“Korrupsiyanın miqyasını ifadə etmək üçün işlədilən “aksipere” (“almaq”, “götürmək”) feli ən geniş yayılmış texniki termin idi. Bu, Romanın ictimai həyatının tənəzzülünün ifadəsiydi” – Polşa tarixçisi Kazimej Kumanetski çoxdan klassikaya çevrilmiş “Qədim Yunanıstan və Roma mədəniyyətinin tarixi” kitabında yazırdı.
Bu cümlələrdə əksini tapan reallıq Roma Respublikasının süqutu ərəfəsinə – eramızdan əvvəl 1-ci əsrə aiddir. Çox keçməyəcək, vətəndaş müharibəsi Respublikanın ləğvi, prinsipatın formalaşması və nəhayətdə imperator üsul-idarəsi ilə əvəzlənəcəkdi. Və o illərin Romasının qürubunu sürətləndirmiş hadisələrə diqqət kəsiləndə qeyri-iradi olaraq “deja vyu” kəlməsini işlətmək istəyirsən. Analogiya və bənzərliklər elə qabarıqdır ki. Sanki faktların dili ilə bu günkü Azərbaycanı xarakterizə edirsən.
Həmin illərin digər xüsusiyyətlərinə diqqət kəsilək. “Zövqlərin çirklənməsi şəhər aşağılarına və süvarilərə də sirayət etmişdi. Onlar seçkilərdə səslərini pula satırdılar”.
Vətəndaşın öz məmləkətinə biganələşdiyi dövrlərdə korrupsiya və mənəvi aşınma ölkəni bəd şiş metastazı kimi bürüyür. Roma sərkərdələri və siyasətçilərini satın almaq hətta xarici düşmənlər üçün də problem deyildi. Elə bu da Numidiya çarı Yuqurtaya söyləməyə əsas vermişdi: “Roma – satılan şəhərdir və kim almaq istəsə, ona qismət olacaq”.
Yaxud, Misir çarı Ptolemey Avlet taxt-taca iddiasının tanınması üçün Sezara və Pompeyə 6 min talant, taxta çıxmaq üçün isə Suriya canişini Avl Qobiniyə 10 min talant rüşvət vermişdi.
Məhkəmələr də korrupsiya bataqlığında çabalayırdı. Kumanetski e.ə. 74-cü ildə baş verən və romalıların yaddaşından uzun müddət silinməyən bir qalmaqaldan bəhs edir: hakimlərdən biri digər hakimlərə paylamaq üçün həm şikayətçidən, həm də müttəhimdən rüşvət almışdı.
Açıq siyasi polemikada romalılar heç bir əxlaqi baryerin və mənəvi məhdudiyyətin qarşısında dayanmırdılar, rəqiblərini ağlagəlməz cinayət və pozğunluqlarda suçlayırdılar. Günahsız adamın ölümə məhkum edilməsi artıq nadir hadisə deyildi. Məhkəmələr siyasi opponentlərin məhvi üçün alətə çevrilmişdi (Məşhur misal: Katilinanın prosesi və Siseronun “katilinarlar”ı).
Siyasi mübarizə yalnız nitq, broşür və pamfletlərlə yox, həm də məhkəmə ittihamnamələri ilə aparılırdı. O dövrün çoxlu sayda siyasi prosesləri qeyri-siyasi ittihamlar üzərində qurulurdu (Bu gün bizdə olduğu kimi). Məsələn: e.ə. 62-ci ildə şair Avl Lisini qanunsuz yolla Roma vətəndaşlığı əldə etməkdə müqəssir bilinirdi (O, Suriyadan, Antioxiya şəhərindən idi). Əslində isə onun günahı Lukull ailəsinə yaxınlığındaydı, ittiham tərəfində isə Pompey (Lukullun düşməni) dayanırdı. Beləliklə, siyasi hesablaşmalar qeyri-siyasi ittihamlarla aparılırdı.
Yaxud, kiməsə qarşı çıxıb onun məhkumluğuna nail olmaq (indiki jarqonla “işverənlik”) uğurlu siyasi karyera qurmağın ilk pilləsi sayılırdı. Yuli Sezarın yüksəlişi də Sullanın tərəfdarlarını fırıldaqçılıqda suçlayaraq məhkəməyə cəlb etməsindən başlamışdı. Və ya Siseronun karyerası (Yenə də Katilinanın işi, yaxud Verresin prosesi).
Kazimej Kumanetski yazır: “Respublikanın son 50 illik dövrü sələmçi kapitalın, maliyyəçi və bankirlərin gur artım zamanı idi. Sələmçiliklə senatorlar da məşğul olurdu, baxmayaraq ki, bu, qanunla qadağan idi”. Qanunu ötüb keçmək üçün onlar əyalətlərdə vasitəçilərin adından istifadə edirdilər.
Uğurlu maliyyə əməliyyatları və əyalətlərin qarəti hesabına Romada nəhəng var-dövlət sahibləri formalaşır. Romalıların əvvəlki nəsilləri Pompeyin, yaxud Lukullun sahib olduğu varidatı xəyallarına da gətirə bilməzdilər.
