Sakinlər: “Marşrut xətlərini qısaldıb, sərnişinləri iki-üç dəfə xərcə salırlar”
“Elə marşrut xətləri var ki, qısaldıb 3-4 dayanacaqlıq ediblər. Adamlar yolun yarısında gərək daha bir, ya iki avtobus dəyişsin. Təsəvvür edin ki, bəzən Sumqayıt kimi kiçik bir şəhərdə hansısa yeni yaşayış massivindən mərkəzə gələnədək üç avtobus dəyişməli olursan. İki ay əvvəl bizim də avtobusun yolunu qısaltdılar. Nəticədə böyüklər işə, uşaqlar məktəbə vaxtında çata bilmir. Əvvəllki avtobus bazara kimi gedirdi, indi gərək avtovağzaldan düşüb 3-5 kilometrlik yolu ya piyada gedəsən, ya da başqa avtobusa minəsən”.
Sumqayıt sakinləri Meydan TV-yə nəqliyyat problemlərindən danışırlar. Onların deməsinə görə, iki aya yaxındır ki, yerli icra hakimiyyəti 22 saylı marşrut xəttini qısaltmaqla sərnişinlərin işini xeyli çətinləşdirib. İndi sərnişinlər eyni məsafəni getmək üçün iki, ya da üç avtobus dəyişməli olurlar. Bu isə həm vaxt, həm də pul itkisidir.
Adamlar dayanacaqlarda ilişib qalır
76-cı məhəllədə yaşayan sakin Vüqar Şahbazov gileylənir:
“Uzun illərdir ki, 22 saylı xətt üzrə hərəkət edən avtobuslardan istifadə edirik. Xətt üzrə 6-7 avtobus var idi, 8-9 dəqiqəlik intervalla işləyirdilər, bizə sərf eləyirdi. O avtobuslar Sumqayıtın mərkəzindən Sumqayıtçay yaşayış massivinə, yeni yaşayış yerlərinə, 76-cı məhəlləyə işləyir. Hansı ki, o məhəllələrə başqa marşrut xətti yoxdur. İndi avtobusun yolunu qısaldıblar. Sumqayıt stansiyasından gələn avtobuslar dolu olur, çox vaxt saxlamır. Sərnişinlər dayanacaqlarda ilişib qalır. Əsasən də məktəblilər çox əziyyət çəkir”.
Məktəblilərin yolpulu və əziyyəti artıb
İcra hakimiyyəti 22 saylı marşrut xəttinin hərəkəti istiqamətində ikincisini – 12 saylı xətti açıb. İndi sərnişinlər 22-dən düşüb yolun gerisini 12 ilə getmək məcburiyyətində qalıb.
“Adamlar qəpiyi-qəpiyə calayıb çörək alır, bu valideyn indi gərək uşağa 60 qəpik yox, hər gün 1 manat 20 qəpik yolpulu versin ki, uşaq məktəbə tərəf iki, geri qayıdanda da iki avtobus dəyişsin. Pulu olmayan məktəbli ağır çanta kürəyində, azı 3 kilometr yolu avtovağzaldan məktəbəcən piyada getməli, dərsdən sonra da yorğun halda o yolu piyada geri qayıdıb 22-yə minməlidir”.
Marşrut xəttini qısaldansa Sumqayıt Şəhər icra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Sumqayıt Nəqliyyat” MMC-dir. Bu MMC yaranandan həm Sumqayıt, həm də Saray qəsəbəsinin sakinlərinin narazılıqları artıb. Bu narazılıqlar əsasən, köhnə marşrut xətlərinin bağlanması, onların yerinə açılan yenilərinin isə sakinlər üçün “pul tələsi” olmasındandır. Məsələn, Sumqayıt sakini Şahin Səfərov hesab edir ki, marşrut xətlərində islahat adıyla edilən dəyişikliklərdə vətəndaşların rahatlığını yox, qazanc məqsədi güdülür.
İslahat adıyla pul qazanırlar
“Araşdırsaq, görərik ki, islahat bəhanəsilə vətəndaşların işini birə-beş çətinləşdirən o MMC-nin arxasındakılar da elə icra hakimiyyətinin rəhbərliyidir. Pulu bu ciblərindən götürüb o biri ciblərinə qoyurlar. Baxırsan ki, apardıqları bütün islahatlar sadə vətəndaşın işini çətinə salmaq üçündür. 147 manat əlillik pensiyası alıram, dövlət də sağ olsun, illərdir ki, bizi olan-qalan imtiyazlardan məhrum edib. Sumqayıt kimi kiçik yerdə şəhərin bu başından o başına gündəlik müalicəyə gedib-gəlməyə 2 manat pul xərcləyirəm,” – Şahin Səfərov deyir.
22 saylı marşrut xəttinin əvvəlki qaydalarla hərəkət etməsi üçün sakinlər toplaşaraq iki dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gediblər. Ötən həftə onları icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qəbul edib. Sakin sözünə davam edir:
“Əlaqə nömrələrimizi bir-bir yazdı, dedi, mən bu məsələni araşdırıb, ən qısa vaxtda sizə məlumat verəcəm. Biz də getdik, gözlədik, bir xəbər çıxmadı. Ona görə də məcburuq ki, daha geniş şəkildə icra hakimiyyətinin qarşısına toplaşaq, etirazımızı bildirək, nəqliyyatdakı dırnaqarası islahatlara son qoyulmasını tələb edək, avtobusumuzu tələb edək…”
Qurum: “Məqsəd yollardakı sıxlığı azaltmaqdı”
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 22 saylı marşrut xətti üzrə avtobusların hərəkətindəki qısaltmalar eyni istiqamətdə başqa marşrut xətlərinin də mövcudluğu ilə əlaqədardır. Bununla MMC şəhərdaxili yollardakı sıxlığı aradan qaldırmağa çalışır.
“Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyət 2 ildən çoxdur ki, Nazirlər Kabinetinin qərarıyla yaradılıb. Sumqayıt şəhər icra hakimiyyəti başçısının tabeliyindədir. MMC ilə ilk qarşıdurma Sumqayıtdakı Qarabağ əlilləriylə yaranmışdı. 2 il əvvəl MMC əlillərin işlədiyi marşrut xətlərini bağlamış, avtobusların hərəkətini qadağan etmişdi.