Sülhəddin Əkbər: “Hakimiyyətin müxalifətlə dialoq təşəbbüsünə müsbət yanaşıram”

“Biz bu gün hakimiyyətlə dialoqdan danışırıq, amma müxalifətin dialoqundan heç kim söhbət etmir”

Source:


“Biz bu gün hakimiyyətlə dialoqdan danışırıq, amma müxalifətin dialoqundan heç kim söhbət etmir”

 Mövcud siyasi mənzərə durğun görünsə də, gündəmi siyasi motivli məhkəmələr, aparıcı Qərb dövlətlərinin rəsmilərinin Bakı səfərləri, iqtidar-müxalifət görüşü “zəbt edib”. Bu mənada siyasi həyatın rəngarəngliyi sualların sayın artırır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə söhbətimizdə mövcud sualları cavablandırmağa çalışdıq.



Sülhəddin bəy, iqtidar-müxalifət görüşü müxtəlif ehtimallar əsasında şərh edilir. Bəziləri neftin qiyməti, digərləri geopolitik durumu əsas götürürlər. Sizin baxışınız necədir?

– 2003-cü ildən bu günə qədər hakimiyyət müxalifətlə görüşmək niyyətində olduğunu, dialoqa başlamaq haqqında istəyini göstərir. Bu dialoq niyyəti də dövlət başçısı tərəfindən Almaniyada kansler Merkellə görüşdən sonra dolayısı ilə səsləndirildi. İlham Əliyev bildirdi ki, əgər siyasi islahatlar aparılmazsa, iqtisadi islahatların bir anlamı olmaz. Yəni iqtisadi islahatlar siyasi islahatlarla möhkəmləndirilməlidir. Bunun bir neçə səbəbi var: Birincisi, Azərbaycan öz daxilində avtoritarizmlə bütün potensialını tükədib. Sərt avtorizmin yaranması, 2010-cu ildən faktiki olaraq birpartiyalı sistemə keçid problemlərin həll olunmadığını göstərdi. Bir sözlə, problemlər müxalifətin sıradan çıxarılması ilə həll edilmir. Belə olanda da, ciddi problemlər üzə çıxır. Məsələn, müxalifət sıradan çıxarıldı, ardınca terror təhlükəsi, təhdid artdı, İŞİD Azərbaycanı hədələməyə başladı, yaxud daxili dini qruplar fəallıq göstərdi. Bizim illərdir söylədiklərimiz siyasi meydanda görünməyə başladı. Hakimiyyət bunu öz təcrübəsində gördü. İkinci səbəb dünyada geopolitik qarşıdurmanın kəskinləşməsi və bu prosesin GUAM-dan keçməsidir. Azərbaycan da bu qarşıdurma xətti üzərində yerləşir.



Siz Ukrayna hadisələrini nəzərdə tutursunuz?

