İcarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edib və vergilərdən azad olunublar
Yanvarın 28-də saat 10-11 radələrində Sumqayıtda Karvan ticarət mərkəzində sahibkarlar aksiya keçirib. Bu barədə Meydan TV-yə yerli sahibkarlar məlumat verib. Onlar yer haqlarının endirilməsini tələb ediblər. Bildirilir ki, aylıq yer haqqı 500-1000 manat civarındadır. Sahibkarlar 2013-cü ilin 19 oktyabrında mərkəzin yanması nəticəsində küllü miqdarda borca düşdüşklərini və yer haqqının da çox olduğunu söyləyiblər.
Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, ticarət departamentinin məsul şəxsləri gəlib. Onlar “Karvan” Ticarət Mərkəzinin direktoru, YAP-ın yerli təşkilatının Ağsaqqallar Şurasının sədri Ağamirzə Əhədovla görüşüb sahibkarlarla razılığa gəlməsini istəyiblər. Birinci cəhd alınmayıb, mərkəz direktoru çevik polis alayının çağrılmasını tələb edib. Amma icra hakimiyyətinin müdaxiləsi nəticəsində Ağamirzə Əhədov aksiyaçılara güzəştə gedib. Məlumata görə, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edib və vergilərdən azad olunublar.