Suriya problemi – tarixə nəzər

Hər iki ölkənin Rusiya ilə olan sıx əməkdaşlığını nəzərə alsaq, əslində problemin arxasında Rusiya faktorunun dayandığı məlum olur

Foto: arxiv
Suriya
Suriya


Hər iki ölkənin Rusiya ilə olan sıx əməkdaşlığını nəzərə alsaq, əslində problemin arxasında Rusiya faktorunun dayandığı məlum olur

Aprelin 14-də ABŞ, Britaniya və Fransanın Suriyadakı kimyəvi obyektlərə raket və aviazərbələr endirməsindən sonra konflikt özünün növbəti fazasına daxil oldu. Lakin müttəfiqlərin bu əməliyyatı Suriya ətrafında və bütövlükdə regionda gedən geopolitik prosesin əsl mahiyyətini aydınlaşdırmaq üçün kifayət deyil. Həmin əməliyyat sadəcə olaraq regionda baş verən tendensiyanın tərkib hissəsidir. Məsələnin əsl mahiyyətini aydınlaşdırmaq üçün regiondakı geopolitik prosesə qısa da olsa nəzər salmaq vacibdir.

Müasir dövrdə Yaxın Şərqə Xilafət və Osmanlı imperiyası zamanında olduğu kimi vahid geopolitik məkan olaraq yanaşmaq mümkün deyil. Regional və qlobal güc mərkəzlərinin fərqli maraqları regionun siyasi xəritəsini formalaşdırır. İndiki mərhələdə qlobal qütblər arasındakı mübarizə, Suriya konfliktinin dinamikasını müəyyənləşdirən əsas faktorlardan biridi.

Ötən əsrin 80-cı illərinin sonu, 90-cı ilin əvvəllərində dünya sosializm sisteminin süqutu və SSRİ-nin müstəqil dövlətlərə parçalanması soyuq müharibə erasının başa çatması ilə nəticələndi. Bundan dərhal sonra mərkəzi və cənub şərqi Avropa ölkələrinin NATO və Avropa Birliyinə üzv qəbul edilməsi Avropada geopolitik konfiqurasiyanı ABŞ və Qərbin xeyrinə formalaşdırmağa imkan yaratdı. Bu gün NATO və Avropa Birliyi Rusiyanın Qərb istiqamətində genişlənməsinin qarşısını alan effektli mexanizm rolunu oynayır. Lakin Avropadan fərqli olaraq, Yaxın Şərq regionunda kollektiv təhlükəsizliyi və regional əməkdaşlığı formalaşdıracaq vahid mexanizmin olmaması regionda qeyri – müəyyənlik yaradıb.

Soyuq müharibə dövrü başa çatdıqdan sonra Yaxın Şərqdə yeni regional nizamın formalaşdırılmasına mane olan bir sıra rejimlər (İraqda S. Hüseyn, Liviyada M.Qəddafi) hakimiyyətdən uzaqlaşdırıldı. Regionun digər iki ölkəsində – İran və Suriyadakı rejimlər isə Qərb üçün əsas maneə hesab olunurdular. Hər iki ölkənin Rusiya ilə olan six əməkdaşlığını nəzərə alsaq, əslində problemin arxasında Rusiya faktorunun dayandığı məlum olur.

Rəsmi Dəməşq rejiminin Sovet İttifaqı ilə geniş əməkdaşlığının əsası ötən əsrin 50-ci illərinə təsadüf edir. Xüsusilə də, 1956-cı il növbəti ərəb – İsrail müharibəsindən (Süveyş böhranı) sonra bu əməkdaşlıq daha geniş sahələri əhatə etməyə başlamışdı. 1971-ci ildə Tartus limanında SSRİ-nin ilk hərbi dəniz bazası yaradılır. Təsadüfi deyil ki, həmin hərbi dəniz bazası SSRİ süqut etdikdən sonra, Rusiyanın xaricdəki yeganə hərbi bazası olaraq qalmaqda davam edir.

1973-cü ilin oktyabrında baş vermiş İsraillə “altı günlük müharibə” nəticəsində Colan təpələrini itirən Suriya, Sovet İttifaqı ilə daha sıx hərbi əməkdaşlıq etməyə başlayır. Məhz bunun nəticəsi idi ki, 1973 – 1983-cü illər ərzində Suriya ərazisində sovet hərbi kontingentinin sayı əhəmiyyətli dərəcədə artırılmışdı. SSRİ-nin Suriyadakı genişmiqyaslı hərbi mövcudluğu Dəməşq rejimini Moskvadan asılı vəziyyətə salıb və bu asılılıq bu gün də davam edir. Yaranmış vəziyyət, Suriyanı Kreml üçün regionda əvəzedilməz forposta çevirib.