– Bəli, Krımın işğalı, Donbasda sabitliyin pozulması və Ukraynaya hərbi təcavüz, separatçıların dəstəklənməsi. Bu konfliktik geopolitik qarşıdurmanın məhsuludur, bir təfəfdən Putin Rusiyasının Avrasiya İttifaqı birlik layihəsi, başqa tərəfdən, Avropa Birliyinin GUAM ölkələri ilə assosiativ saziş imzalamaq istəyi. Əslində, plan Şərq Tərəfdaşlığı ölkələrinin hamısı ilə sazişi imzalamaqdan ibarət idi. Amma GUAM-ın 4 ölkəsindən üçü sazişi imzaladı, Belarus yaxın getmədi, Azərbaycan layihəyə qoşulmaq istəmədiyini bildirdi, Ermənistan sonda fikrini dəyişdi. Ukrayna isə fikrini dəyişməzdən əvvəl siyasi, sonra isə hərbi böhran yarandı. Bunlardan törəmə üçüncü səbəb konflikt zonasında, Azərbaycan-Ermənistan münaqişə xəttində atəşkəsin pozulma intensivliyi nəticəsində itkilərin artmasıdır. Yəni konflikt zonasında riskin yüksəlməsidir. Təkcə ötən il 60 canlı itki olub, bu ilin yanvarında isə 12 ölü, 18 yaralı faktı qeydə alınıb. Bütün bunlar konfliktin istənilən vaxt alovlanma təhlükəsini artırır. Ona görə hakimiyət ölkə daxlində ictimai-siyasi sabitliyi saxlamaq üçün əlavə tədbirlər görməyə məcbur olub. Dördüncü səbəb enerji bazarı uğrunda kəskinləşən mübarizədə Azərbaycanın da Rusiya ilə maraqlarının toqquşmasıdır. Başqa bir ciddi səbəb dünya bazarında neftin qiymətinin düşməsidir. Büdcəsinin 90 faizə yaxınının neft gəlirlərindən formalaşan Azərbaycanda büdcə gəlirlərinin kəskin azalması və bunun yaratdığı mənfi nəticələrdir. Artıq investisiya layihələri durdurulur, komitələr ləğv olunur və işsizlik yaranır. Nəhayət, manatla bağlı yaranan son durum inflyasiyanın olacağını göstərir. Həm şimal qonşumuz Rusiayadakı durum, bir tərəfdən neftin qiymətinin düşməsi, sanksiyalar, müharibəyə əlavə xərclər sosial-iqtisadi vəziyyəti kəkinləşdirir. Bu da ora qazanc arxasınca gedənlərin durumunu ağırlaşdırır və onların vətənə göndərdikləri maliyyəni azaltmaqla bərabər, bazarda iştirak paylarını da azaldır. Sadaladığım amillər ölkədə sosial-iqtisadi durumun kəskinləşməsi ilə nəticələnəcək. Öncə maliyyə, daha sonra sosial-iqtisadi ağırlıq və nəhayət, sosial-siyasi nəticələri olacaq. Biz həm də ölkənin bu il böyük tədbirlərə hazırlaşmasını da unutmayaq, Azərbaycan Şərq Tərəfdaşlığı Sammitinə hazırlaşır, Bakı Brüssellə Strateji Modernləşdirmə Sazişini imzalamaq istəyir. İkincisi, Avropa Olimpiya Oyunlarına hazırlıq gedir, hər iki tədbir ardı-ardıya keçiriləcək. Üçüncü tədbir isə parlament seçkiləridir. Gördüyünüz kimi, hakimiyyətin daxildə sabitliyi qorumaq üçün əlavə tədbirlər görməyə, müxalifətlə dialoqa getməyə çox ciddi əsasları və səbəbləri var.



Demək istəyirsiniz ki, iqtidarın budəfəki təşəbbüsü imitasiya deyil?

– Təbii ki, hakimiyyət heç vaxt səbəbsiz yuxarıdan aşağı islahatlar aparmayacaq. Çünki hər hansı islahat, ilk növbədə, maliyyə-iqtisadi maraqlara ciddi zərbə olacaq. Ona görə hakimiyyət könüllü yox, məcburdur. Hakimiyyət mümkün olduğu qədər vaxt qazanmağa çalışacaq, ciddi güzəştlərə getmək istəməyəcək, bu, artıq müxalifətin verəcəyi qərarlardan asılıdır. Hesab edirəm ki, indiki zamanda çox düzgün qərarlar verilməli və doğru hədəflər seçilməlidir. Həm hakimiyyətdən, həm müxalifətdən indiki məsuliyyətli dövrdə rasional və adekvat qərarların verilməsi tələb olunur. Müxalifətin əssas vəzifəsi cəmiyyəti yenidən demokratik dəyişikliyə inandıra bilməsidir.



Bəlkə fikrinizi konkretləşdirəsiniz, müxalifət hansı qərarlar verməlidir?

– Məncə, indiki durumda orta sinfin və biznes dairələrinin münasibətindən çox şey asılıdır. Əgər siyasi qüvvələrlə biznes dairələri “dil” tapa biləcəklərsə, Azərbaycanda demokratik dəyişikliklər qaçılmaz olacaq. Çünki bu halda cəmiyyət də ciddi mesajı qəbul edib, prosesə dəstək verəcək.



Orta sinif yoxdur, biznes dairələri oliqarx məmurların nəzarətindədirsə, dediyiniz “dil tapmaq” necə mümkün ola bilər?

– Zəif də olsa, orta sinif var.  İkincisi, biznes dairələri yalnız oliqarx məmurlardan ibarət deyil. Üçüncüsü, oliqarx məmurlar prosesə açıq da olmasa, gizli dəstək verə bilərlər. Yəni sadaladığım amilləri unutmamaq lazımdır.



Parçalanmış müxalifət necə rasional qərarlar qəbul edə bilər?

