Sülhməramlıların təminat avtomobilinin Xankəndinə buraxıldığı bildirilir

Laçın dəhlizi.

Arutyunyan hərbi vəziyyət elan edib, Katalikos şeyxə səslənib

Dekabrın 14-də Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.

Bu barədə “Telegram“ kanallarında video-məlumat yayılıb.

Günün birinci yarısında tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Arayik Arutyunyan bölgədə hərbi vəziyyət elan edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

A.Arutunyanın imzaladığı sərəncamda dövlət və yerli özünüidarəetmə orqanları, müdafiə, dövlət və təsərrüfat üçün xüsusi əhəmiyyət kəsb edən obyektlərin hərbi vəziyyət iş rejiminə keçirilməsi göstərilir:

“Zəruri hallarda Artsax Respublikasının ərazisində sərbəst hərəkət etmək hüququ məhdudlaşdırılır. Həmçinin sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır, tətilləri və təşkilatların fəaliyyəti dayandırılır”.

Yeri gəlmişkən, Arutyunyan II Qarabağ müharibəsi dövründə hərbi vəziyyət elan etsə də, indiyə qədər həmin qərar ləğv olunmayıb.

Vardanyan Operativ Qərargahın rəhbəri oldu

Bundan əlavə, dövlət naziri Ruben Vardanyan Operativ Qərargahın rəhbəri təyin edilib.

Ermənistan parlametinin sədri Alen Simonyan isə Rusiya sülhməramlılarının mandatının uzadılmasının vacibliyini qeyd edib.

“Ancaq ola bilsin ki, biz Artsaxda nəzarətin təkcə Rusiya sülhməramlıları tərəfindən deyil, digər beynəlxalq formatlar vasitəsilə həyata keçirilməsi variantını nəzərdən keçirməliyik”, – deyə Simonyan vurğulayıb.

Spikerin sözlərinə görə, Rusiya məqsədyönlü bəyanatla çıxış etməyə hazırlaşır:

“Erməni xalqı bunu çoxdan gözləyirdi, ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməyəcək”.

Katalikos şeyxə müraciət edib

Bu gün bütün ermənilərin katalikosu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edib.

O, Qarabağın Ermənistanla birləşdirən yolun bağlanmasını saxta ekoloji bəhanə hesab edərək deyib ki, bunun nəticəsində “Artsax xalqı”nın həyati hüquqları təhdid edilib:

Mənbə: aysor.am

“Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni də humanitar çağırışına sadiq qalaraq, Azərbaycanın təxribat xarakterli hərəkətlərini dayandırmaq üçün real və əsaslı addımlar atmağa çağırırıq”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə Ermənistan tərəfinin, o cümlədən, ABŞ və Fransanın bugünkü açıqlamalarına cavab verib.

A.Hacızadə deyib ki, bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına daim maneçilik törədən Ermənistandan fərqli olaraq, Azərbaycan öhdəliklərinə uyğun olaraq son iki ildə Laçın yolunu yenidən qurub və yolun məhz humanitar məqsədlər üçün istifadəsinə geniş şərait yaradıb:

“Ümumiyyətlə, sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir”.

Foto: XİN

A.Hacızadə hesab edir ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər.

“Bölgədə humanitar vəziyyətə gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”,-deyə Hacızadə fikrini tamamlayıb.

Dekabrın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda ölkə ərazilərində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə Laçın yolunun azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingentin bağlandığını bildirmişdi.

“Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır, onlar mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkətinə qarışmırlar “, – Hacıyev belə deyib.

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər. Həmin əraziyə yaxın yerlərdə, məsələn, Horadiz qəsəbəsində (Füzuli rayonu) isə yerli hökumət nümayəndələrinin aksiyalara daha çox insanın qoşulması üçün səfərbər olunduğu bildirilir.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Ana səhifəSiyasətSülhməramlıların təminat avtomobilinin Xankəndinə buraxıldığı bildirilir