Hələ, 1956-cı ilin noyabrında Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru A.U.Dalles yazdığı hesabatda bildirirdi ki, Suriya əhəmiyyətli coğrafi mövqeyinə görə, dünyanın aparıcı ölkələrinin Yaxın Şərq siyasətində strateji əhəmiyyətə malikdir.

SSRİ-dən fərqli olaraq, Suriya rejiminin Vaşinqtonla münasibətləri heç də hamar olmayıb. Belə ki, hələ 1979-cu ildə ABŞ Dəməşq rejimini terrorizmə sponsorluq edən ölkələr siyahısına salıb. Həmin münasibətlər, XXI əsrin ilk onilliyində daha da gərginləşmişdi. İki ölkə arasındakı münasibətləri gərginləşdirən faktorlar aşağıdakılardan ibarətdir:

• İraqdakı radikal dini döyüşçülərin Suriya ərazisindən tranzit vasitə kimi istifadə etməsi;

• Suriya hakimiyyətinin devrilmiş S.Hüseyn rejiminin bir çox keçmiş əməkdaşını himayə etməsi;

• Əsəd rejiminin Livandakı proseslərə müdaxiləsi;

• Suriyanın Fələstin təşkilatlarına yardımı.

ABŞ-ın əsas məqsədi, Suriyadakı rusiyayönlü rejimi devirməklə Rusiyanın regiondakı və Aralıq dənizindəki hərbi – siyasi iştirakını minimum səviyyəyə endirməkdi.

2011-ci ilin yazında Suriyada başlanmış vətəndaş müharibəsinə Rusiyanın aktiv müdaxiləsini şərtləndirən geopolitik amillər isə aşağıdakılardan ibarətdir:

• Suriyanın Rusiya üçün Aralıq dənizinə yeganə çıxış məntəqəsi rolunu oynaması;

• Putin hakimiyyətinin dünyanın artıq birqütblü deyil, çox qütblü olması mesajını vermək istəyi;

• Əsəd rejiminin devriləcəyi təqdirdə, növbəti hədəfin İran olması ehtimalı;

• Həmin prosesin yalnız İranla məhdudlaşmayaraq daha sonra, keçmiş sovet respublikalarına transfer olunması təhlükəsi;

Bu proses isə təbii olaraq Rusiyanın özünün perspektivdə hazırkı sərhədlər daxilində mövcudluğunu sual altına alır.

• Rusiyanın daxili faktoru.

Müasir Rusiyada əksər insanlar arasında Sovet dövrünün “qüdrətinə” dair nostalji hisslər və eyni zamanda, “Velikorus” əhvalı Putində belə bir fikir formalaşdırıb ki o, Rusiyanı yenidən qlobal güc mərkəzlərindən birinə çevirə biləcək yeganə şəxsdir. Əks təqdirdə Suriyadakı məğlubiyyət həmin imicin alt – üst olması və ruslar arasında kütləvi məyusluq hissinin yaranması ilə nəticələnə bilər. Deməli, Putin hakimiyyətinin Suriya məsələsində hər hansı bir formada geri çəkilmək şansı sıfıra bərabərdir. Ya tam qələbə, ya da məğlubiyyət.

Suriyadan fərqli olaraq, geniş Rusiya – İran əməkdaşlığı SSRİ-nin süqutundan sonrakı dövrə təsadüf edir. 1990-cı illərin ortalarından başlayaraq daha da genişlənən ikitərəfli əməkdaşlığın əsasında nüvə texnologiyası və silah ticarəti sahəsindəki əməkdaşlıq dayanır. Əməkdaşlığın geopolitik aspektləri isə daha geniş sahələri əhatə edir.

1990-cı illərin ortalarında Rusiyada hökm sürən sosial – iqtisadi və siyasi böhran, Çeçenistan müharibəsi, federasiya subyektləri arasında mərkəzdənqaçma meyllərinin güclənməsi və ölkənin daxili geopolitikasının qeyri – müəyyənliyi Rusiyada B.Yeltsin hakimiyyətinə beynəlxalq səviyyədə aktiv siyasət yeritmək imkanı vermirdi. Yaranmış şəraitdə, Yaxın Şərq kimi bir regionda ABŞ-ın strateji baxımdan nüfuz dairəsini daha da genişləndirmək imkanları real görünürdü. Lakin həmin dövrdə böhran şəraitində olan Rusiya regionda açıq formada ABŞ-la rəqabət aparmaq imkanına malik deyildi. ABŞ-ın regiondakı hegemonluğundan ciddi narahat olan Rusiya, region ölkələri vasitəsilə balans siyasətinin yaradılmasına nail olmaq niyyəti ilə ciddi fəaliyyət göstərir. Bu cür region ölkəsi isə ABŞ və Qərb dünyası ilə ideoloji baxımdan rəqib dövlət olan və beynəlxalq aləmdən təcrid edilmiş İran İslam Respublikası ola bilərdi.