– Çox təəssüf ki, belədir. Birinci siyasi məqsəd düzgün müəyyən olunmalıdır. Onun əsasında rasional, adekvat strategiya qurmaq mümkün olsun. Məncə, siyasi hədəf maksimalist olmamalıdır, çünki son tarix göstərir ki, müxalifət qüvvə və vəsaitini hesablamadan çox maksimalist hədəflər qoyur. Bu hədəflərə də çata bilməyəndə cəmiyyətdə böyük xəyal qırıqlığı yaranır, ardınca da dərin depressiya və inamsızlıq. Ona görə də optimal hədəflər qoyulmalı və bunlar məhdud resurslarda birləşdirilib, səmərəli istifadə olunmalıdır. Əgər siyasi məqsəd şəraitə uyğun optimal, rasional olmazsa, məhdud resurslarla da hər hansı nəticəyə nail olmaq münkün deyil. Hesab edirəm ki, müxalifət bütün ziddiyyətlərə baxmayaraq, bir araya gəlməlidir. Birincisi, müxalifətin bir araya gəlib ölkədə, regionda vəziyyəti qiymətləndirilməsi lazımdır. Bundan sonra yaranmış vəziyyətə ortaq baxış formalaşmalıdır. Ortaq baxış formalaşmadan ortaq siyasi mövqedə işləmək mümkün deyil.



Müxalifətin bir qismi iqtidarla görüşə gedir, qalan qismi isə yox. Belə olanda dedikləriniz reallıqdan uzaq deyilmi?

– Qətiyyən elə deyil. Dediklərim yaranmış siyasi vəziyyətə bir baxışdır. Mən “nədən başlamalı” sualını özümə də verirəm və kifayət qədər təcrübəsi olan şəxs kimi də birinci bir araya gəlməyimizi vacib sayıram. Biz bu gün hakimiyyətlə dialoqdan danışırıq, amma müxalifətin dialoqundan heç kim söhbət etmir. Hansı ki, Azərbaycanda birinci növbədə müxalifətdaxili dialoqa ehtiyac var. Əgər daxili dialoq yaranmazsa, biz günlərlə ölkədə, regionda və dünyadakı prosesləri dartışmasaq, qiymətləndirib ortaq baxış formalaşdırmasaq, nə siyasi hədəfi müəyyən edə biləcəyik, nə də rasional strategiya işləyəcəyik. Bunlar olmasa, atılan addımlar da spontan xarakter daşıyacaq, sistemsiz olduğundan heç bir nəticə də verməyəcək. Xüsusən də müxalifətin zəif və dağınıq durumda olduğunu, xalqın demokratiyaya inamının zəif olduğunu nəzərə alsaq.



Bəs sizin partiya iqtidar-müxalifət görüşünə qatılmayıb?

– Mən müəyyən qüsurları olsa da, hakimiyyətin müxalifətlə dialoq təşəbbüsünə müsbət yanaşıram. Sadəcə, partiyamız qeydiyyatdan keçmədyinə görə dəvət göndərilməyib. Hər iki görüşdə dəvət məsələmiz qaldırılıb, hətta ikinci görüşdə hakimiyyət rəsmisi bildirib ki, Azad Demokratlar Partiyasının dəvət olunub-olunmaması iki gün müzakirə edilib.



ABŞ rəsmisi Viktoriya Nuland prezidentlə görüşdən sonra keçirdiyi mətbuat konfransında hakimiyyətlə demokratiya və insan haqları çərçivəsində dialoqun yaranacağını bildirdi. Ancaq Nulandın ölkəni tərk etməsi ilə hüquq müdafiəçisi Leyla Yunusun həbs müddəti 5 ay uzadıldı. Tanınmış hüquqşünas İntiqam Əliyev zaminə buraxılmadı. Bu tərəfdən yanaşdıqda, dialoqun bir səmərəsi olacağını düşünmək olarmı?

– 2003-cü ildən ölkədə demokratiya və insan haqları sahəsində vəziyyət ağırlaşıb. Bütün beynəlxalq təşkilatlar ölkəni azad olmayan ölkələr sırasına daxil edirlər. 2003-cü ilə qədər Azəraycan qismən də olsa, azad ölkə hesab olunurdu. Keçən ildən, xüsusən Ukrayna hadisələrindən sonra Aərbaycanda demokratiya və insan haqları sahəsində vəziyyət pisləşdi. Ukraynadakı hadisələr postsovet məkanındakı avtoritar rejimləri qorxuzdu. Hətta rəsmi qəzetlər ABŞ-ın Azəraycanda “məxməri inqilab” istəyindən yazırdı. Bu, hakimiyyətin Ukraynadakı hadisələrə daxili siyasi reaksiyası idi. Əgər xarici tərəfdaşlar demokratik islahatın olmasını istəyirsə, heç olmasa, yarımçıq da olsa, addımlar atılsın, onun üçün hakimiyyətin beynəlxalq amil qarşısında qorxuları azalsın. Xanım Nulandın açıqlamaları da bu istiqamətdəydi.

Ana səhifəXəbərlərSülhəddin Əkbər: “Hakimiyyətin müxalifətlə dialoq təşəbbüsünə müsbət yanaşıram”