyərək, təkəm-seyrək hava hücumları ilə kifayətlənir. “Dünyəvi müxalifət” isə çətin ki, yaxın illərdə islamçılara qarşı real müqavimət təşkil edə bilə.

Beləcə bu ərazidə xaos tüğyan edir və hələlik bunun sonu görünmür.


Druzlar (ismayililər) – məchul sonluq?

Suriya əhalisinin 3,5%-i ismailliliyin şaxələrindən biri olan druzlardan ibarət idi, bunu müharibə öncəsi statistika göstərirdi. Həsən əs-Səbbahın ardıcılları olan ismiyililərdən ayrılmış bu qol, druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin ismi də buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdi. Bu təriqətin üzvləri Fatimi xəlifəsi Hakimin (996-1021) Allahın yerdə mücəssiməsi olunduğuna və ruhların ölməzliyinə inanırlar. Tarixən aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuş druzlar, müasir dövrdə BƏƏS partiyası və Əsəd rejiminə loyallığı ilə seçilir, Suriya ordusunda həvəslə qulluq edirdilər. Hazırda şübhəsiz ki, radikal islamçıların gözündə “kafir” olan druzlar “İslam dövləti” üçün təbii düşməndir.

İsrail mətbuatında Suriyanın təxmin edilən parçalanacağı haqda araşdırmalar dərc edilərək, mütəmadi olaraq bir zamanlar mövcud olmuş müstəqil druz dövlətinin yaranması ideyası haqda danışılır. İlk dəfə belə ideya 1967-ci ildə, “Altı günlük müharibə”dən sonra yaranmış, indi yenidən reinkarnasiya edilməkdədir. Çünki belə bir dövlətin yaranması fərziyyə kimi İsrail üçün hətta kürd dövlətindən də yaxşıdır. Belə olan halda İsrail özünə çox loyal yanaşan insanlardan ibarət bufer dövlət yaratmış olardı.

Lakin druzların Suriyadakı vətəndaş müharibəsində hansısa aparıcı rolu oynayacağı və hazırda nəzarət etdikləri ərazidə gələcəkdə İsrailin köməyi ilə dövlət yarada bilmələri hətta fərziyyə olaraq belə qəbul edilə bilməz. Onları “kafir” hesab edən radikal islamçıların druzların bölgəsinə hücumu baş versə, bunun çox ağır nəticələrə gətirəcəyini indidən görmək olar. İki həftə öncə “Ən-Nüsrə Cəbhəsi” ilə druzlar arasında baş verən toqquşma buna bariz misaldır.


Acı gerçəklər

Əlbəttə ki, yuxarıda təsvir edilənlər yalnız fərziyyədir və indi həddən artıq qarışıq vəziyyətdə olan Suriyada gələcəkdə vəziyyətin necə olacağını indidən bir kimsə deyə bilməz. Əsədin hələ 2011-ci ilin baharında ölkəni tərk edəcəyi haqdakı proqnozları hamımız eşitmişdik, lakin onun hakimiyyəti, təəccüblü olsa da özünü qismən saxlamaqdadır. Bunun da yəqin ki, başlıca səbəbi yuxarıda bəhs etdiyimiz nisbi müvazinət-tarazlıqdadır: vətəndaş müharibəsinin 5 əsas iştirakçısı olan Əsəd qüvvələri, “İslam dövləti” “Ən-Nüsrə Cəbhəsi”, kürdlər və “dünyəvi müxalifət”in bir-biri ilə daima mübarizədə olmasıdır. Bu mübarizədə heç bir qüvvə hansısa başqasının qalib olmasını arzu etmir və nəticədə, yuxarıda qeyd etdiyimiz kimi, “hamının hamı ilə müharibəsi” baş verir. Və bu halda maraqlısı Dəməşqin məhz Əsədin nəzarətində olmasının hamını qane etməsidir – sonu görünməyən bu müdhiş müharibənin bir paradoksu da, təəssüf ki, budur.

Lakin ölkənin tam dağılıb tarix səhnəsindən getməsini əngəlləyən daha önəmli səbəb, bunu regional və böyük güclərdən heç birinin həqiqətdə istəməməsidir. Bütün regional güclər: Türkiyə, Livan, İran, İsrail və hətta yarıparçalanmış İraq üçün belə, bu, arzuedilməzdir. Suriyadakı sünni iğtişaşlarının başlıca sposorları olan Səudiyyə, Qatar və Küveyt üçün də İŞİD əslində gözlənilməz bir sürpriz kimi meydana çıxmışdı. ABŞ, Rusiya, Böyük Britaniya və Fransanın da regiondakı maraqları üçün Suriyanın parçalanması əsla əl verməz. Bəlkə elə məhz bu səbəbdən də oradakı vəziyyət və hazırkı acı gerçəklər çıxılmaz görünür.

Bunun isə başlıca səbəbləri yuxarıda qeyd etdiyimiz kimi tarixi yollarda idi. Cəmiyyətin arxaik metodlarla idarə edilməsi və mövcud ictimai problemlərin zorakılıqla həll edilməsi əsla doğru çıxış yolu deyil. Suriyada tarix bunu, təəssüf ki, çox ağır nəticələrlə sübut etdi

Azərbaycan üçün qorxulu yuxulara bənzəyən bu kimi nəticələrdən mümkün qədər uzaq durmaq üçün, cəmiyyətin demək olar ki, bütün sahələrində təcili olaraq köklü islahatlar aparılması gərəkdir. Ölkəmiz ətrafında yaranmış mövcud geosiyasi reallıq və neft qiymətlərinin dumadan enməsi fonunda, hazırda dünadakı yeni iqtisadi şəraitdə, bu, şübhəsiz ki, müstəsna bir zərurət daşıyır.

Bu gün Azərbaycanda sosial rifahın, təhsilin və ya səhiyyənin hansı vəziyyədə olması və demək olar ki, gündəmi zəbt etmiş intihar hallarının çox zaman məhz bunlarla bağlılığı bir kimsə üçün sirr deyil. Bunların acı fonunda artıq şəffaf bir hakimiyyət, mülkiyyət toxunulmazlığı, azad seçki, hesabatlı məmurdan danışmaq yersiz görünür. İstənilən sivil cəmiyyətin təməl bazisləri olmadan azad media, elm və texnologiya, həqiqi sənət, inkişaf və tərəqqindən, ümumiyyətlə, bəhs edilmir. Bunların yoxluğu isə son nəhayədə təəssüf ki, çox acı nəticələrə gətirib çıxarır. Bu gün Suriyada baş verənlər bunun bariz və canlı misalıdır.

Ana səhifəXəbərlərSuriya və Azərbaycan: paralellər və fərqlər (II hissə)