İlkin mərhələdə Rusiya məhz, İran vasitəsilə regionda qüvvələr balansını formalaşdırmaq üçün İrandan bir vasitə kimi istifadə etməyə başlamışdı. Təbii ki, bu cür siyasət İranın da regiondakı maraqlarına cavab verən bir siyasət olduğundan, rəsmi Tehran həmin “missiya”nı çox böyük həvəslə üzərinə götürdü.

Həmin dövrdə bu missiyanı ən azı iki səbəbə görə Hafiz Əsəd rejimi icra etmək imkanına malik deyildi. Əvvəla, Əsəd rejiminin belə bir siyasi və ideoloji imkanları yox idi. İkinci bir tərəfdən isə, belə bir missiya ilə çıxış etmək, milliyyətcə ərəb dövləti olan Suriyanı digər ərəb ölkələri ilə qarşı – qarşıya qoya bilərdi ki bu da, onun ərəb dünyasında təklənməsi ehtimalını yaradırdı.

Bu gün Suriya konfliktinin əsas iştirakçılarından olan İranın isə özünəməxsus geopolitik maraqları mövcuddur.

Dini baxımdan sünni çoxluğa qarşı müqavimət göstərən Əsəd rejiminin hakimiyyətdə qalması İranın maraqları ilə üst – üstə düşür. Bundan əlavə, Suriyada möhkəmlənən İran, İsrailin şimal sərhədlərinə Livandan əlavə, birbaşa çıxış imkanı əldə etmiş olur. Əgər Əsəd rejimi hakimiyyətdə qalarsa və Suriya üzərində nəzarəti bərpa edərsə, bu, İranın geopolitik nüfuz dairəsinin genişlənməsi üçün geniş perspektivlər aça bilər. Belə ki, mümkün ola biləcək Suriya – İran alyansı rəsmi Tehrana qərbi Əfqanıstandan başlayaraq, İraq da daxil olmaqla (İraqda İran təmayüllü şiə qrupların hakimiyyəti ələ keçirəcəyi təqdirdə) Səudiyyə Ərəbistanı və İordaniyanın şimal, Türkiyənin cənub sərhədləri boyunca təsir imkanları əldə etməklə, Aralıq dənizinə birbaşa çıxış imkanı vəd edir. Əksinə, Əsəd rejiminin məğlubiyyəti və hakimiyyətdən getməsi İranı növbəti hədəf obyektinə çevirə bilər. Bunu çox gözəl başa düşən İran hakimiyyəti Rusiya ilə bərabər Əsəd rejimini hər vasitə ilə müdafiə etməkdə maraqlıdı.

Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, istər Rusiya, istərsə də İran nə zamana kimi bu cür geopolitik rəqabətə davam gətirə biləcəklər? Hər iki rejim – avtoritar Putin və teokratik molla rejimi – beynəlxalq iqtisadi sanksiyalara məruz qalmış ölkələrdi. ABŞ və Qərb müttəfiqləri yeni hərbi – siyasi fazaya keçdikdə Rusiya və İran Suriyadakı hərbi xərcləri istər – istəməz artırmaq məcburiyyətində qalacaqlar. Aprelin 14 də reallaşdırılmış əməliyyat müttəfiqlərin artıq belə bir fazaya keçid etdiklərini söyləməyə əsas verir. Bu isə Rusiya və İranı daha ciddi iqtisadi problemlərlə üzləşməyə məcbur edəcək. Belə olan təqdirdə, ölkə daxilində sosial zəmində narazılıqların artması qaçılmazdı. Bu cür şəraitdə isə həmin ölkələrin Əsəd rejimini sonadək müdafiə edə biləcəkləri problemli görünür.

Suriya konfliktində Rusiya və İranla əməkdaşlıq edən Türkiyə digər iki ölkədən fərqli olaraq, məzhəb baxımından sünni olmayan Əsəd rejiminin hakimiyyətdən getməsində maraqlıdı.