Eyni reallığı bu günün Azərbaycanında görürük. Bank sisteminin hər-şeyə-qadirliyi, kreditlər, iri bizneslə məşğul olan iri dövlət çinovnikləri, sərvət bölgüsündə ifrat təbəqələşmə, qanunun siyasi və maliyyə rəqiblərini sıradan çıxarmaq alətinə çevrildilməsi və məşhur “aksipere” termini…
Kazimej Kumanetski Respublikanın süqutu ərəfəsində sələmçilərin davranışına dair çoxsaylı misallar çəkir. Məsələn: hətta prinsipiallığı ilə qürrələnən Brut (Yuli Sezarın qatillərindən biri) Kiprdəki Salamin şəhərinə yüksək sələm faizi (48 faiz) ilə iri məbləğ borcluydu. Borc əməliyyatında vasitəçi Skapti adlı birisiydi.
Borcun müqabilində Brut onu Kiprin prefekti təyin etdirir və bundan sonra Skapti hücum çəkərək Salamin şəhər şurasının binasını mühasirəyə alaraq şura üzvlərini ac saxlamaqla şəhəri ona çatacaq məbləği ödəməyə məcbur edir. Bu mühasirədə 5 şura üzvü aclıqdan ölür. Roma maliyyəçilərinin tətbiq etdiyi metodlar bu cür idi…
Siseron yazırdı: “Bütün əyalətlər göz yaşı tökür, bütün xalqlar bizim hərislik və özbaşınalığımızdan şikayətçidir… Roma silah və işğalçılarla müharibədən yox, şikayət, göz yaşları və ah-nalədən qorxmalıdır”.
Böyük sərvətlər az vaxtda qazanılırdı, ancaq bu sürətlə varlanma dövrü həm də kütləvi borcluluq dövrü idi. Aşağılar da, yuxarılar da imkanlarına uyğun yaşamırdı. Heç də imkansız adam olmayan Siseron məktublarında daim maliyyə problemlərindən şikayətlənirdi. Çünki, onun görkəmli siyasi xadim imici bacardıqca çox xərcləmək və çox şey almağı diqtə edirdi. Məsələn, bir neçə malikanəsi olmasına baxmayaraq, başqaları ilə ayaqlaşmaq üçün o, borc alıb Palatində Krassın mülkünü də almışdı.
Borclu Siseron istisna deyildi. Yuli Sezar da son illərində 10 milyonlarla sestersi borcun içindəydi. Kimə borclu olmaq həm də siyasi yönümü formalaşdırırdı. Sullaya borclu qalan Siseron məhkəmələrdə onun zorakılıq haqda qanunlarını müdafiə edirdi.
Siyasi həyatdakı eybəcərliklərə ailə institutunda baş verən böhran da sirayət edirdi. İlk növbədə yuxarı təbəqələrdə ailə öz patriarxal xarakterini itirirdi. Qadınlar ərlərinin siyasi qərarlarına qarışır, mülkiyyətlərini özləri idarə edirdilər (Siseronun Terensiyası kimi). Yaxud, Katilinanın qiyamında qadınların rolu böyük idi.
Həmin dövrün (e.ə. 1-ci əsr) nikahları arasında siyasi məqsədlə bağlanan nikahların payı çoxdu. Bu isə uğursuz nikahların artması deməkdi.
Kazimej Kumanetski konkret misallar çəkir: Əzəli düşmənlər Sezarla Pompey qısamüddətli müttəfiqə çevriləndə Sezar tərəddüd etmədən öz qızı Yuliyanı ona ərə verir. Həmin vaxt Yuliya artıq Kvint Sepionun nişanlısıydı və Sepiona kompensasiya kimi Pompeyin qızını verirlər (halbuki o da başqasının nişanlısıydı).
Bu cür nikahlar siyasi və iqtisadi kapitalların qorunması və artırılmasına xidmət edirdi. Yollar ayrılanda nikahlara da son qoyulurdu.
Ailə institutu stabilliyini itirdikcə, fahişəlik “çiçəklənir” və ölçüyəgəlməz miqyas alırdı. Roma pretorları və konsulları xalq arasına öz məşuqələri ilə çıxmaqdan çəkinmirdilər.
O dövrün daha bir xüsusiyyəti bəzi qullara sərbəstlik verilməsi idi. Spartak üsyanından sonra bu addımı atan sahibkarlar bu yolla keçmiş qulları öz müştərilərinə çevirir, onlar keçmiş sahiblərinə daha çox mənfəət qazandırır, bəzən isə imtiyazlı şəxslərə çevrilirdilər. Məsələn: Sulla dövründə keçmiş qul Xrisoqon böyük nüfuz sahibi idi. Sulla ona inanır və onun özbaşınalıqlarını təqdir edirdi. Xrisoqonu görəndə senatorları titrətmə tuturdu və Siseron onu dövlətin ən nüfuzlu şəxslərindən biri adlandırırdı (Oxşar misalları bu günün Azərbaycanında da tapa bilərsiz).
“Xrisoqon effekti” bütün hökmdarların yararlandığı taktikadır. Səlahiyyətlərə bələnən kölə həmişə amansızlıqda başqalarından uzağa gedir.
Və nəhayət, Respublikanın süqutu ərəfəsi fərdlərin təhlükəsizlik hüquqlarını və dövlətə olan ümidlərini itirdikləri dövrdür. Bu isə onları müxtəlif fırıldaqçıların, kultların, okkultizm və astrologiyanın ağuşuna atır. Təkcə aşağılar yox, həm də yuxarılar şarlatanlara pənah aparır.
Sadalanan xüsusiyyətləri çəkib bu günümüzə gətirin, indimizlə analogiyalar tapın. Hansı koordinatlarda olduğumuzu da o vaxt təyin edə biləcəksiz…