Konfliktin ilkin mərhələsində Türkiyədəki AKP hakimiyyəti islamçı cihadçılara hər vasitə ilə yardım edərək, Əsəd rejimini devirməyə cəhd göstərdi. Lakin Suriyadakı Rusiya və İran faktoru nəticə etibarı ilə rəsmi Ankaranı həmin plandan imtina etməyə məcbur etdi. Regionda kürd problemini öz maraqlarına uyğun həll etməyə çalışan rəsmi Ankara növbəti mərhələdə Rusiya və İranla əməkdaşlıq etmək qərarına gəldi. Türkiyənin budəfəki planı ölkənin cənub qərbindəki kürt toplumu ilə Suryadakı kürdlər arasında “Bufer zona” yaratmaq planından ibarətdir. “Bufer zona”da isə Suriya qaçqınlarının məskunlaşdırılması nəzərdə tutulurdu. Həmin planı reallaşdırmaq üçün Türkiyə Suriya ərazisindəki kürdlər yaşayan əraziyə ordu yeritdi. Lakin “üçlüyün” (Rusiya, İran, Türkiyə) son Ankara görüşündə Rusiya prezidenti Putin və İran prezidenti Ruhani Ərdoğana açıq şəkildə bundan sonra həmin ərazilərdə Türkiyənin hərbi iştirakını genişləndirməyə imkan verməyəcəklərini bildirdilər. Beləliklə, Türkiyənin bu planının da iflasa uğradığını söyləmək olar. Rusiya və İrandan fərqli olaraq, Türkiyədəki Ərdoğan hakimiyyəti Suriya konfliktində geopolitik müttəfiqlərini müəyyənləşdirə bilməyib. Ərdoğan hakimiyyəti digər geopolitik oyunçulardan fərqli olaraq, Türkiyənin regiondakı geopolitik maraqlarını müəyyənləşdirmək səviyyəsinə malik deyil.

Regionda geopolitik konfiqurasiyanı formalaşdıran əsas faktorlardan biri də, enerji daşıyıcıları üzərində nəzarət uğrunda aparılan rəqabətdir.

Fars körfəzindəki qaz yataqlarından hasil olunan qazın dünya bazarına çıxarmaq üçün Aralıq dənizi sahillərinə çatdırılması üçün İranla Qətər arasında rəqabət mövcud idi. Son anda tranzit ölkə kimi Suriya rejiminin “İran variantı”na üstünlük verməsi Qətər monarxiyasını Əsəd rejiminə müxalif qüvvələrə külli miqdarda maliyyə yardımı etməyə sövq etdi.

Suriya konflikti başlanmazdan bir il əvvəl 2010-cu ildə ABŞ Geologiya Xidməti rəsmi məlumat yayaraq, Aralıq dənizi hövzəsində böyük potensiala malik neft və qaz ehtiyatlarının aşkar edildiyini bildirir. Bundan əlavə, 2009-cu ildə İsrail geoloqlarının Aralıq dənizində aşkar etdikləri “Tamar” və 2010-cu ildə aşkar etdikləri “Leviafan” qaz yataqları həmçinin, Kipr yaxınlığında aşkar edilmiş “Afrodita” yatağı regionda geopolitik rəqabəti daha da gərginləşdirib. Həmin yataqlar, ilk növbədə, Aralıq dənizi hövzəsi ölkələri üçün geopolitik baxımdan əhəmiyyətli məsələ hesab olunur. Belə ki, həmin resurslar üzərində nəzarətə malik olan ölkə özünün geopolitik baxımdan “Güc faktoru”nun əsas elementlərindən biri olan geoiqtisadi qüdrətini möhkəmləndirmiş olur. Hal-hazırda həmin qaz ehtiyatlarının Aralıq dənizinin dibindən keçərək Kipr (Yunan), Yunanıstan və İtaliya vasitəsilə Avropaya çatdırılması üzərində müzakirələr gedir.

Belə bir qaz kəmərinin reallaşması, ilk növbədə, Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir. Əgər belə bir layihə reallaşarsa, bu, Rusiyanın “Şimal axını” və “Cənub axını” layihələrinin əhəmiyyətini kifayət qədər azaltmış olacaq. Belə olan təqdirdə, Rusiya özünün əsas təsir alətlərindən biri olan “Enerji diplomatiyası”dan məhrum olmuş olur. Bu baxımdan regionun Aralıq dənizi hövzəsi ölkələrindən biri olan Suriya Rusiya üçün daha əhəmiyyətli ölkə statusuna malik olur.

Əslində isə faktiki olaraq indiki şəraitdə Rusiya həmin məsələdə geopolitik baxımdan məğlub vəziyyətdədir. Belə ki, məhz Rusiyanın regiondakı müttəfiqi hesab edilən Suriya vətəndaş müharibəsini yaşayır. Mərkəzi hakimiyyət ölkə üzərində nəzarəti itirib, Suriya faktiki olaraq parçalanmış vəziyyətdədir. Belə bir şəraitdə, Rusiyanın geopolitik qələbəsindən deyil, məğlubiyyətindən danışmaq reallığı daha çox əks etdirir. Əsəd rejiminin hakimiyyətdə qalması və Suriya üzərində nəzarəti bərpa edəcəyi təqdirdə, (bunu ən az ehtimal edilən variant hesab etmək olar) söhbət yenə də Rusiyanın qələbəsindən deyil, sadəcə olaraq vətəndaş müharibəsinədək olan status-kvonun bərpasından gedə bilər.

Ana səhifəAnalitikaSuriya problemi – tarixə nəzər